Novella Cəfəroğludan ictimai əxlaqsızlığa ÜSYAN: “Barlarda, otellərdə açıq-aşkar insan alveri gedir”
“Nə qədər ki göz qarşısında iyrənc qızlar olacaq, o vaxta qədər də bir-birlərinin başında yumurta qıracaqlar”.
Bu fikirləri məktəbli qızlar arasında baş vermiş məlum insident fonunda mənəvi aşınmanın dərinləşməsinə kəskin etirazını bildirən Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Yenicag.az-a açıqlamasında deyib.
Hüquq müdafiəçisinin sözlərinə görə, Prezident İlham Əliyevin çıxışları və bayramlarda göstərilən köhnə filmlərlə tamaşaları istisna olmaqla, telekanallara heç kim baxmır:
“Cəmiyyətin bəzi üzvləri bu platforma ilə tanış olduqdan sonra iç üzləri açıldı. Saçını-başını düzəldib canlı yayıma girənlər, söyüşlə danışanlar, əxlaqsız hərəkətlər edənlər… Övladının etik və Azərbaycan mentalitetinə uyğun olmayan davranışlarını ailə görmür? Sonu elə bu cür də olmalı idi. Təəccüblənəsi bir şey yoxdur.
Baş vermiş hadisəyə görə ən böyük məsuliyyəti ailə, daha sonra isə məktəb daşıyır. Təhsil ocağında psixoloq olmalıdır. Ancaq varmı? Xeyr. Hansı məktəbdə psixoloqun şagirdlə danışıq apardığı görülüb? Sadəcə, məvacib almaq üçün məktəbdə otururlar. Düzdür, Azərbaycan müasir və dünyəvi dövlətdir. Ancaq bu qədər də olmaz. Qarnıaçıq və ədəbsiz geyinənlərin at oynatmasına görə elə cəmiyyətin özü günahkardır.
Barlarda, otellərdə açıq-aşkar insan alveri gedir. “TikTok”da qaşını alan, dodağını şişirdən “oğlanlar” pul dilənir, üstəlik, fəxrlə “məni saxlamağa hər kəsin pulu çatmaz”, – deyir. Bütün bunlarla bağlı ciddi ölçü götürülməlidir, övladı ilə maraqlanmayan ailələr cərimə olunmalıdır, bu kimi halların qarşısının alınması üçün müntəzəm monitorinqlər keçirilməlidir.
Həmçinin telekanalların proqramlarına ciddi korrektələr edilməli, təbliğat düzgün qurulmlıdır. Hər yanı “düzəldilmiş” lüt aktrisalarla şou yaratmağa son qoyulmalıdır. Budur Azərbaycanın reallığı. Prezident İlham Əliyevin çıxışları və bayramlarda göstərilən köhnə filmlərlə tamaşalar istisna olmaqla, yerli telekanallara heç kim baxmır. Nə qədər ki göz qarşısında iyrənc qızlar olacaq, o vaxta qədər də bir-birlərinin başında yumurta qıracaqlar”.
Nəsimi Ələsgərli