“Biz üzvlərimizin seçkilərə getməməsi ilə bağlı qərar qəbul edə bilmərik”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının prezident İlham Əliyevə parlamentin buraxılması ilə bağlı müraciətinə münasibət bildirən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Onun sözlərinə görə, növbədənkənar parlament seçkiləri daha əvvəl keçirilməli idi:
“Növbədənkənar parlament seçkilərinin keçirilməsi Konstitusiyaya 2016-cı ildə edilən əlavə və dəyişikliklərdən sonra labüd idi.
Müxalifətin bu məsələyə hazır olub-olmamasına gəldikdə, Azərbaycanda seçkilər formal keçirildiyi üçün xüsusi hazırlığa ehtiyac qalmır.
Faktiki olaraq, həmişəki kimi eyni şərtlər əsasında seçkilər keçiriləcək, namizədlər də bu seçkilərdə ənənəvi qaydada iştirak edəcəklər.
Müxalifət partiyalarından bəziləri iştirak edəcək, bəziləri yox. Siyasi partiyalar haqqında qanuna görə, partiya öz üzvlərinin konstitusiyon hüquqlarını məhdudlaşdıra bilməz.
Biz üzvlərimizin seçkilərə getməməsi ilə bağlı qərar qəbul edə bilmərik. Vətəndaşların seçkidən yayınmasını qadağan edən qanun qəbul edilib. Bu müddəa seçkilərin boykot edilməsini aradan qaldırır.
ADP-nin bu seçkidə iştirak etdib-etməməsinə partiyanın səlahiyyətli orqanı qərar verəcək”.
Səxavət Məmməd