Növbəti dalğa gəlir: Qiymətlər yenidən artacaq

2024-cü il yanvarın 1-dən Vergi Məcəlləsinə dəyişiklik edilib. Belə ki, mikro sahibkarların gəlir vergisinin məbləği 5 faizdən 20 faizə yüksəlib.

Xatırladaq ki, yanvarın 1-ə kimi sahibkarların gəlirlərinin 75 faizi vergidən azad idi. Bu ildən etibarən isə bu güzəşt ən azı 3 işçisi olan sahibkarlara aid ediləcək.

Sözügdən dəyişikliklə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bu qərarın yaxın vaxtlarda ləğv olunacağına ümid edir: “Vergi Məcəlləsinə edilən yeni dəyişiklik olduqca yersiz və əhəmiyyətsizdir. Bu dəyişiklik 10 minlərlə mikrosahibkara mənfi təsir göstərəcək. Elə sahələr var ki, orada sahibkarlar tək fəaliyyət göstərir. Onlar hökmən əlavə 2 işçi götürməlidirlər ki, əvvəlki qaydada, yəni 5 faizlə vergisini ödəsin. Bu ümumiyyətlə absurd bir yanaşmadır. Məsələn deyək ki, sahibkar bərbərdir və saç kəsimi ilə məşğul olur. Bu adam 2 nəfər işçini niyə və necə işə götürsün? Ona görə də yeni dəyişikliyin kökündə duran mahiyyətin özü yanlışdır. Ümid edirəm ki, bu qərar ləğv olunacaq”.

Ekspert həmçinin bu dəyişikliyin xidmət sahəsində qiymət artımına səbəb olacağını qeyd edib:

“Bu dəyişiklik digər tərəfdən xidmət sahəsində qiymətlərin artımına səbəb olacaq. Düzdü, bu bahalaşma üçün elə də güclü dalğa yaratmayacaq, ancaq sözsüz ki, təkan verəcək. Təbii ki, sahibklar əgər daha çox vergi verəcəksə, həmin məbləği ödəyə bilmək üçün daha çox qazanmağa çalışacaq. Bu göstərici eləcə də qonşu ölkələrə nisbətən olduqca yüksəkdir. Məsələn, Gürcüstanda mikrosahibkarlardan alınan vergi cəmi 1 faiz təşkil edir. Ona görə də həm qonşularla rəqabət baxımından, həm də ölkə daxilindəki minlərlə insanın maraqlarına toxunduğuna görə düşünürəm ki, bu dəyişiklik ləğv edilsə daha yaxşı olar. Ümumilikdə ölkə büdcəsi də bundan heç nə qazanmayacaq. Çünki proqnozlara görə ən yaxşı halda büdcəyə təqribən 180-190 milyon manat əlavə vəsaitin daxil olması gözlənilir, bu isə yanlışdır. Çünki bir çox sahibkar verginin çox olması səbəbindən ya fəaliyyətlərini dayandıracaq, ya da boz sxemlərə keçəcək. Qısası, bu dəyişiklik vergi daxilolmalarını artırmayacaq, əksinə, azaldacaq”.

COP29