Noyabrın 1-də Azərbaycanda parlament seçkiləridir. Artıq bir sıra partiya və qurumlar seçkilərdə iştirakla bağlı qərarını açıqlayıb. Yarandığı gündən iqtidara qarşı hər zaman sərt mövqeyi ilə seçilən “NİDA” vətəndaş hərəkatı da seçkilərdə 4 namizədi ilə iştirak edəcəyi deyilir.
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı müsahibəsində deyib ki, bu hərəkatın seçkilərədə qələbə qazanması real görünmür:
“Azərbaycan demokratik və hüquqi dəyərlərlə idarə olunan ölkə olaraq, burada hər kəsin deputatlığa namizədliyini irəli sürmək kimi konstitsion hüququ var. Burada müzakirə olunacaq məsələ “NİDA”çı gənclərin seçkilərində iştirakının nə dərəcədə uğurlu və effektiv olacağı ilə bağlıdır. Təbii ki, onların seçkilərdə uğur qazanma şansları sıfırdır. Çünki bu seçkilərdə onlar yalnız fərd olaraq deyil, həm də düşüncə tərzləri, hadisələrə yanaşmaları, ideologiyaları baxımından uduzacaqlar. Artıq Azərbaycan cəmiyyətində, siyasətində radikalizmə, qarşıdurmaya yer yoxdur və siyasət çoxdan iflas edib. Azərbaycanda müxalifətlə iqtidar arasında dialoq mühiti qurulub və onlar bir-birini narahat edən məsələlərlə bağlı qarşılıqlı müzakirələr aparıb qərarlar verə bilir. Lakin, “NİDA” və bu qəbildən olan təşkilatları təmsil edən şəxslərin ideologiyası və mübarizə metodları onların seçkilərdə xalq tərəfindən etimad qazanmasını mümkünsüz edir”.
Fərid Şahbazlı Azərbaycan cəmiyyətinin ölkədə həmrəyliyin, konstruktiv mübarizənin tərəfdarı olduğunu deyir:
“Bu düşüncədən çıxış edən iqtidar və müxalifət namizədləri parlament seçkilərində uğur qazana bilər. Bu baxımdam hesab edirəm ki, “NİDA”çı gənclərin seçkilərdə iştirakının ictimaiyyətə belə səs-küylü təqdim edilməsinə dəyməz və bunda məntiq yoxdur. Onların seçkilərdə iştirak edib-etməməsində də elə bir fərq görmürəm. Bunu bir həvəskar addım kimi qiymətləndirirəm”(femida).