Numan Kurtulmuş: “FETÖ-çular Prezidenti də, dövlət rəsmilərini də edam edəcəkdilər”

 

Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Numan Kurtulmuş FETÖ terror şəbəkəsinin 15 iyul çevriliş cəhdinin 1-ci ildönümü ilə bağlı Azərbaycandan və digər ölkələrdən gəlmiş jurnalistlərlə görüşüb.

Yenicag.Az xəbər verir ki, Numan Kurtulmuş 15 iyul çevriliş cəhdini obyektiv işıqlandırmaq istəyən jurnalistlərin bu barədə məlumat almalarına hərtərəfli şərait yaradıb:

Kurtulmuşun sözlərinə görə, Türkiyə tarixi üçün 15 iyul 2016-cı il çevriliş cəhdinin iki üzü mövcuddur:

“15 iyul gecəsi tariximizdə ən böyük xəyanət hərəkəti ilə üzləşdik. 40 il ərzində orduda əldə etdiyi imkanlardan xalqı qətlə yetirməyə çalışanlarla üzləşdik. Bu xəyanəti planlaşdıranları və onların arxasındakı qaranlıq əlləri unutmayacaq, unutdurmayacağıq.

Təəssüf ki, 67 il ərzində milli iradəyə qarşı 5 dəfə hərbi çevriliş olub. Bu çevrilişlərdən birində baş naziri iki nazirlə edam ediblər. 1997-1998-ci illərdə xalqın iradəsi ilə hakimiyyətə gələn baş nazir təhdidlə hakimiyyətdən uzaqlaşdırılıb.

Millətimiz bu 5 çevriliş zamanı müxtəlif səbəblərdən yetərincə müqavimət ortaya qoya bilmədi. 15 iyulda isə xalqımız iradəsini göstərdi. Böyük bir qəhrəmanlıq dastanı yazıldı.

Çox şükür ki, 15 iyul gecəsi belə olmadı. Millətimiz əliyalın halda sinələrini tankların qabağına verdilər. O gecə doğmalarını itirən insanlar, qadınlar belə inanılmaz fədakarlıq göstərdilər.

Beynəlxalq aləmdəki dostlarımızdan da bu həqiqətləri paylaşmağı xahiş edirik. 15 iyul eynilə Qurtuluş Savaşında, Malazgirt və Çanaqqalada olduğu kimi Türkiyə xalqının böyük qəhrəmanlıq dastanıdır. Millətimiz bu dövlətə düşmən çıxanlara qarşı qəhrəmanlıq dastanları yazıb. Bu qəhrəmanlıq da unudulmayacaq.

15 iyul gecəsi fədakarlıq göstərərək, adlarını tarixə qızıl hərflərlə yazan şəhidlərimizin, qazilərimizin, meydanlara çıxan milyonlarla vətəndaşımızın qəhrəmanlığını bütün dünyadakı dostlarımızla paylaşacağıq.

Şişirtmədən deyirəm ki, 15 iyul Türkiyə tarixi, o cümlədən demokratiya tarixi üçün də çox mühüm dönüş nöqtəsidir.

Əgər FETÖ-çular 15 iyul gecəsi prezidentimiz Rəcəb Tayyib Ərdoğanı qaldığı oteldə tapsaydılar, şübhəniz olmasın ki, Prezidenti elə oradaca edam edəcəkdilər. Bizləri də tutsaydılar, ələ keçirtdikləri yerdəcə məhkəməsiz-filansız öldürəcəkdilər, indi bu toplantıda olmayacaqdıq. Çevriliş baş tutsaydı, indi Məclis və zəruri idarəetmə mexanizmləri də olmayacaqdı, siyasi partiyalar fəaliyyət göstərə bilməyəcəkdilər.

Hətta Türkiyə Suriyada olduğu kimi vətəndaş müharibəsinə sürüklənəcək və daha sonra İraq kimi xarici işğala məruz qalacaqdı.

Bütün bunlardan sonra kim iddia edə bilər ki, 15 iyul çevriliş təşəbbüsü idarə edilən ssenari olub? İnsaflı olmaq lazımdır.

15 iyul idarə olunan çevriliş təşəbbüsü yox, millət tərəfindən qarşısı alınan çevriliş cəhdidir”.

Yenicag.Az

COP29