Normativ tələblər pozulmaqla avadanlığı dəyişdirilmiş avtomobili ön dövlət qeydiyyat nişanı çıxarılmış, habelə təhlükəsizlik kəmərini bağlamadan idarə edən və bu əməlləri sosial şəbəkədə təbliğ edən şəxs müəyyən olunaraq saxlanılıb.
Yenicag.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Mübariz Ağayev deyib. O, qeyd edib ki, Şamaxı rayon sakini Məmmədov Sərxan Vüqar oğlu 56-BF-644 dövlət qeydiyyat nişanlı “NAZ LİFAN” markalı avtomobillə törətdiyi inzibati hüquqpozmalara görə Müşfiq qəsəbəsində yerləşən stasionar postda saxlanılıb. Araşdırma zamanı sözügedən avtomobili etibarnaməsiz idarə etdiyi üzə çıxan Sərxan Məmmədov bu əməlləri məhz sosial şəbəkədə yaymaq üçün törətdiyini etiraf edib və hazırda peşman olduğunu bildirib. Şəxs barədə qanunvericiliyə uyğun inzibati tənbeh tədbiri görülüb.
M.Ağayev bir daha sürücülərə müraciət edərək onları təhlükəsizlik qaydalarına sözsüz əməl etməyə, ölkəmizdə sürücü mədəniyyətinin formalaşmasına töhfə verməyə, böyüyən gənc nəsilə faydalı nümunə olmağa çağırıb.