“İşğaldan azad olunan ərazilərdə 26 seçki məntəqəsi yaradılıb və o məntəqələr üzrə 22 mindən artıq vətəndaşın adı seçici siyahılarına daxil edilib”.
Bu fikirləri fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri prosesinin ümumi gedişatınıə dəyərləndirən Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, seçkilər rəsmi təyin olunduqdan sonra MSK müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada geniş tədbirlər planının icrasına başlayıb:
“Buraya həm seçki komissiyalarının seçkilərə hazırlığı, həm də genişmiqyaslı maarifləndirmə layihələrinin həyata keçirilməsi daxildir. Artıq Azərbaycandakı məntəqə seçki komissiyaları səsvermə gününə tam hazır vəziyyətə gətirilib.
Azərbaycan kifayət qədər qürurverici və əlamətdar hadisə ərəfəsindədir. Çünki bu seçkilər ölkəmizin ərazi bötüvlüyü və suverenliyinin tam bərpa olunduğu şəraitdə keçiriləcək.
İşğaldan azad olunan ərazilərdə 26 seçki məntəqəsi yaradılıb və o məntəqələr üzrə 22 mindən artıq vətəndaşın adı seçici siyahılarına daxil edilib. Həmin ərazilərdə yaradılan seçki məntəqələri Azərbaycanın digər bölgələrində olduğu kimi, yüksək səviyyədə, hətta örnək sayılacaq dərəcədə təşkil olunub”.
Nəsimi Ələsgərli