“…növbəti mərhələ qanlı vətəndaş müharibəsidir” – İqbal Ağazadə

Dialoq kürsüsündə keçmiş deputat, Ümid Partiyasının sədri İqbal Ağazadədir.

– Sizin Ümid Partiyasının harada yerləşdiyini soruşanda, bir nəfər “xalq cəbhəsi?” deyib, bu yeri nişan verdi. Niyə sizi cəbhəçi kimi tanıyırlar?

– Təəssüf ki, Azərbaycanda kütlənin böyük əksəriyyəti müxalifətçilərə “cəbhəçi” deyirlər. Bu, 1988-93 cü illərin yanaşması və o vaxtkı hakimiyyətin uzun illər apardığı təbliğatın nəticəsidir. Müxalifətçiliyə qarşı “cəbhəçi şinelində” mübarizə aparmaq daha rahatdır və hakimiyyət çalışıb ki, müxalifət “cəbhəçi şineli”ndən çıxmasın. Çünki “cəbhəçi şineli”nin içində 1992-93-cü illərin problemləri var, xaos, itirilmiş hakimiyyət var, mərhum Heydər Əliyevin dəvət olunması var və sair. Bütün bunların hamısı cəbhəçiliyin ziyanına işləyən faktorlardandır və hakimiyyət çalışıb ki, bu faktorlar həmişə müxalifətçinin üzərində olsun ki, təbliğatda ondan istifadə edə bilsin.

“Növbəti mərhələ xaosdur, inqilabdır, qanlı vətəndaş müharibəsidir”

– Bəlkə hərəkat dövründə siz də cəbhəçilərlə bir sırada olduğunuz üçün belə bir fikir yaranıb?

– Mən heç vaxt hərəkat lideri olmamışam. Hərəkat dönəmində sıravi vətəndaş idim. Bacardığım qədər hərəkatda, Qarabağ cəbhəsində iştirak etdim.Amma buna görə məni o katiqoriyaya aid etmək də doğru deyil. Ümumiyyətlə, Azərbaycan müxalifətində çoxluq var ki, cəbhəyə aid deyillər. Sadəcə, hamıya bu aspektdən yanaşılır ki, problemləri rahatca çözsünlər.

– Söhbət müxalifətdən düşmüşkən, bu gün deyəsənonlardan danışmağa söz yoxdur?

– Nə mənada?

– Yəni müxalifətin əlində “fəaliyyət yoxdur, süstlükdür, böhrandır” və sair kimi səbəbləri var.

– Hətta bu, belədirsə, bunu jurnalist də, Azərbaycan iqtidarı da bir faciə kimi qəbul etməlidir. Ona görə ki, müxalifət olmayan yerdə növbəti mərhələ xaosdur, növbəti mərhələ inqilabdır, qanlı vətəndaş müharibəsidir. İndi sizə ritorik olaraq müraciət edirəm, son 1 ildə 122 faiz manatı ölən, qiymətləri 160 faiz qalxan enerji daşıyıcıları, kommunal xərcləri bu qədər artırılan millətin 30-35 faizi nədən müxalif deyil? Torpağı itirilən 1 milyon soydaşımızın 30-35 faizi nədən ayağa qalxıb, onu tələb etmir? Nədən maaşı 150-160 manat olan 200 minə yaxın müəllim kontingentinin, 100 minə yaxın tibbi personalın 30-ca faizi müxalifət deyil? Nədən Azərbaycanda 1 milyon 300 minə yaxın təqaüdçünün orta təqaüdü 140-150 manat ola-ola bunun 30-ca faizi müxalifət deyil? Demək, adamların müxalif təşkilatda olmaması onun müxalif olmaması kimi dəyərləndirilə bilməz. Bunun nədənlərini bilirsiz? Birinci, Azərbaycan müxalifəti uzun müddət nəticəsizlik sindromu yaşadı. Mübarizənin nəticəsini istədiyi kimi əldə edə bilmədi deyə, bir qədər xəyal qırıqlıqları oldu və strateji baxımdan Azərbaycan müxalifətinin böyük kəsimi hər seçkiyə inqilab kimi baxdı. Hər seçkidən maksimal nəticə gözlədi. O nəticə ortada olmayanda insanlar küsdü, incidi və hesab elədi ki, mübarizənin məntiqi nəticəsi yoxdur. Beləcə, yavaş-yavaş sıralar seyrəldi. Bu tip amillər də Azərbaycan seçicisini uzun müddətdir ki, siyasi təşkilatlanmaya meyillilikdən çəkindirib və artıq adamlar bir az da tamaşaçıya çevriliblər. Azərbaycanda kifayət qədər müxalifətçi və müxalifətçiliyə meyl edən insanlar var. Lakin təşkilatlanmanın çətinliyi, həm Azərbaycan müxalifətinin strateji olaraq yanaşmalarının doğru olmaması, böyük mənada isə hakimiyyətin repressiv qrup siyasətinə üstünlük verməsi vətəndaşların siyasi institutlarda birləşməsinə mane olmasıdır.

