Nizami rayonunda motosikletlə avtoxuliqanlıq edən sürücü həbs olunub.
Yenicag.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi məlumat yayıb.
Bildirilib ki, Nizami DYP-nin əməkdaşları tərəfindən manevr etmə qaydasını pozduğu üçün “Minsk” markalı, 99-G-236 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsünə “saxla” işarəsi verilsə də, o, buna məhəl qoymayaraq, hərəkətini davam etdirib.
Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Elçin Qədəmşah oğlu Sadıxov saxlanılıb.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə E.Sadıxovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.