“Paşinyana və onu ümidləndirməyə çalışanlara da açıq mətnlə izah olundu ki, üçtərəfli sənədlərdə yer alan öhdəliklərini yerinə yetirməkdən başqa çıxış yolu yoxdur”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşlə bağlı fikirlərini bölüşən politoloq Elçin Mirzəbəyli deyib.
Politoloq qeyd edib ki, Soçidə keçirilən görüşdən sonra yayılan bəyanat sübuta yetirdi ki, heç bir şey Azərbaycanın milli iradəsinin qarşısında duruş gətirə bilməz:
“Soçidə keçirilən görüşdən öncə oynanılan bütün oyunlar, çeşidli qütblərdən üzərimizə hücum çəkən hikkəli maraqlar bir neçə cümləlik deyimlə ayaqlarına atıldı: “Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur”.
Vəssalam! Kimsə özünü boş yerə yormasın, media resurslarında gün keçirən miskin təbliğatçıların ağzını köpükləndirməsin… Bu yolları 30 ilə yaxın bir zaman kəsiyində qarış-qarış keçmişik, izinə də, tozuna da bələdik. Haqqımız olanı dilimizlə-dırnağımızla, canımızla-qanımızla almışıq və alacağımız var, verəcəyimiz yoxdur…
Soçidə keçirilən görüşdən sonra yayılan bəyanat sübuta yetirdi ki, heç bir hikkə, heç bir hiylə, ikibaşlı, ücbaşlı baxış bucağı milli iradəmizin tozuna belə toxuna biləcək gücdə deyil.
Beləliklə, Nikolun və “nikolaların” ümidləri Praqadan sonra Soçidə də çilik-çilik oldu. Görüşün yekun bəyanatında nə bəzilərinin bir neçə gün öncə ağız dolusu havaya üfürdüyü “münaqişə”, nə də sahibi ilə birlikdə ağ günlərinə qovuşan, Vətənimizin və canımızın bir parçası olan Qarabağın yad dilləri qançır edən adı yer aldı. Paşinyana və onu ümidləndirməyə çalışanlara da açıq mətnlə izah olundu ki, üçtərəfli sənədlərdə yer alan öhdəliklərini yerinə yetirməkdən başqa çıxış yolu yoxdur”.