– Bəzən müxalifətdə olan partiya sədrləri süstlüyün günahını xalqda görürlər. Belə hesab edilir ki, xalqın etiraz hissi yoxdur.

– Əsla! Burda xalqın heç bir günahını görmürəm. Günah stratejini və taktikanı düzgün gerçəkləşdirməyən müxalifətdə və bu siyasəti uzun illərdir yeridən hakimiyyətdədir. Hakimiyyətin istəyi bu cürdür. İstəyir ki, bir qrup siyasətçi olsun, seçici siyasətdə olmasın. Müxalifət buna alternativi düzgün axtarmalıdır. Amma ənənəvi yoldan çıxa bilmir. Vəssalam. Sadəcə, səbəb budur. Xalq öz probleminə laqeyd deyil.

– Ənənəvi sualıma qayıdım. Dünənin mullət vəkili, hazırda partiya sədri olan İqbal Ağazadə dünyaya hansı “pəncərədən” baxır və nəyə təəssüf edir, nəyə güvənir?

– Bilirsiniz, hərənin öz pəncərəsi var və hərə bir mərtəbədən, bir yüksəklikdən baxır. Bu gün mənə desəniz ki, bu pəncərədən özündən sağ istiqamətə bax və təhlil et, mən ancaq gözlə görünənləri təsvir edə bilərəm. Amma 3 qat yuxarıdan baxıb təsvir etsəm, birinci mərtəbədə təsvir etdiklərimin tamamilə əksi olan bir təsvir yaranır. Mən millət vəkili olanda da, indi də, bundan əvvəlki dönəmlərdə də bütün yerlərə eyni prizmadan baxmışam. Sadəcə, baxdığım pəncərədən hər zaman Azərbaycan görünüb. Fərqi yoxdur hansı qatdan baxmışam, bütün mənzərə Azərbaycana açılıb. Mən Azərbaycan problemləri içərisində olan bir adamam. Nostaljiyə qapılan adam deyiləm və mənim üçün siyasətdə geriyəbaxma anlayışı yoxdur. Siyasətdə geridə ancaq xatirələr var. Xatirə isə siyasətdən gedəndən sonra olur. Siyasətçi önə baxmalıdır; mən də belə davranıram və bir devizim var. Mən oturmağa yer gəzmirəm, durduğum yeri sağlam edirəm. Parlamentdə olanda da olmayanda da bu yerdə, bu mövqedə durmuşdum. Bu gün də həmin mövqedəyəm.

– Mübarizə davam edir?

