“Anam rəhmətə gedəndən sonra xalamın himayəsində qaldım. 18 yaşımda təsadüfən tanış olduğum bir oğlana qoşulub qaçdım. Şəhərdə birotaqlı ev kirayələyib yaşadıq. Artıq hamiləydim, ərimə deyəndə ki, uşaq doğulmamış nikah kəsdirək, həmin gündən günümü göy əskiyə bükdü; hər gün evdə dava salır, məni döyürdü. Deyirdi, mənə uşaq lazım deyil. Sən demə, kənddə arvadı, uşağı varmış. Amma özünü mənə subay oğlan kimi təqdim etmişdi. Bütün bunlardan qızım dünyaya gələndən sonra xəbər tutdum. Təkid edəndə ki, nikah kəsdirək, mətbəx bıçağı ilə üstümə yeridi, “ arvadım-uşağım var, məni axtarsan, sənin də, uşağının da qanını tökərəm” deyib evdən getdi. Evə qayıda bilməzdim, çünki qoşulub qaçandan sonra xalamın həyat yoldaşı “papağımızı soxdun yerə” deyib məndən birdəfəlik imtina eləmişdi. Nəinki evin kirayəsini verməyə, heç çörək almağa belə pulum yox idi. Özümə qəsd etmək istədim, amma bacarmadım. Anamdan yadigar qalan brilyant qaşlı üzüyümu dəyər-dəyməzinə satıb, evin pulunu ödədim. Həmin ev sahibəsinin köməkliyi ilə evlərə gedib, təmizlik işləri gördüm, özümü dolandırmağa başladım…”
Qonşuluğumda kirayənişin olan qəhrəmanım Gülnar Əliyevanın (ad və soyad şərtidir- C.S) qızının artıq 8 yaşı var. Amma sənədi olmadığı üçün nə məktəbə gedir, nə də ana öz qızına görə aliment ala bilir. Bu gün Azərbaycanda Gülnar kimi dünyaya nikahsız uşaq gətirib, övladı ilə tək qalan analar az deyil. Qanuna görə, rəsmi nikahda olan cütlüklər boşandığı halda, ana öz övladı üçün aliment tələb edə bilir. Bəs nikahdankənar doğulan uşaqların hüquqları qanunla necə tənzimlənir? Qeyd edək ki, qeyri-rəsmi nikahların iki əsas problemi var: mülkiyyət məsələsi və dünyaya gələn uşaqların sənəd problemi. Belə qadınların qarşılaşdıqları problemlərin təməlində isə ailə quran vaxt rəsmi nikah bağlamamaları durur ki, bunun da səbəbləri müxtəlifdir.
Əksər xarici ölkələrdə uşaq ananın soyadını daşıyırsa, belə qadınlara “tənha ana” statusu verilir və onlara dövlət tərəfindən yüksək müavinət ödənilir. Azərbaycanda “tənha ana”ların sayı günü-gündən artsa da, bizdə bu kateqoriya mövcud deyil.
Belə ki, nikahsız ailə quran və sonradan evdən qovulan qadınların dünyaya gətirdiyi uşaqların çoxuna doğum haqqında şəhadətnamədə anasının soyadı verilir. Hazırda qüvvədə olan Ailə Məcəlləsinə görə, həmin sənədə atanın soyadının yazılması üçün ana məhkəməyə müraciət edib, atalığın təsdiqlənməsinə nail olmalıdır. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Amma bu, çətin proses olduğundan, qadınların əksəriyyəti məhkəməyə müraciət etməkdən çəkinir.
Nikahsız doğulan körpələrin statistikası…
Adətən, bu duruma düşən qadınların üz tutduqları birinci ünvan Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi olur. Amma hələ ki, komitədəkilər belə qadınlara necə deyərlər, yardım əlini uzada bilmirlər.
