Bu gün Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib.
Dövlət Neft Fondundan Yenicag.az-a verilən məlumata görə, baş nazir Novruz Məmmədov Dövlət Neft Fondunun Müşahidə Şurasının qərarı ilə Müşahidə Şurasının fəaliyyətdə olan sədri seçilib.
Məlumatda bildirilib ki, iclasda Dövlət Neft Fondunun 2017-ci il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabat, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2017-ci il büdcəsinin icrası və Fondun 2018-ci il büdcəsində dəyişikliklərin edilməsi məsələlərinə baxılıb.
Müşahidə Şurası ARDNF-nin İcraçı direktorunun təqdim etdiyi Fondun 2017-ci ildə fəaliyyəti haqqında illik hesabatı, 2017-ci ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Praysvoterhauskupers Audit Azərbaycan” MMC) hesabatını məqbul hesab edib, ARDNF-nin 2017-ci il büdcəsinin icrası layihəsinin və ARDNF-nin 2018-ci il büdcəsindəki dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunması barədə qərar qəbul edib.