Nobel mükafatının SİRLİ LƏNƏTİ – Laureatları təqib edən “xəstəlik” NƏDİR?

Nobel mükafatı laureatı, məşhur fizik Albert Eynşteyn bir dəfə etiraf etmişdi ki, işinə hədsiz hörmət etdiyi üçün özünü saxtakar kimi hiss edir. Bu etiraf onun çağırma sindromundan əziyyət çəkdiyini göstərə bilər. Hərçənd, bütün Nobel laureatları bu hissi yaşamırlar.

Yenicag.az xəbər verir ki, son illərdə Nobel mükafatçıları arasında müşahidə olunan qəribə davranışlar üçün xüsusi bir termin yaranıb: “Nobel xəstəliyi” və ya “neobelit”. Bu termin Nobel mükafatı qazanan bəzi alimlərin qeyri-elmi və ya məntiqsiz fikirlərə meyl etmələrini təsvir edir.

Yəni bəzi mükafatçılar mükafat qazandıqdan sonra öz sahələrindən tamamilə uzaqlaşaraq psevdo-elmi nəzəriyyələri müdafiə etməyə başlayırlar. Bu şəxslər arasında psixi hadisələr, paranormal fəaliyyətlər və hətta qəribə nəzəriyyələrlə maraqlananlar var.

Məsələn, Pyer Küri radium və poloniumun kəşfi ilə Nobel mükafatını qazandıqdan sonra trans seanslarına qatılmağa başlamış və paranormal hadisələrin maqnetizmə dair suallara cavab verə biləcəyinə inanmışdı. Elektronu kəşf edən Cozef Tomson isə psixi hadisələrə maraq göstərmiş və uzun illər Psixoloji Tədqiqatlar Cəmiyyətinin üzvü olmuşdur. Fiziologiya və tibb üzrə Nobel mükafatçısı Çarlz Rişet də “ektoplazma” anlayışını təqdim etmiş və onun seanslar zamanı yaradıla biləcəyinə inanmışdı. Lakin bu kimi fikirlər elmi əsaslardan uzaq idi və mübahisələrə səbəb olmuşdu.

Digər tərəfdən, bəzi Nobel mükafatı laureatları daha zərərli mövqelərlə çıxış etmişlər. Məsələn, Riçard Smolli təkamül əleyhinə çıxışlar etmiş, digərləri isə yevgenika, lobotomiya və autizmlə bağlı zərərli fikirləri müdafiə etmişdir. Araşdırmalara görə, Nobel mükafatı laureatlarının bu cür davranışlarının səbəbləri arasında medianın və ictimaiyyətin onları öz sahələrindən kənar məsələlərdə də fikir bildirməyə təhrik etməsi dayanır.

2001-ci ildə fiziologiya və tibb üzrə Nobel mükafatını qazanan Pol Ners isə bu təzyiqləri belə ifadə edib: “Birdən-birə hər şey üzrə mütəxəssis hesab edilməyə başladım. Halbuki mən yalnız öz sahəmdə məlumatlıyam”.

Müstəqil tədqiqatçılar hesab edirlər ki, yüksək intellektli insanların bəzən narsissizm, toxunulmazlıq hissi və həddindən artıq özünəinam kimi xüsusiyyətləri tənqidi düşüncə səhvlərinə yol açır. Bu isə onları qeyri-elmi yanaşmalara meylli edə bilər. Beləliklə, Nobel mükafatçılarının qeyri-adi davranışları insan təbiətinin və yüksək intellektin paradoksal tərəfini əks etdirir.

Tərcümə: Rafi Müslümov