Komitənin hüquq şöbəsinin əməkdaşı Seymur Məmmədov bu gün nikahdankənar dünyaya gələn uşaqların aliment probleminin, digər boşanan ailələrdəki uşaqlarla müqayisədə daha çox olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, son statistikaya görə, yəni 2015-ci il Azərbaycanda qeyri-rəsmi nikahda olan qadınlar tərəfindən dünyaya 24038 uşaq gətirilib. Onların 9411-i şəhər, 14627-i kənd yerlərində doğulub. Aran iqtisadi rayonunda 6167 uşaq qeyri-rəsmi doğulub ki, bu da ölkənin iqtisadi rayonları üzrə ən yüksək göstəricidir. Aran iqtisadi rayonunda rəsmi qeydiyyata alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların payı ən çox Sabirabadda – 915 fakt, daha sonra isə İmişlidə- 620 fakt qeydə alınıb. Kürdəmirdə isə bu rəqəm 535 olub. Bu siyahıda sonrakı yeri Lənkəran iqtisadi rayonu tutur. Burada 4958, siyahıda 3-cü yeri tutan Gəncə-Qazax rayonunda isə 4412 uşaq qeyri-rəsmi nikahdan doğulub. Eyni zamanda, Quba-Xaçmaz iqtisadi rayonunda 1219, Şəki-Zaqatalada 1060, Yuxarı Qarabağ iqtisadi rayonunda 899, Abşeronda 898 , Dağlıq Şirvanda 761, Kəlbəcər-Laçın iqtisadi rayonunda 438, Naxçıvan Muxtar Respublikasında 252 uşaq valideynlərinin “cəzasını” çəkir. Paytaxt Bakıda isə qeyri-rəsmi nikahdan olan 2974 uşaq doğulub ki, onların da çoxu – 583-ü Sabunçu rayonunun payına düşür.
“Atalığı müəyyən etmək üçün mütləq DNT analizi aparılmalıdır”
S. Məmmədov deyir ki, əvvəlki illərlə müqayisədə nikahdankənar doğulan uşaqların sayı azalır, amma:
“Məsələn, 2014-cü ildə nikahdankənar doğulan uşaqların sayı 25 min 486 nəfər idi. Amma hələ də qeyri-rəsmi nikahlardan uşaqların doğulması faktları qalmaqdadır. Bu gün dağılan ailələrin bir çoxu alimentin ödənilməsi problemini yaşayır. Amma ən çox bu problemdən əziyyət çəkənlər qeyri-rəsmi qurulan ailələrdə dünyaya gələn uşaqlardır. Bəllidir ki, ailə dağıldıqda uşağa görə boşanma zamanı aliment iddiası da qaldırıla bilər. Yəni, bizdə uşağa aliment elə boşanma qərarı verilərkən kəsilir. Bunun üçün isə uşağın doğum şəhadətnaməsində atasının adı qeyd olunmalıdır. Nikahdankənar doğulan uşaqlara aliment tələb etmək üçün ilk növbədə onların atası məlum olmalıdır. Atalıq müəyyən olunduqdan sonra aliment iddiası qaldırıla bilər. Atalığı müəyyən etmək üçün isə mütləq DNT analizi aparılmalıdır. Bu xidmət pullu olduğundan qadınların əksəriyyəti uşağın atasını sübut edə bilmirlər. Buna maddi imkanları çatmır. Qanunvericilik isə icazə vermir ki, uşağın atası olduğu iddia olunan şəxsdən DNT analizinin xərci əvvəlcədən alınsın. Yəni ana uşağın atalığını müəyyən etmək üçün öncə özü vəsait tapıb, bu laborator analizi aparmaq üçün klinikaya müraciət etməlidir. Əgər atalıq təsdiqlənərsə, bu vəsait atadan alına bilər”.
“Cox təəssüf ki, bizdə bu mexanizm yoxdur”
Sözügedən Komitənin informasiya şöbəsinin müdiri Elgün Səfərov isə nikahsız doğulan uşaqların atalarının aliment ödəməsi ilə bağlı icra olunmamış yüzlərlə məhkəmə qətnamələrinin olduğunu deyir. Dünya təcrübəsini xatırladan Səfərovun sözlərinə görə, Norveçdə, Danimarkada alimentin ödənilməsi ilə bağlı məcburi icra mexanizmi var:
“Xarici ölkələrdə ata aliment ödəmədikdə, onu məcburi əməyə cəlb etməklə həmin məbləğ uşağa ödənilir. Bizdə isə çox təəssüf ki, bu mexanizm yoxdur. Ona görə də ata işsizliyini, maddi sıxıntısını əsas gətirərək, aliment ödəməkdən yayınır. Halbuki, həmin şəxsləri islah işlərinə cəlb edilərək, alimenti ödəmək mümkündür”.
