Növbəti parlament nələri dəyişməlidir? – “Yeni dövr adlandırılan bu mərhələdə hər şey yenilənməlidir”

“İlham Əliyevin formalaşdırdığı siyasi arxitekturaya uyğun qanunvericilik bazası formalaşmalıdır”.

Bunu Yenicag.az-a açıqlamasında 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində 90 saylı Ağsu seçki dairəsindən namizədliyini irəli sürən Cümşüd Nuriyev deyib.

O, yeni parlamentdən gözləntiləri barədə fikirlərini səsləndirərkən qeyd edib ki, əsas hədəf Vətən müharibəsində qazanılan qələbəni bütün sahələrdə möhkəmləndirməkdən ibarətdir.

“İkincisi, sahibkarlığı, kiçik və orta biznesi, eyni zamanda qeyri-neft sektorunu inkişaf etdirmək üçün yeni güzəştli iqtisadi sistem hazırlanmalıdır. Çünki bazar iqtisadiyyatı şəraitində kifayət qədər təcrübəsi olmayan və cəmi 33 illik müstəqilliyi olan dövlət üçün yeni mexanizmlər vacibdir. Bu mexanizm həm dünyada baş verən prosesləri, həm qlobal siyasi oyunları nəzərə almalı, həm də yeni dünya düzəninə uyğunlaşdırılmalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin formalaşdırdığı siyasi arxitekturaya uyğun qanunvericilik bazası formalaşmalıdır.

Üçüncüsü, Azərbaycanın təhsil və səhiyyə sahəsində ciddi problemləri mövcuddur. Qanunvericilik müstəvisində mexanizmlər hazırlayıb icra etmək üçün addımlar vacibdir”, – deyə o qeyd edib.

C.Nuriyev deyib ki, mühüm məsələlərdən biri də məcəllələrin dəyişilməsidir.

“Çaşqınlıq yaradan bu sahədə sistemli şəkildə işlər mühümdür. Dünyada qəbul olunan normalara görə hər hansı qanunda 25-ə qədər əlavə və dəyişiklik olursa yenidən işlənilir. Bizdə isə müşahidə etsək pensiyalar haqqında qanuna ayda iki dəfə dəyişiklik edilir. İndiyə qədər təxminən 169 dəyişiklik edilib. Sanki yamaq vururlar. Düzdür, ilk illərdə bunu qəbul etmək olardı. Ancaq Azərbaycan 33 ildir müstəqildir. Bu, bir qərinə deməkdir.

Bir sözlə, xarici siyasət, ölkənin milli-mənəvi dəyərləri, qonşu ölkələrlə münasibət və ümumilikdə yeni dövr adlandırılan bu mərhələdə hər şey yenilənməlidir. Bu baxımdan yeni qurulan parlamentin üzərinə böyük yük düşür”, – deyə namizəd bildirib.

Nəsimi Ələsgərli