– Təbii, biz sülh və dialoqun üstün olduğu cəmiyyəti arzu edirik. Mənim üçün bundan o tərəfə siyasət yoxdur. Savaşmaq, radikal yanaşmalar və yaxud radikal dəyişiklik bizim işimiz deyil. Niyə? Çünki mənim üçün demokratiya hadisə deyil, baxışdır. Məsələn, 1992-ci ildə çox təəssüflər olsun ki, Azərbaycanda özünü “demokrat” adlandıran insanların böyük əksəriyyəti demokratiyaya hadisə kimi baxırdılar. Elə bilirdilər ki, seçki ilə demokratiya gələ bilər. 1992-ci ildə rəhmətlik Əbülfəz Elçibəy demokratik seçki ilə hakimiyyətə gəldi, amma demokratiya gəlmədi. Çünki demokratiya yaşam tərzidir, vərdişlərdir, həyat tərzidir, düşüncədir. Bu düşüncə, bu yaşam, bu vərdişlər yoxdursa, istəyirsiz yüz dənə demokratik seçkilər keçirilsin. Bəyəm Heydər Əliyev 93-cü ildə hakimiyyətə gələndə demokratik seçki ilə gəlməmişdi? Demokratik idi, amma olmadı. Demək, bu amil demokratiya üçün göstərici deyil. Biz demokratiyanı düşüncə məsələsi hesab etmədiyimiz üçün seçkiyə yönələn siyasət yürüdürük. Biz demokratiyanı proses hesab etsək, uzun bir yol keçməliyik. Azərbaycan müxalifəti bunu apara bilmir. Azərbaycanda bu düşüncə sahibləri olduqca azdır. Özünü demokrat adlandıranlar böyük mənada demokratik vərdişlərin nə olduğunu bilmirlər. Biranlıq demokratların fərqinə baxaq: Azərbaycan iqtidarı içərisindən kimsə mərhum Məhəmmədəmin Rəsulzadənin, Əbülfəz Elçibəyin qəbri üstünə gedib, gül dəstəsi qoysa onun aqibəti necə olar? Çox pis. Onu hakimiyyətin böyük bir hissəsi bağışlamaz. Gəlin əksini düşünək – Azərbaycan müxalifəti içərisindən mərhum Heydər Əliyevin qəbri üstünə gül qoyan müxalifətçinin aqibəti müxalifətdə necə ola bilər? Eyni … Əgər düşüncə və fikirlərdə bu qədər yaxınlıq varsa, onun demokratikliyi ilə fərqli düşərgənin demokratikliyi arasında fərq yoxdur. Demokratiya ilə bağlı pis vərdişlər formalaşıb. İnsanlar güclü olana oxşamağa çalışır, Təəssüf ki, müxalifət gedib repressiv siyasət və avtoritarizmlə gücünü qorumuş Azərbaycan iqtidarına oxşamağa başladı və geri çəkilən demokratiyanın balaları olmadılar. Ona görə də biz bu gün əziyyət çəkirik. Əslində, bir az yeni nəsil, yeni düşüncə lazımdır ki, bu steotipləri dağıda, fərqli düşüncəsini qorxmadan ortaya qoya bilə. Buna görə mən həmişə qeyd etmişəm ki, insanlar oturmağa yer gəzməsin, daha çox durduğu yeri sağlam eləsin. Bax, mənim durduğum yer əslində, budur.

“Dövlət rəhbəri olsaydım, bir xatirə qəbri düzəltdirərdim”

– Deyirsiniz ki, həmişə sülh və dialoq tərəfdarı olmusunuz. Heydər Əliyevin məzarına gül qoymusunuz?

– Mərhum Heydər Əliyev əgər mən azadlıqda olan müddətdə rəhmətə getmiş olsaydı, hökmən onun dəfnində də iştirak edərdim, məzarına da gül qoyardım. İndiki vaxta isə mən Əbülfəz Elçibəyin də, Heydər Əliyevin də məzarının üstünə getməmişəm. Əgər mən dövlət rəhbəri olsaydım, bir xatirə məzarlığı düzəltdirib, Məhəmməd Əminin də məzarını Türkiyədən gətirdib, hər üçü üçün bir xatirə qəbri düzəltdirərdim və qapıları cəmiyyətin bütün üzvlərinin üzünə açardım. Kiminin xidmətinin az, kiminin çox, kiminin səhvinin az, kiminin çox olmasından asılı olmayaraq, sülh mühitini belə yaradardım.

– Qəbrlərin üzərinə gül qoyub, ansaydınız sanki nə olacaqdı ki?

