“Regionlarda tələbatın ötən ilə nisbətən daha kəskin artacağını planlaşdırmırıq”.
Bunu Yenicag.az-a açıqlamasında turizm üzrə ekspert Ceyhun Aşurov bildirib.
O, Novruz bayramı ərəfəsində bölgələrdə fəaliyyət göstərən hotellərin turizm potensialı və qiymət siyasətini şərh edib.
Mütəxəssisin sözlərinə görə, tələbat çox olsa da, qiymətlərin ötən ilə nisbətən daha çox olması gözlənilmir:
“Məlumdur ki, bayram günlərində insanlar bir çox rayonlara üz tutacaqlar. İnsanların rayonlara üz tutması ilə əlaqədar olaraq artıq hotellərdə tələbat artacaq. Ancaq bu tələbatın kəskin artacağını düşünmürük. Regionlardakı hotellər müştərini cəlb etmək üçün müxtəlif kampaniyalar həyata keçirir. Nəzərə almaq lazımdır ki, bu il Novruz bayramı ilə paralel olaraq həmçinin Ramazan ayıdır. Ramazan ayı isə inanclı insanların oruc tutduğu aydır. Bu ay daha çox oruc tutan insanların passiv və səyahətə getmədiyi bir aydır. Bunu nəzərə alaraq, biz regionlarda tələbatın kəskin artacağının planlaşdırmırıq. Yəni tələbat yüksək olsa da, əvvəlki illərə nisbətən daha çox olacağı gözlənilmir”.
Ekspert qeyd edib ki, insanlar bayramla əlaqədar olaraq ardıcıl qeyri-iş günlərində istirahət etmək üçün təkcə rayonlara yox, həmçinin digər ölkələrə də səyahət etməyi planlaşdırırlar:
“Bununla da bağlı olaraq, biz internetdə və müxtəlif sosial şəbəkələrdə səyahətlə bağlı turizm şirkətlərinin kampaniyalarını görürük. Lakin Azərbaycanda getmə bazarı bərpa olunur və artıq xarici ölkələrə getmə imkanlarında kifayət qədər alternativlər var. Həmçinin insanlar müxtəlif istiqamətlərə səfər edə bilirlər. Qiymətlərə gəlincə isə ötən illə müqayisədə kəskin fərq gözlənilmir. Çünki bunun üçün ciddi əsas yoxdur. Güman olunur ki, bu il qiymət artımı keçənilki qiymətlərə nəzərən yüksək olmayacaq. Bununla yanaşı, qeyd etmək lazımdır ki, ölkə xaricinə üz tutanların sayının az olacağını proqnozlaşdırmaq olar”.
Nəzrin Bünyatova