“Kişilər qadınları qorxudurlar ki, heç vaxt bunu sübut edə bilməyəcəksən”
Ailə və qadın problemləri üzrə ekspert, “Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova qadınların hüquqlarını bilməməkləri üzündən belə çıxılmaz vəziyyətə düşdüklərini deyir:
“Nikahdankənar doğulan uşaqlar üçün qanunvericilikdə kifayət qədər hüquqi əsaslar var ki, bu proses həyata keçirilsin. Bioloji test və DNT analizi ilə atalıq müəyyən oluna bilər. Lakin çox vaxt qadınlar qorxduqları üçün bu addımı atmaqdan çəkinirlər. Çünki həmin kişilər qadınları qorxudurlar ki, bu bahalı prosedurdur, onsuz da sübut edə bilməyəcəksən. Bu yaxınlarda bizim sığınacağa bir qadın gəlmişdi. Qeyri-rəsmi nikahda yaşadığı kişidən 40 yaşında hamilə qalan həmin qadın aldadılmışdı. Kişi onunla evlənəcəyinə söz versə də, uşaq dünyaya gələndən sonra aradan çıxmışdı. Körpəylə köməksiz vəziyyətdə olan həmin xanım bir müddət sığınacaqda – bizim himayəmizdə qaldı. Bizim dəstəyimiz vasitəsiylə onun hüquqları qanunla müdafiə olundu və kişinin atalığı sübuta yetirildi. Qadınlar qanunu bilməlidir. Gözləyirlər ki, nə vaxtsa ataları insafa gələcək və uşaqlarına sənəd düzəldəcəklər. Gözləmək lazım deyil”.
“Ana onu qoyub gedən kişinin soyadını belə bilmir”
Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlı problemin kökünü savadsızlıqda görür:
“Dəfələrlə belə hadisələrin şahidi oluruq: qadın rəsmi nikahda olmaya-olmaya dünyaya uşaq gətirir, ata körpəsindən imtina edir və qadını hədələyir ki, sən mənim atalığımı heç vaxt sübut edə bilməyəcəksən. Belə olan halda, qadın məhkəməyə müraciət etməlidir.
Təəssüf ki, qadınlarımız çox vaxt qanunları bilmədikləri üçün bu addımı atmağa cürət etmirlər. Uzun müddət uşaqlar sənədsiz qalır, çətinliklə üzləşirlər. Mən şahidiyəm ki, nikahdankənar doğulan uşaq böyüyüb, məktəb yaşına çatır, amma ana onu qoyub gedən kişinin soyadını belə bilmir. Belə uşaqların təhsili də çox böyük problemlər yaradır.
İlk növbədə atalıq müəyyən olunmalıdır, amma bu da çox uzun və çətin prosesdir. Bizə müraciət edən anaların çoxu bu problemlə qarşılaşır. Uşaq doğulan kimi ata baş götürüb gedir, ana qalır köməksiz. Onun qeydiyyatı da yoxdur ki, həmin kişinin evində yaşasın”.
“Çoxu ya “pis yol”a düşür, ya da uşağından imtina edir”
“Özünə hörmət edən qadın ailə qurursa, mütləq rəsmi nikahı olmalıdır. Əgər ortada nikah yoxdursa, deməli, tərəflərdən birinin münasibəti qeyri-ciddidir”- deyən A.Naxçıvanlı vəziyyəti Avropa ölkələri ilə müqayisə edib:
“Avropada da nikahsız ailələr var, amma onlar elə yaşda ailə qururlar ki, heç uşaq barədə düşünmürlər. Bizdə ailə quran kimi dünyaya uşaq gətirirlər, onun sonrakı taleyini isə fikirləşən yoxdur. Elə etməliyik ki, qızlarımız rəsmi nikahda olsunlar ki, gələcəkdə təcavüz, məişət zorakılığı və digər problemlərlə qarşılaşanda, dövlət qurumları onlara kömək edə bilsin. Amma bizi elə bir vəziyyətə qoyurlar ki, əlimizdən heç nə gəlmir. Hətta hüquq-mühafizə orqanlarına müraciət edəndə belə, hüquqları çətinliklə bərpa olunur. Çünki bu, uzun müddət tələb edir. Qeyri-rəsmi ailə qurduqları üçün onlar qeydiyyata düşmürlər və biz bu statistikanı əldə etməyə də çətinlik çəkirik. O kişiləri haradan axtarıb tapasan, çoxu iş adıyla Rusiyaya çıxıb gedib. Qohum-əqrəba da elə analardan imtina edir və onları küçəyə atır. Bizə müraciət edirlər ki, əlimdə uşaq qalmışam evsiz-eşiksiz, biz onları işlə də təmin edə bilmirik. Ona görə ki, savadları da yoxdur. Statistika göstərir ki, belə anaların çoxu ya “pis yol”a düşür, ya uşağından imtina edir, ya da onu uşaq evinə verir”.