– Yox, nə Əbülfəz Elçibəyin, nə də Heydər Əliyevin qəbrinin üstünə getməkdə heç bir problem yoxdur. Sadəcə, bir arzu və düşüncələrim var. Birinin üzərinə gedib, digərinə getməsən sən də o parçalayıcı funksiyada olacaqsan. Amma zaman, ömür mənə imkan versə, dediyim o arzunu gerçəkləşdirərdim və bir xatirə qəbri düzəldib, cəmiyyətin müxtəlif təbəqələrini bu sülhün istiqamətində toparlayardım. Mən hesab edirəm ki, kimsə Məhəmməd Əminə əl uzada bilməz, kimsə onun Azərbaycan tarixində etdiyi və gördüklərini tarixdən silib atmağa çalışmamalıdır. Mərhum Əbülfəz Elçibəyin tarixdə öz yeri var, heç kim onu silməməlidir. O cümlədən, rəhmətlik Heydər Əliyevin də tarixdə öz yeri var, kimsə onu silə bilməz. Bu fikrimi bəyənsələr də, bəyənməsələr də, XX əsr Azərbaycan tarixində nə varsa, bu insanların adı orda böyük hərflərlə keçir. Kimsə bunu dana bilməz.

– Bəlkə də bayaq dediyiniz kimi bütün problemlərimizin əsasında düşüncə dəyişikliyinin olmaması dayanır. O zaman düşüncəni necə dəyişməli?

– Düşüncə maarifləndirmə ilə dəyişə bilər. Azərbaycan iqtidarı bu siyasəti yeridə bilmədi. Azərbaycanda hər bir şeyə, hətta kanalizasiyaya da investisiya qoydular, bir insana investisiya qoyulmadı. Biz demokratiya haqqında təsəvvürlərimizi insanların mütəmadi vərdişlərinə çevrilən vərdişlərindən öyrənməliydik. İnsan xarakteri necə formalaşır – gündəlik hərəkətlər vərdişlərə, vərdişlər adətlərə, adətlər də xarakterə çevrilir. Biz bunu insan xarakterinə, yaşam tərzinə çevirməli idik. Amma bacarmadıq və bu üzdən də bu gün bu vəziyyətdəyik. Ona görə də yeni nəsl insanlarda bu tipli məsələlərdə ən azı lider olacaq adamlar da bu baxışla prosesə qatılmalıdırlar.

– Bir çox hallarda siyasi liderlər etiraz üçün xalqdan sifariş gözləyirlər. Belə hesab edirlər ki, xalq etiraza özü başlamalı və onlara deməlidir ki, gəl düş qabağa. Bu, nə dərəcədə düzgündür?

– Tarixən də “qəhrəman”, “qorxaq”, “müti”, “aktiv”, “fəal”, “passiv” deyə, bir xalq yoxdur. Xalqın problemini və təşkilatlanmasını təşkil edən qruplar var və tarixin müxtəlif dönəmlərində bunu təşkil etmək asan olub. 1988-ci ildə qalxıb desəydik ki, bu hakimiyyəti dəyişirik, müstəqil Azərbaycan dövləti yaradırıq, heç kəs arxamızca gəlməzdi. Amma xalqın damarını basan məsələdən yanaşdılar – Qarabağ, torpaq və sair məsələdən yapışanda xalq ortaya çıxdı. Bu gün də deyəndə ki, gəlin bu iqtidarı dəyişək, xalq deyir ki, mənim üçün nə fərqi var Həsən oldu, Hüseyn oldu, mənim problemim olduğu kimi qalır. Xalqın damarını basa bilən problemlər ortaya çıxmalıdır və addım-addım onu təşkil etməlisən.

– Torpaqlarımızın işğalı hələ də damarımızı basa bilməyibmi?

– Burda alışqanlıq deyilən bir şey var. İnsan bəzən xəstəliyə də alışır, halına da alışır. Məsələn, insan var fiziki görkəmində bir dəyişiklik olanda onu faciə kimi qəbul edir, dəhşətli streslər yaşayır. Amma zaman keçdikcə ona alışır və küçədə birimiz onu görəndə təəccüblənsək də o özü bunu çox adi qarşılayır.

– İqbal bəy, özünüzü ittiham edirsinizmi heç?

