!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Növbəti referendumun 2023-cü ilin əvvəllərində keçirilməsi daha real görünür” – ŞƏRH

!Reklam – Yazi

“Deputatların mövcud sayı ilə əhalinin sayı arasında ciddi disproporsiya yaranıb”.

Bu fikirləri ölkədə Konstitusiya referendumunun keçirilməsinə dair müzakirələr fonunda bu ehtimala münasibət bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Azərbaycanda qarışıq seçki sisteminin bərpası ölkədə siyasi institutlaşma prosesinə mühüm təkan verərdi:

“Referendumun keçirilməsinə dair müzakirələrin yenidən başlaması bu məsələnin həm ciddi, həm də aktual olmasının göstəricisidir. Hələllik referendumla bağlı səslənən fikirlərdə proporsional seçki sisteminin bərpasının zəruriliyi daha çox qabardılır.

Mən də hesab edirəm ki, Azərbaycanda qarışıq seçki sisteminin bərpasına ehtiyac var. Bu addım ölkədə siyasi institutlaşma prosesinə mühüm təkan verərdi. Eyni zamanda, proporsional sistemin bərpası ölkənin siyasi həyatında canlanmanın yaranması və partiyaların fəaliyyətinin intensivləşməsində mühüm rol oynaya bilər.

Digər tərəfdən, Milli Məclis deputatlarının sayının artırılması da optimal təklifdir. Çünki deputatların mövcud sayı ilə əhalinin sayı arasında ciddi disproporsiya yaranıb. O baxımdan, proporsional və majoritar sistemlər arasında hansı nisbətin seçilməsindən asılı olmayaraq, deputatların sayının artırılması zəruridir.

Fikrimcə, ölkədə seçki dairələrinin sayının artırılması da nəzərdə tutulmalıdır. Bildiyiniz kimi, hazırda elə dairələr var ki, üç rayonun yaşayış məntəqələrini əhatə edir. Belə olduqda namizədlərin də effektli təşviqat kampaniyası aparması xeyli çətinləşir. Mən özüm 52 saylı Quba seçki dairəsindən iki dəfə namizəd olduğum üçün bu çətinlikləri görmüşəm.

Gedən müzakirələrdən belə nəticəyə gəlmək olar ki, Azərbaycanda növbəti Konstitusiya referendumunun 2023-cü ilin əvvəllərində keçirilməsi real görünür. Əgər referendum baş tutarsa, o zaman bunun ardınca növbədənkənar parlament seçkilərinin keçirilməsi də, yəqin ki, gündəmə gələcək”.

A.Zeynalov

www.yenicag.az

726
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv