Niyə İlham Əliyev və ya 20 ilin tamamında 20 səbəb… – Azər Niftiyev yazır

“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir”.
2003-cü ilin oktyabrında Azərbaycan xalqına müraciətində Ulu Öndər Heydər Əliyev bu sözləri deyərək öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürdü. Dünya miqyaslı nəhəng siyasi xadimin, müxtəlif dövrlərdə və situasiyalarda Azərbaycana başçılıq edən, suverenlik dövründə isə ölkəmizi parçalanmaq təhlükəsindən xilas edən Heydər Əliyev əmin idi ki, İlham Əliyev onun memarı olduğu müstəqil Azərbaycan dövlətini ondan sonra idarə edə biləcək ən layiqli və mükəmməl bir liderdir.

Cəmi iki ay sonra 42 yaşını tamamlayacaq İlham Əliyev özünün də qeyd etdiyi kimi, şərəfli, lakin məsuliyyətli bir missiyanı üzərinə götürərək Azərbaycan dövlətinin rəhbəri kimi fəaliyyətə başladı. İlk vədi isə nəyin bahasına olursa-olsun milli maraqları qoruyacağı, Azərbaycana uzanan əllərin kəsiləcəyi və hərbi-iqtisadi cəhətdən ölkəmizi gücləndirəcəyi idi. Bu o zaman idi ki, Ermənistan rəhbərliyi “dənizdən-dənizə böyük Ermənistan” kimi ziyanlı, məkrli və utopik bəyanatlarla erməni xalqının başını qatır, Ermənistan iqtisadiyyatını sürətlə çökdürürdü.
Məhz bu illərdə milyonlarla Ermənistan vətəndaşı ölkəsini tərk edib mühacirətə üz tutdu. Çünki bu ölkədə normal insan kimi yaşamaq mümkünsüz, sosial səfalət isə partlayış həddində idi. Azərbaycan isə səbrlə, təmkinlə qüdrətli ordu və iqtisadiyyat quruculuğu istiqamətində səylərini davam etdirirdi. Çünki Heydər Əliyevin də söylədiyi kimi, İlham Əliyev praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən anlayan liderdir və dəqiq əmin idi ki, güclü orduya və iqtisadiyyata sahib olmadan qələbələr qazanmaq mümkün deyil.
90-cı illərin əvvəlindəki yarıtmaz idarəçiliyin fonunda “Pirr qələbəsi” qazanan Ermənistan isə eyforiyadan xilas ola bilmirdi. Məğlubiyyətə bərabər “qələbənin” “depomin (qələbə həzzi hormonu) ifrazı” o qədər çox idi ki, məhz elə bunun nəticəsində bütün regional iqtisadi layihələrdən kənarda qaldılar. Çünki bu layihələrin təşəbbüskarı, təşkilatçısı, ideoloqu, mühərriki Azərbaycan idi. Ya Azərbaycanın yanında olmalı idilər, ya da qaşısında. Onlar isə ikincini seçdilər. Həyata keçirilən islahalar nəticə etibarilə ölkəmizin beynəlxalq müstəvidə rolunu artırır, Azərbaycanı regionun lider, dünyanın isə önəmli dövlətinə çevirirdi. Bu da tarixi qələbəyə gedən yolun başlanğıcı idi.
Nəhayət, tarixi an yetişdi… 2020-ci ilin iyulunda Tovuz rayonunda törədilən təxribatdan sonra İlham Əliyev Ermənistanın siyasi rəhbərliyinə müraciət etdi. Sadə və yerinə yetirilməsi mümkün bir tələb – Ermənistan işğal altındakı torpaqları azad edir və bununla da iki ölkə arasında sülh razılaşması əldə olunur. İlham Əliyev insanlığa dəyər verən, qan tökülməsini istəməyən ərkanlı bir liderdir və Ermənistana bu müraciəti onun sülhdən yana olduğunun bariz nümunəsi idi. Lakin Ermənistan rəhbərliyi bu çağırışa da məhəl qoymadı və sentyabrda növbəti təxribata əl atdılar. Azərbaycanın isə səbri hüdudsuz deyildi və LAZIMİ MƏQAM çatdı! 44 günlük vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olundu. Müzəffər Ali Baş Komandanın qətiyyəti, iradəsi, rəşadətli Azərbaycan Ordusunun şücayəti sayəsində tarixi həsrətimizə son qoyuldu!