– Mən özümü bəzən gücsüzlükdə ittiham edirəm, başqa bir şeydə yox. Çünki düzgün getsəydik çox şeylər edə bilərdim və gücüm ona yetmədi. Amma yenə deyirəm, bir siyasətçi olaraq səhvlərim var. Bir partiyanın lideriyəm, arxamda böyük bir partiya ordusu dayanır. Mən bu qüvvənin vasitəsi ilə cəmiyyəti təşkil edə bilərdim. Amma bütövlükdə hər şeyin zamana ehtiyacı var. Biz bəzən çox irəli qaçmaq istəyirik. Ən böyük pis işimiz də ondadır ki, bizdə torpaqalma nümunəsi yoxdur. Biz Dərbəndi itirmişik, Borçalını, Güney Azərbaycanı, Zəngəzuru, Göyçəni, Zəngibasarı itirmişik, bu gün Qarabağ və qarabağətrafı rayonlarımızı itirmişik. Amma geriyə dönüşümüz olacaq. Mən buna əminəm və onun uğrunda da mübarizə aparıram. Çəkinmədən, qorxmadan o ümidin ətəyindən tutub gedirəm. Bunun yolları çox rahat və sadədir. Bunun üçün sistemli ardıcıl və nəfsini aşağı edə bilən bir siyasət sərgiləməlisən.

– İqbal bəy, diasporalarımızın fəaliyyətini bəzək-düzəksiz necə qiymətləndirmək olar? Erməni diasporaları 100 illər hər şeylərini böyük Ermənistan qurmaq üçün xərclədikləri zaman, biz nə edə bilirik?

– Xaricdə bizim diasporamız yoxdur. Azərbaycan hökumətinin diaspora üzrə siyasəti kökündən yanlışdır. Lobbiçiliklə diasporaları qarışdırdıq. Yazıq, yetim, tapdalanmış, problem içində olan adamlardan özünün hüququnu müdafiə edən adam düzəltməyə çalışırıq. Neft müqavilələrində iştirak edən, ölkədən bu qədər sərvət aparan, burada fəaliyət göstərən şirkətləri lobbiçiliyə dəvət etmək lazım idi. Bunlar Azərbaycanı əllərinin içində saxlamalı idilər. Sən bunu edə bilməmisənsə günahı özündə axtar. Meydandan qaçan yazıq, yetim soydaşımızdan nə istəyirsən? O nə edə bilər, onun nəyə gücü çata bilər? Çox olsa çıxıb “Qarabağa azadlıq” deyə bilər, onu da edir. Bu nə lobbiçilikdir, nə də diasporaçılıqdır? Dövlət komitəsinin ayırdığı 5-3 manata gedib uzaqbaşı mitinq edə bilər də. Yaxud bir proqrama çıxıb veriliş verə bilər. Mahiyyətə baxın, Ermənistan diasporası Ermənistana kömək edir, bizim diasporalar Avropada pul verə-verə hansısa bir təklifi həyata keçirtmək istəyir. O üzdən deyirəm ki, bizim diaspora BP, LUKoil, Statoil, Total olmalı idi. Çünki hamısı burdan pul qazanır. Dövlət öz siyasətini onlarla qurmalı idi.

– İqbal bəy, bəllidir ki, hər bir cəmiyyətdə neqativlə pozitivliyin mübarizəsi gedir. Bəzən pozitiv enerji irəliləyir, bəzən də əksinə. Ayrı-ayrı sferalarda toplanmış neqativ enerjinin neytrallaşması üçün ciddi tədbirlərin görüldüyünü də müşahdə edirik. Bu gün Azərbaycanda balans daha çox hansı enerjinin xeyrinə işləyir?

– Pozitiv enerji cəmiyyətdə çox azdır. Bu da sosial problemlərin çoxluğundan, nagümanlıqdan, sabaha ümidsizlikdən doğan bir haldır. Bilirsiz, insanın düşüncəsi rahat olmayanda pozitiv ola bilmir. Bir qadının düşüncəsinin rahat olması bir ailənin rahat olması deməkdir. Əgər qadın soyuducusunu açanda “nə bişirəcəm?”, “uşaq dərsdən gələcək, nə verəcəm?” sualı altında qalırsa, onun bundan doğan mənfi enerjisi bütün ailəyə yansıyacaq. Cəmiyyətdə neqativ enerji çoxdur. Cəmiyyət çox təəssüf ki, pessimistdir, ümidsizdir. Adamın problemləri ola bilər, amma bir ümid olur və onun arxasınca gedir. Ən acınacaqlısı isə odur ki, bu gün o ümid yoxdur.

– Camaat ümid edir ki, bu böhran da keçər.