“Balaca məhəllənin sözü onlar üçün daha keçərlidir, nəinki…”
Çıxış yolunu maariflənməkdə görən millət vəkili bu məqsədlə yeni layihə təqdim edəcəklərini bildirib:
“Bu probemlərlə qarşılaşmamaq üçün qadınlar ilk növbədə maariflənməlidir. Balaca məhəllənin sözü onlar üçün daha keçərlidir, nəinki bizim. Biz telekanallarda xüsusi verilişlərin hazırlanmasını təklif edəcəyik. Həmin verilişlərə hüquqşünaslar dəvət olunacaq ki, qızlarımız qanunlardan xəbərdar olsun”.
Bəs Qanun nə deyir?
Hüquqşünas Vüsalə Cəfərlinin sözlərinə görə, ananın aliment tələb etməsi üçün bioloji atanın adının doğum haqqında şəhadətnaməyə yazılması kifayət edir:
“Ailə Məcəlləsinin 44-cü maddəsinə uyğun olaraq, uşaq dünyaya gəldikdən sonra onun mənşəyi müəyyən edilir. Uşağın bioloji atasının adı, soyadı və ata adı doğum aqqında şəhadətnaməyə yazıldığı andan uşaq müəyyən hüquqlara malik olur. Ana ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Şəxs uşağın atası kimi qeydə alınır və müvafiq aliment müəyyən edilir. Lakin əksər hallarda ata bu məsələdən yayınır. Uşağın atası olduğu iddia edilən şəxs bunu könüllü etiraf etmədikdə məsələ məhkəmə yolu ilə həll olunur”.
Bəs “DNT” neçəyə başa gəlir?
Qeyd edək ki, Azərbaycanda DNT analizinin qiyməti 2400-2700 manata, Türkiyədə isə 1000 lirəyə (472.8AZN) başa gəlir.
Bu da Türkiyə təcrübəsi…
Türkiyə Mülki Məcəlləsinə görə, ana və ya uşağın qəyyumu övladını qəbul etməyən kişiyə qarşı məhkəmədə atalıq iddiası qaldıra bilər. İddia ən gec uşağın doğumundan 1 il sonra irəli sürülməlidir. Bu müddət ötərsə, ananın iddia qaldırmaq hüququ yoxdur. Əgər kişi uşağın doğumundan öncəki 300 günlə 180 gün arasında ana ilə cinsi əlaqədə olubsa, bu, həmən şəxsin uşağın atası olma ehtimalına əsas verir. Əgər kişi uşağın atası olma ehtimalının mümkünsüzlüyünü və ya başqa bir kişinin bu uşağın atası olduğunu sübut edərsə, prezumpsiya ortadan qalxar. Amma atalıq iddialarında Türkiyədə də daha çox DNT analizinə əsaslanırlar. DNT analizi bu cür məhkəmələrdə ən önəmli dəlil hesab olunur. Türkiyə Mülki Məcəlləsinə görə, məhkəmə davam etdiyi müddətdə ana ataya və ya onun mirasçılarına qarşı (əgər ata dünyasını dəyişibsə) bəzi tələblər irəli sürə bilər: məsələn, doğumdan öncəki və sonrakı 6 həftə ərzində yaşamaq, hamiləlik və doğum xərcləri və. s. ödənməsi kimi… Atalıq iddiası qaldırılan zaman aliment də tələb oluna bilər. Əgər kişinin uşağın atası olduğu məhkəmə ilə sübuta yetirilərsə, məhkəmə uşağın ehtiyaclarını və atanın maddi vəziyyətini nəzərə almaqla aliment məbləğini müəyyənləşdirir. Türkiyədə buna “iştirak nafakası” deyilir və onun başlanğıc tarixi məhkəmə qərarının qüvvəyə mindiyi gündən hesablanır. Uşaq həddi-buluğa çatana qədər bu vəasit ata tərəfindən ödənilir.
“Sonrakı peşmançılıq fayda verməsə də…”
…Yazımızın qəhrəmanı Gülnar da başı daşdan-daşa dəyəndən sonra nikahın vacib olduğunu anlayır. Çörək sexində işləyən gənc ana arzularını reallaşdırmaq üçün gecəsini gündüzünə qatacağını deyir:
“Sonrakı peşmançılıq fayda verməsə də, başıma gələn bu hadisə məni silkələdi. Heç vaxt qoymaram ki, qızım mənim etdiyim səhvləri təkrarlasın. İlk növbədə əlimdən gələni edəcəyəm ki, yaxşı oxusun və ali təhsil alsın. Gələcəkdə qanunlardan xəbərdar olsun və öz hüquqlarını müdafiə edə bilsin”.
Cəvahir Səlimqızı
Yeniçağ.az