“Bayram ərəfəsində vətəndaşlarımız əsasən Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Avropanın müəyyən ölkələrinə üz tuturlar”.
Bu fikirləri Novruz bayramı ilə əlaqədar vətəndaşların istirahət üçün üstünlük verəcəkləri yerli və xarici turizm istiqamətlərinə tələbatı dəyərləndirən ekspert Samir Dübəndi Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, pandemiyadan sonra yaranmış şəraitdə təyyarə ilə uçuşların bahalaşması ölkədən xaricə turist axınına da təsir göstərir:
“Bildiyimiz kimi, bayram günləri turizmin xeyli aktivləşdiyi dövrdür. İnsanlar öz istirahətlərini və turizm hazırıqlarını məhz bu ərəfəyə planlaşdırırlar. Bununla əlaqədar vətəndaşlara təklif olunan turizm zərflərinin qiymətlərində də artım müşahidə olunur.
Bir çox insanlar istirahət üçün müxtəlif bölgələrimizə səfərə hazırlaşarkən, beşulduzlu otellərdə məskunlaşmağa üstünlük versələr də, bu kateqoriyaya aid olan otellərin qiymətləri ilə razılaşmırlar. Fikrimcə, bu, doğru yanaşma deyil. Hər bir kateqoriyaya aid otelin özünəməxsus qiyməti olur. Digər bir amil isə istirahətin planlamasında yol verilən gecikmədir. Belə olduqda, artıq bazarda daha bahalı və az sayda təkliflər arasında seçim etmək məcburiyyəti yaranır.
Bayram ərəfəsində vətəndaşlarımız əsasən Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Avropanın müəyyən ölkələrinə üz tuturlar. Lakin pandemiyadan sonra yaranmış şəraitdə təyyarə ilə uçuşların bahalaşması ölkədən xaricə turist axınına da təsir göstərir. Vətəndaşlarımıza turizm hazırlıqlarını daha öncədən planlamalarını və turların seçimində birmənalı olaraq peşəkarlara üstünlük vermələrini tövsiyə edərdim”.
Bu mövzuda Yenicag.az-a açıqlama verən turizm eksperti Ceyhun Aşurovun sözlərinə görə, Novruz bayramı mübarək Ramazan ayına təsadüf etdiyindən, vətəndaşlar xarici səfərlərə o qədər də meyl etmirlər:
“Bayram ərəfəsində vətəndaşlarımızın istirahət üçün həm xarici ölkələrə, həm də regionlarımıza səfərləri gözlənilir. Artıq müxtəlif tur paketlərinin vətəndaşlara təklif edilməsinin də şahidi oluruq. Hazırda regionlarda fəaliyyət göstərən otellər müəyyən hazırlıqlar həyata keçirirlər. Qiymətlərdə artım gözlənilsə də, keçən illə müqayisədə bu il bahalaşma çox olmayacaq.
İstirahət günlərinin ardıcıl olmasına baxmayaraq, hər il bazara yeni təkliflərin və məskunlaşma yerlərinin daxil olması əlavə seçim imkanlarının yaranmasına səbəb olur. Bir sıra vətəndaşlar ölkə daxilində olan turların bəzi xarici turların qiymətlərindən fərqlənməməsindən narazılıq edirlər. Bu da şəxslərin seçimindən asılı olan məsələdir. Novruz bayramı mübarək Ramazan ayına təsadüf etdiyindən, vətəndaşlar xarici səfərlərə o qədər də meyl etmirlər, yaxud da səfərləri maksimum dərəcədə qısa tutmağa çalışırlar”.
İsmayıl Bakuvi