Ermənistanın kapitulyasiya aktından sonra erməni lobbisi, Ermənistanı xaricdən idarə edən qüvvələr Azərbaycana qarşı çoxvektorlu hücumlara start verdilər. Avropa mülki müşahidə missiyası adı altında Qərb kəşfiyyatçılarının Ermənistanla sərhədə gətirilməsindən tutmuş Azərbaycana qarşı sanksiyalar tələbinə qədər müxtəlif təzyiq üsulları dövriyyəyə buraxıldı. Məqsəd aydın idi – Azərbaycan okeanın o tayından gələn təlimatları icra edir, Qərbin drijor çubuğu ilə milli maraqlara söykənən müstəqil, balanslaşdırılmış diplomatik siyasət kursundan imtina qərarı verir. İlham Əliyev isə sona qədər qətiyyət nümayiş etdirdi və milli maraqlara uyğun qətiyyətli mövqeyindən bir addım belə kənara çəkilmədi. 2023-cü ilin payızında Ermənistanın növbəti təxribat cəhdinə cavab olaraq Azərbaycan suverenliyi tam şəkildə bərpa olundu.
İlham Əliyevin ilk dəfə Prezident kimi fəaliyyətə başlamasından sonra verdiyi vədlərindən biri də beş il ərzində 600 min iş yerinin açılması ilə bağlı idi. O dövrü xatırlayan və az da olsa vicdan hissi olan hər kəs təsdiq edər ki, qeyd olunan müddətdə nəinki 600 min, daha artıq iş yerləri açıldı. Azərbaycanda özəl sektor inkişaf mərhələsinə qədəm qoydu, əhalinin məşğulluq və gəlirlilik səviyyəsi artdı, Rusiyada və digər ölkələrdə miqrant kimi yaşayan soydaşlarımızın əksəriyyəti geri qayıtdı. Elmin, təhsilin, səhiyyənin, iqtisadiyyatın, bütün sahələrin inkişafı, daxili sabitliyin dünyaya nümunə olacaq səviyyədə təşkili, qlobal geosiyasi risklərdən sığortalanmağımız, beynəlxalq münasibətlər sistemində özünəməxsus yerimiz və rolumuz, regionun lider dövləti olaraq dünyadakı mövqeyimiz – bütün bunlar İlham Əliyevin xidmətləridir.
Fevralı 7-də Azərbaycan xalqı yenidən prezident seçkilərində iştirak edəcək. 42 yaşından Azərbaycana rəhbərlik edən İlham Əliyev 62 yaşını haqlayıb və bütün enerjisini, səyini həyati risklər və təlatümlər bahasına ölkəmizin rifahına həsr edib. Bu tarixi və həlledici məqamda İlham Əliyevə dəstək olmaq, ona səs vermək vətəndaşlıq məsuliyyətidir! Həm də xalqımızın rifahına və gələcəyimizə yönəlik investisiyadır!
1. Suverenliyimizin;
2. Sabitliyimizin;
3. Təhlükəsizliyimizin;
4. Hüququmuzun;
5. Həmrəyliyimizin qorunması,
6. İqtisadiyyatımızın;
7. Ordumuzun;
8. Mədəniyyətimizin;
9. Təhsilimizin, Səhiyyəmizin inkişafı,
11. Torpaqlarımızın bərpasının;
12. Torpaqlarımıza qayıdışın;
13. Dünyadakı rolumuzun artmasının;
14. Dünya azərbaycanlılarının birliyinin;
15. Türk dünyası həmrəyliyinin təmin olunması,
16. İlhamlı gələcəyə;
17. Müasir cəmiyyətə;
18. İnsan kapitalına;
19. Zəngin ehtiyatlara;
20. Davamlı tərəqqiyə nail olmaq üçün İlham Əliyevə səs verməkdən keçir!
İlham Əliyevə səs ver və gələcəyinə investisiya yatır!
Qalib xalqa qalibiyyət yaraşır!
COP29