Reklam: High Technic
hightechnic

“Növbədənkənar seçkilərin keçirilməsi mümkündür” – AKP millət vəkili – ÖZƏL

Reklam: Sinerji Pro

“Əslində, son 4-5 ayda erkən seçkilərlə bağlı bəzi fikirlər səsləndirilirdi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi təklifinə münasibət bildirən hakim AKP-dən olan millət vəkili Nurəddin Aras deyib.

AKP-li deputat Türkiyədə növbədənkənar seçkilərin keçirilə biləcəyini istisna etməyib:

“Hazırda AKP ilə MHP arasında erkən seçkilərə yönəlik bir razılaşma yoxdur. Ancaq bu məsələ AKP-nin üst qurumlarında müzakirə olunacaq və uyğun qərar veriləcək. Ancaq bu gün prezidentimizin də çıxışında seçkilərin öz vaxtında, yəni 2019-cu ildə keçiriləcəyi vurğulanırdı.

Bununla belə, müəyyən dəyərləndirmələrdən sonra erkən seçki qərarının verilməsi də mümkündür. Lakin bununla bağlı qərarı AKP-nin səlahiyyətli orqanları verəcək.

Əslində, son 4-5 ayda erkən seçkilərlə bağlı bəzi fikirlər səsləndirilirdi. Ancaq Türkiyənin daxilində və xaricində baş verən məlum hadisələr fonunda erkən seçkilərin aktuallaşmayacağı gözlənilirdi. Dövlət Baxçalı da bu gün belə bir təşəbbüslə çıxış edib. Onun bu təşəbbüsünün əsas səbəbini öyrənəcəyik.

Əgər erkən seçkilər keçirilərsə, AKP-nin rəqibsiz olduğu yenə görünəcək. Əminəm ki, bu halda AKP yenə də səslərin yarısından çoxunu qazanacaq. Getsək, seçkilərə MHP ilə birlikdə gedəcəyik.

CHP də HDP və “İyi parti” ilə seçki koalisiyası yarada bilər. Amma bu, onların indi malik olduqları nəticələri çox da dəyişməz”.

Növbədənkənar seçkilərin keçirilməsi dünyanın sonu deyil. Seçkilər hər zaman yenilənmə deməkdir. Bütün hallarda ölkəmizə xeyirli olsun”.

Qeyd edək ki, bu gün AKP ilə ittifaqda olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı partiyanın qrup toplantısındakı çıxışında bu il avqustun 26-da Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi təşəbbüsünü irəli sürüb.

MHP liderinin növbədənkənar seçkilər üçün 26 avqust tarixini təklif etməsi isə təsadüfi deyil. 26 avqust Malazgirt müharibəsinin (1071) və Böyük Hücumun (1922) baş verdiyi gündür.

A.Zeynalov

www.yenicag.az

929