– Yox, neft müqavilələri bağlananda camaat ümid edirdi ki, halımız çox yaxşı olacaq. İndi isə neft gəlirlərindən sonra vəziyyət belə oldusa, daha düzəlməyəcək mənasındadır. Düşüncələr böhrandan çox bunun üzərindədir. Əslində, düşünmək camaatın işi deyil. Siz eşitmisiz ki, hansısa toplum bir ixtira, elmi kəşf eləsin? Çıxış yolu göstərənlər fərdlərdir. Yeni təşkilatlanma modelini fərdlər gətirəcək, yeni hakimiyyət quracaq. Bu da yeni nəfəs gətirəcək. İnsanların yaşayışını yeni istiqamətə çevirib, insanlara ümid verəcək. Bunu toplumdan gözləməyinə dəyməz.

“Bu, Azərbaycana ciddi ziyan vuracaq”

– İqbal bəy, Azərbaycan-Ermənistan Sülh Platformasının Qarabağ münaqişəsinin həllində məqsədi nədir? İşğala məruz ölkənin ziyalısı, millət vəkili bu platformaya qatılmaqla sanki nəyi ifadə etmiş olacaq?

– Mən Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarıyam və bu istiqamətdə nə lazımdırsa proqram şəklində işləmişəm. Azərbaycan siyasətçiləri içərisində bu münaqişənin həlli platformasını məndən yaxşı bilən yoxdur. Avropa birliyinin prezidentindən tutmuş erməni diasporasının nümayəndələrinə qədər hər kəslə bu istiqamətdə söhbətlərimiz olub. Lakin bugünkü sülh platforması yanlışdır. Çünki təktərəfli sülh platforması olmur. Bu, ikitərəfli və cəmiyyətin razılığı ilə baş verir. Gəlin biranlıq düşünək: Rusiyanın, İranın ölkəmizə qarşı təxribat ehtimalı bu qədər yüksək olduğu bir vaxtda, Bakıya gələn ermənilərin qorunması üçün nə qədər pul ayırmalıyıq. Hakimiyyətdə kim bunu edirsə, ən böyük səhvdir. Çünki biz o adamları qoruya bilməyəcəyik. Rusiya onların üzərinə gedəcək. Sülh platformasına Şahin Mirzəyevin Ermənistanda siyasi sığınacaq alması Rusiya tərəfindən o hadisəyə cavab idi. Çox təəssüf ki, Azərbaycanda onun maşaları var. Daha ciddi cavablar ola bilər. Nə qədər gec deyil geri çəkilmək lazımdır. Bu, Azərbaycana ciddi ziyan vuracaq. Mən onların xoş məramını, Azərbaycan-Ermənistan danışıqlarında pozitivliyi qəbul edirəm, lakin zamanı, forması düzgün seçilməyib və Azərbaycanı fiaskoya uğradacaq. O ermənilərin Azərbaycanda başına bir iş gəlsə, bizim imicimiz konflikt yeni başlayan dövrdəki kimi beynəlxalq miqyasda başımıza uçurdulacaq. İstəklər həmişə yaxşı nəticə ilə qurtarmır.

– Qarabağ məsələsində danışıqlar gedir, amma üfiqdə heç nə yoxdur.

– Heç nə dəyişməyəcək. Çünki tərəflərin yanaşması səhvdir. Tərəflər anlamaq istəmirlər ki, münaqişənin arxasında duran və bunu daim gərginlikdə saxlayan qüvvə Rusiyadır. Biz qəbul etməliyik ki, Azərbaycanla Ermənistan bir-birinə dost olmağa borclu deyil, amma qonşu olmağa məhkumdur. Əgər belədirsə, dinc halda yanaşı yaşamağın yollarını axtarmalıyıq. Bunun da yolu Rusiyanın Cənubi Qafqaz regionundan çıxarılmasıdır ki, hakimiyyətlər bu yolu axtara bilmir. 5-15 il sonra da belə olacaq. Azərbaycanda bütün problemlərə baxış Qarabağla bağlıdır ki, bu da kökündən yanlışdır. Mütəllibov iqtidarı deyirdi ki, Qarabağ problemini həll etməyə qoymayan müxalifətdir. Müxalifətlə döyüşdü ki, imkan verin münaqişəni həll edim. Cəbhə iqtidarı gələnə qədər düşünürdü ki, milli hakimiyyət, milli iradə, milli istək yoxdur. Gəldi, amma həll edə bilmədi. Heydər Əliyev iqtidarı belə düşünürdü ki, Qarabağ probleminin həll olunmaması təcrübənin, peşəkarlığın çatışmamazlığıdır. Gəldilər, yenə həll olunmadı. Mövcud iqtidar düşünür ki, münaqişənin həll olunmamasının səbəblərindən biri iqtisadi cəhətdən və hərbi cəhətdən zəif ordudur və bunlar güclənsə, həll olunacaq. Bu da oldu, amma yenə də həll olunmadı.

