Ermənistan rəhbəri diqqəti öz fəaliyyətinin nəticələrindən yayındırmaq üçün 30 illik hədəflər müəyyənləşdirir.
Ötən ay Ermənistanın baş naziri Nikol Paşinyan işğal olunmuş Qarabağda “Ermənistan 2050 – İnkişaf Strategiyası”nı elan edib. Ermənistanda ciddi müzakirə olunan sənəddə Paşinyanın qarşıya qoyduğu hədəflər bir neçə istiqaməti əhatə edir. Bunlardan birincisi, ölkə ÜDM-nin 2050-ilədək 15 dəfə artırılmasıdır. Bu hədəfi yerli və beynəlxalq ekspertlər utopiya hesab edirlər.
Məsələ burasındadır ki, iqtisadiyyatda 30 ilə 15 dəfəlik artım iqtisadiyyatda illik 50 faizdən başlayan böyümə tələb edir. Belə göstəriciyə isə dünya təcrübəsində çox nadir ölkələr nail ola bilib. Ermənistan iqtisadiyyatının hazırkı vəziyyəti ilə buna nail olmaq qeyri-mümkündür.
Digər tərəfdən, beynəlxalq təşkilatların Ermənistanla bağlı proqnozlarının heç birində buna yaxın belə gələcək proqnoza rast gəlinmir. Məsələn, sənəddə göstərilən hədəflərlə Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozları arasında ciddi fərqlər var. Strateji sənəddə 2024-cü ildə Ümuni Daxili Məhsulun (ÜDM) ümumi həcminin 22 milyard dollar, adambaşına düşən gəlirin isə təxminən 6,6 min dollar olacağı qeyd edilsə də, BVF-nin proqnozlarına əsasən, ÜDM-in həcmi 17 milyard dollar, adambaşına düşən gəlir isə 5,7 min dollar təşkil edəcək.
Ermənistan Mərkəzi Bankının sabiq rəhbəri, iqtisadçı Baqrat Asatryan hesab edir ki, indiki iqtisadi artım sürəti ilə ÜDM-in 30 ilə 15 dəfə artırılması qeyri-realdır: “Bizdə yarım ildə 6,5 faizlik ÜDM artımı qeydə alınıb. Bu, demək olar ki, yaxşı göstəricidir, lakin bu sürətlə 2050-ci ilədək ən yaxşı halda ÜDM-in 4 dəfəlik artımına nail olmaq mümkündür. Bu, o deməkdir ki, qarşıya qoyulan hədəfə çatmaq üçün mövcud artım sürəti 4 dəfəyə yaxın çox olmalıdır”.
İqtisadiyyatın inkişafında digər həlledici indikator hesab edilən ixrac həcminin də gələcəyi sual atındadır. Çünki BVF-nin proqnozlarına əsasən, bu günədək ticarət əməliyyatlarında idxalın ixracdan üstün olması tendensiyası hələ uzun müddət artan templə davam edəcək. Bu proses ölkədən xarici valyutanın çıxarılması sosial-iqtisadi inkişafı əngəlləyən başlıca faktordur.
Bundan başqa, strateji sənəddə təbii resurlardan asılılığın azaldılması istiqamətində görülməsi lazım olan işlər qeyd edilsə da, bunun reallığa çevrilməsi mümkünsüz görünür. Çünki 2018-ci ildə Ermənistanın ixrac strukturunun özəyini dağ-mədən sənayesinin xam və yarım-fabrikat malları (23 faiz), təbii daş-qaş və digər metallar (12,8 faiz), tütün məmulatları (11,2 faiz) və içkilər (9,63 faiz) təşkil edir ki, bu da ölkə iqtisadiyyatının primitiv iqtisadi modelə sahib olduğunu təsdiq edir. Bu tendensiya uzun müddətdir ki, davam edir və 2016-2018-ci illər ərzində də qeyd edilən məhsulların ümumi ixracda payı 50 faizdən çox olub.
Ermənistan uzun müddətdir, Azərbaycanın işğal altında olan ərazilərində təbii sərvətlərin istismarını həyata keçirir. Ölkənin ixracatında bu sərvətlərin xüsusi yeri var. Görünür, Paşinyan 2050-ci ilədək həmin əraziləri işğal altında saxlamaq niyyətindədir.
