“Praktika göstərir ki, bir çox halda ər tərəf özünün birgə evlilik dövründə əldə etdiyi gəlir hesabına aldığı əmlakı həyat yoldaşına pay düşməsin deyə öz adına deyil, valideynlərinin adına rəsmiləşdirir”
Bu fikirləri evlənmədən öncə nikah müqaviləsi bağlamanın vacibliyindən danışan hüquqşünas Babək Həmidov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, gələcəkdə baş vercək neqativ halalrın qarşısına keçmək üçün nikah müqaviləsi bağlamaq vacibdir:
“Rəsmi nikaha daxil olan şəxslər Ailə Məcəlləsi və Mülki Məcəllənin onlara verdiyi müqavilə azadlığından, ər və arvadın əmlakının idarəsində birgə iştirak hüququndan faydalanaraq nikah müqaviləsi bağlaya bilərlər. Fərdlər nikaha daxil olarkən evlilik dövründə əmlakın əldə edilməsi, həmin əmlakın kimin mülkiyyətində və idarəçiliyində olması ilə bağlı bağlanan müqavilədə əmlak əldə edilməzdən əvvəl ər və arvadın bir-birinə verəcək payını müəyyən edə bilərlər. O cümlədən, müqavilədən istifadə edərək nikah pozulan zaman həmin əmlaklarda kimin hansı qaydada payının müəyyən edilməsini, müqavilə üzrə öhdəliklər əsas götürülərək razılaşma üzrə əmlak payının verilə bilməsində razılığa gələ bilərlər.
Əgər bir şəxsin aylıq, yaxud illik gəliri külli miqdardadırsa, fərd nikaha daxil olarkən aylıq və illik gəlirlərinin sadəcə özünə məxsus olmasını, birgə mülkiyyət hesab olunmamasını şərt qoya bilər. Qarşı tərəf də həmin müqavilədə hər iki tərəfin qazancının adekvat qaydada mülkiyyət hesab olunmasını qeyd edə bilər. Belə olduğu halda, tərəflər artıq bir-birinin evlilik müddətində əldə edilmiş əmlakdan müəyyən şərtlərlə məhrum etmiş sayılır.
Bir çox boşanma halında tərəflər, xüsusilə qadınlar və uşaqlar yaşayış yerindən məhrum qala biləcəyinə görə nikah müqaviləsi bağlamaq çox vacibdir. Praktika göstərir ki, bir çox halda ər tərəf özünün birgə evlilik dövründə əldə etdiyi gəlir hesabına aldığı əmlakı həyat yoldaşına pay düşməsin deyə öz adına deyil, valideynlərinin adına rəsmiləşdirir. Belə olan təqdirdə, hüquq bu məsələni həll edə bilmir və boşanma baş verərsə, qadın və uşağın yaşayış yeri ilə təmin olunmasında çox ciddi problemlər yaranır”.
İsmayıl Bakuvi