Ermənistan Baş naziri Nikol Paşinyan “Laçın” sərhəd-keçid məntəqəsindən keçməyə cəhd göstərən separatçı-terrorçuların həbsi məsələsinə toxunub.
Yenicag.az xəbər verir ki, bu barədə o, hökumətin bugünkü iclasında danışıb.
Paşinyan bunun “narahatedici fakt” olduğunu bildirib:
“Bildirməliyik ki, dövlət orqanlarımız bütün bu kimi hallarda özbaşına həbs edilmiş şəxslərin hüquqlarının, o cümlədən beynəlxalq məhkəmələrdə müdafiəsi üçün proporsional addımlar atmalıdır. Bu məsələlər düzgün həll olunana qədər bu bizim gündəmimizdə olmalıdır”.
Buna baxmayaraq, Paşinyan Ruben Vardanyanın adını belə çəkməyib.
Qeyd edək ki, ötən gün “Laçın” sərhəd-keçid məntəqəsi vasitəsilə ölkəmizi tərk etməyə çalışan rusiyalı milyarder, Qarabağda separatizmi və terrorçuluğu maliyyələşdirən Ruben Vardanyan Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən ötən gün saxlanılıb. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib, istintaqını DTX aparır.