– Səbəbləri tapa bilmirik.

– Səbəblər qüsurlu tərbiyəmizdə, qüsurlu idarəetməmizdə, qüsurlu düşüncəmizdədir. Bunu dəyişmək üçün topluma da ehtiyac yoxdur, bir necə nəfər oturub düşünməliyik. Hər bir millətin şablonu var. Məsələn, Atatürk Türkiyə üçün bir şablon cızmışdı və millət uzun müddət bu şablonun içərisi ilə gedirdi. Amerikada isə 1700-cü illərdən bəri bir şablan var, kimsə də ondan kənara çıxmağa çalışmır. Biz isə öz şablonumuzu cıza bilməmişik. Çünki ömür boyu işğal təfəkkürü, istila, qorxaqlıq təfəkkürü ilə böyüyən bir millət “ev buzovundan öküz olmaz” anlayışına söykənir. “Mənimkindən heç nə olmaz, ancaq qıraqdan gəlməlidir”- deyirik. Bizim problemlər bunlardır və biz bunu düşünən nəsil olaraq dəyişməyi bacarmalıyıq. Hamıya danışırsan, deyirlər -“bəli, bəli”. Amma desən ki, ay əzizim, sizdən bir şey istəmirəm, gəlin bir yerdə yeni Azərbaycan şablonu cızaq, heç kəs gəlmir. Çünki heç kəs əlini daşın altına qoymaq istəmir. Hamı korrektura, ictimai rəylə məşğuldur. Bəzən dəhşətə gəlirəm bu haldan. Adam evində acdır, amma bəzənib-düzənir elə çıxır ki, gəl görəsən. Yəni hər kəs görünüşlə məşğuldur. Gedin bizim toylara baxın, qonşuların qızıllarını taxanlardan tutmuş,“prokat”a paltar götürənlərə qədər hər şey var. Adam olduğu kimi görünməkdən qorxur. Çünki iç boş, ancaq çölü bəzəməklə məşğuldur. Bu faciədir, uzun illər bizi bu cür tərbiyə ediblər. Uşağı cır-cındır içində yatıb, amma yaxşı yorğan-döşəyini, mələfəsini yığıb, qonağına saxlayıb. Otağın ən yaxşısının qapısını bağlayıb, qonağa saxlayıbar. Evin kişisi gəlməyənə qədər qazanın qapağını açıb, uşağa yemək verməzdilər. Tikənin ən yaxşısını evin kişisinə verərdilər. Deyən yox idi ki, evdə uşaq böyüyür ey, həmin tikə ona verilməlidir. Biz belə tərbiyə olunmuşuq. İndi hakimiyyətdə olan məmurlar yeyirlər, camaatda deyir ki, elə belə də olmalıdır.

– Bəs sabah necə olacaq. Nə dəyişəcək?

– Sabah nəsə olması üçün sənin, mənim şablon cızmamız lazımdır və yeni döblət modelinə keçirilməlidir. Bu tez başa gələn deyil, amma bu istiqamətdə tərbiyə olunmalıdır. Bir dövlət modelinə keçid olmalıdır.

– Bu günə qədər buna imkan verilməyibsə, bundan sonra olacaq?

– Biz bunu yaradacağıq. Mən çalışıram, yarada bilməsəm məndən sonrakı yaradacaq və bu millət mütləq ayaq üstə duracaq. Bunun ayrı yolu yoxdur.

 

Tahirə QAFARLI

Yeniçağ.az