Qurban Qurbanovun Azərbaycan millisinə baş məşqçi təyin edilməsi çoxlarının arzusu idi. Və gecə də olsa, bu təyinat rəsmiləşdi. “Qarabağ”ın çalışdırıcısı eyni zamanda növbəti 6 il ərzində əsas millini uğura daşımalıdır.
Təbii ki, bunun alınıb-alınmayacağını zaman göstərəcək. Hər halda təcrübəli mütəxəssisə inam və ondan gözləntilər böyükdür.
Ancaq maraqlıdır ki, Qurbanov əcnəbi məşqçilərdən daha az maaş alacaq. İddialara görə, AFFA millimizin sabiq məşqçisi Robert Prosineçkiyə 1 milyon avro maaş ödəyirdisə, Qurbanov üçün 1 milyon manat nəzərdə tutub.
Görəsən, bu, nə dərəcədə ədalətli qərardır? Belə olan halda Qurban Qurbanovun haqqı yeyilmir ki?
Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən FIFA agenti Vaqif Heydərli yerli və əcnəbi məşqçilər arasında fərq qoyulmamasının tərəfdarı olduğunu bildirib:
“Prosineçkinin maaşı ilə müqayisədə azdır. Qurban Qurbanovu hamımız tanıyırıq. O, işə daha çox qiymət verir, nəinki pula. Burada söhbət milli məsələdən gedirsə, o, yığmada pulsuz da çalışmaq xarakterinə malikdir. Müqayisədə Qurbanov Prosineçkidən heç də zəif məşqçi deyil. Amma millinin baş məşqçisi üçün büdcə ayrılıbsa, o da ödənilməlidir. Burada əcnəbi, yerli yox – milli komandanın baş məşqçisi var. Düzü, 1 milyon manatın nə dərəcədə dəqiq məlumat olduğunu bilmirəm. Buna görə də fikir yürütmək çətindir. Əgər həqiqətən də belədirsə, məncə, fərq qoyulmamalıdır”.
Digər FİFA meneceri Erkin İbrahimov isə Qurbanovun öz haqqını hamıdan yaxşı qoruduğunu söyləyib:
“Məncə, Qurban Qurbanovun haqqı yeyilmir. Çünki bu, hər yerdə belədir. Federasiya əcnəbidən fərqli olaraq, yerli məşqçiyə daha az maaş verir. Demək olar ki, bizim kimi ölkələrdə bu, normaldır. Yerli məşqçi vətənpərvərlik hisslərinə görə millini seçir. Haqq yeyilmək odur ki, o vaxt Karlos Alberto Torres illik 300-400 min dollar alırdı. Ondan sonra gələn Şahin Diniyevə isə 6-7 min verilirdi. Məşqçi bu cür şərtlərlə işləməyə razılıq verib, özünü hörmətdən salırsa, bu, haqq yeyilmə deyil. Sadəcə, adam özünə bu qiyməti verir. Qurban Qurbanov Azərbaycan futbolu adına o qədər müsbət işlər görüb ki… O, eyni zamanda öz haqqını hamıdan yaxşı qoruya bilir”.
Emin Səfərov