«Niqodnıy» şəxs necə icra nümayəndəsi təyin edilib?

timthumb (1)Salyanın Kürqaraqaşlı kənd İcra Nümayəndəliyinin rəhbəri Abbas Məmmədovun hərbi xidmətə yararsız olduğu üzə çıxıb

Ötən günlərdə Salyan rayonunun Kürqaraqaşlı kənd İcra Nümayəndəliyinin rəhbəri Abbas Məmmədovla bağlı məlumat vermişdik. Kənd sakinlərinin verdiyi məlumatlarda vurğulanırdı ki, icra nümayəndəsi əhalinin problemlərinin həlli ilə deyil, onlardan pul qoparmağın yollarını tapmaqla məşğuldur.

Belə ki, Abbas Məmmədovun ünvanlı sosial yardım almaq istəyənlərə lazım olan arayışı pulla satır.

JAM.AZ-a daxil olan məlumata görə, icra nümayəndəsi həmin sənəd üçün qiymət də müəyyənləşdirib. Nəticədə, arayın almaq istəyən şəxs 50-100 manat vermədən, istəyinə çata bilməz.
Məlumatı verən şəxslər qeyd edirlər ki, icra nümayəndəsinin bu hərəkətləri nəticəsində Kürqaraqaşlı kəndində ünvanlı sosial yardım alanlar arasında kasıb təbəqənin demək olar ki, nümayəndəsi yoxdur. Əksər yardım alanlar isə elə Kürqaraqaşlının imkanlı adamlarıdır.
Xatırladaq ki, Kürqaraqaşlı kəndində ünvanlı sosial yardım alanların kimliyi barədə dəqiq məlumat var. Həmçinin kənd sakinlərinin bununla bağlı müraciətləri də mövcuddur ki, onları yaxın günlərdə yayımlayacağıq.

Bu əsnada, daxil olan başqa bir maraqlı məqamda vurğulanır ki, Abbas Məmmədov dövlət qulluqçusu statusuna sahib olsa da, hərbi xidmətdə olmayıb. JAM.AZ-a verilən məlumatda deyilir ki, sözügedən şəxs «hərbi xidmətə yararsızdır» sözü yazılmış hərbi biletini cibində gəzdirməkdən də çəkinmir.

Qeyd edək ki, «Dövlət Qulluqçuları» haqqında qanunda göstərilir ki, dövlət qulluqçusu statusunda çalışan şəxs həqiqi hərbi xidmətdə olmalı, ali təhsilə sahiblənməlidir. Abbas Məmmədovun ali təhsilli olduğuna şübhə etirik. Lakin hərbi xidmətdə olmadığı halda belə mühüm vəzifəyə necə təyinat aldığı kifayət qədər müəmmalıdır. Hər halda bunun məntiqli bir açıqlaması olacaq.

Qarşı tərəfi də dinləməyə hazırıq.