Ermənistan hökumətinin açıqladığı hədəflər içərisində turizmlə bağlı hissə də var: 2050-ci ildə ölkəyə 15 milyon turistin gəlməsinə nail olmaq. Bunun üçün ölkədə bir sıra idman yarışlarının keçirilməsi və turizm sektoruna investisiya yatırılması nəzərdə tutulur. Bu, qeyri-real hədəf kimi qiymətləndirilir. Məsələ burasındadır ki, Ermənistan turizm baxımından elə də cəlbedici ölkə deyil: dənizə çıxışı yoxdur. Turistlərin seçə biləcəyi iki marşrutla ölkəyə gediş mümkün deyil: Ermənistan Azərbaycan və Türkiyə ilə ərazi iddiaları və işğal faktoruna görə düşmən münasibətlərdədir. Hansısa xarici turistin İran üzərindən Ermənistana gedəcəyi isə real deyil. Bu halda yeganə yol Gürcüstan üzərindən gedişdir. Bu ölkənin Cavaxetiya bölgəsində separatizmin güclənməsi yaxın illərdə Ermənistanın bu yoldan da məhrum olması ehtimalını gücləndirir. Digər tərəfdən, turizmin inkişafı baxımından böyük nailiyyətlər əldə etmiş Gürcüstana hazırda ildə 8 milyona yaxın turist gəlir. Bu ölkə belə turistlərin sayına dair proqnozlarında o qədər uzaqgedən hədəflər seçmir.
Ermənistanın İqtisadiyyat və Qiymətləndirmələr Araşdırma Mərkəzinin təhlilinə əsasən, hazırda xarici turist olaraq ölkəyə səfər edən qonaqların 62 faizi dünyanın müxtəlif ölkələrində yaşayan etnik ermənilərdir. Araşdırma mərkəzinin hazırladığı hesabata əsasən deyə bilərik ki, hökumət digər məsələlərdə olduğu kimi, turizm sektorunda da ən yüksək proqnoza köklənərək real vəziyyəti anlamaq istəmir.
Nikol Paşinyan iqtidarı ölkənin düşdüyü acınacaqlı durumun baiskarının keçmiş rəhbərlik olduğunu desə də, Ermənistanın yerləşdiyi coğrafi mövqe və apardığı işğalçı xarici siyasət ölkənin sosial-iqtisadi həyatına mənfi təsir etməkdədir və bugünədək heç bir ciddi nailiyyət əldə edilməməsinin əsil səbəbi budur. Öz işğalçı siyasəti nəticəsində Ermənistan hazırda regionun iqtisadi baxımdan ən geridə qalmış ölkəsidir. Faktiki olaraq iqtisadi izolyasiya şəraitində yaşayır.
Yerevan özünün ordusunu saxlamaqla yanaşı, işğal olunmuş ərazilərdəki hərbi birləşmələri də saxlamağa məhkumdur. Azərbaycanın öz ərazilərini hərb yolu ilə işğaldan azad etməsi ehtimalı həmişə yüksək olaraq qalır. Bu şəraitdə hansısa xarici investorun (erməni diasporu istisna olmaqla) Ermənistana gəlib turizmə, yaxud iqtisadiyyatın digər sahələrinə investisiya yatıracağına ümid etmək gülüncdür. Artıq neçə illərdir, Ermənistanda əhalinin təbii azalma prosesi gedir.
Bu şəraitdə Paşinyanın 30 ilə əhalinin sayını iki dəfəyə yaxın artıraraq, 5 milyon nəfərə çatdırmaq hədəfi xəyaldan başqa bir şey deyil.
BMT-nin hesablamalarına görə, 2050-ci ildə Ermənistan əhalisinin sayı 150 min nəfər azalacaq. Bu zaman yaşı 65-dən yuxarı olan əhalinin nisbəti 22 faizə çatacaq. Yəni hər 2 işləyənə 1 pensiyaçı düşəcək. Ermənistanda yaşanan bu demoqrafik problem iqtisadi inkişafla bağlı hədəfləri də qeyri-real edən əsas amillərdən biridir.
Gənc nəsil Ermənistanı tərk edirsə, yeni yaradılacağı deyilən müəssisələrdə, hədəf götürülən yarım milyon iş yerində kim işləyəcək? Yaxud, dünyanın 20 ən güclü ordusu sırasına daxil olması hədəflənən orduda kim xidmət edəcək? Paşinyanın elan etdiyi strategiyanın əksər hədəfləri qeyri-reallığına görə həm ölkə daxilində, həm də xarici ekspertlər tərəfindən ciddi tənqidlərə məruz qalmaqdadır.
Hesab olunur ki, 30 illik müddəti götürməklə Paşinyan hakimiyyətə gələndən bəri heç bir sahədə ciddi uğur qazana bilməməsi faktından diqqətləri yayındırmaq məqsədi güdür.