“Nurəddin Sadıxov uğurlu Xocavənd əməliyyatını yarımçıq dayandırdı” – Keçmiş briqada komandiri ilə MÜSAHİBƏ
“Rəhim Qazıyev mikrafonu götürdü və dedi ki, mənim bundan xəbərim olmayıb”.
Birinci Qarabağ Müharibəsində müxtəlif istiqamətlərdə ağır döyüş yolu keçmiş hərbi hissələrdən biri də 704 saylı briqada olub. Sözügedən briqada tək yerləşdirildiyi Beyləqan, Xocavənd, Ağcabədi ətrafında gedən döyüşlərdə deyil, həm də “Laçın dəhlizi”, o cümlədən, Kəlbəcər istiqamətində keçirilmiş əməliyyatlarda iştirak edib. 704 saylı briqada Qarabağ müharibəsində çox sayda uğurlu əməliyyatlar keçirmiş hərbi hissələr sırasında xüsusi seçilib. 704 saylı hərbi hissənin komandiri olmuş polkovnik Mikayıl Hacıyev bizimlə geniş söhbətində rəhbərlik etdiyi briqadanın döyüş yolu və digər məsələlər barəsində ətraflı danışıb.
Yenicag.az keçmiş briqada komandiri Mikayıl Hacıyevlə müsahibəni təqdim edir:
Qısa arayış:
Hacıyev Mikayıl Hacıverdi oğlu. 1960-cı il martın 4-də Lənkəran rayonunun Xolmili kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Sovet Ordusu sıralarında hərbi xidmət keçib. 1980-84-cü illərdə Orconikidze Ali Hərbi Komandirlər məktəbində təhsil alib. Bir neçə il SSRİ-nin müxtəlif bölgələrində xidmətini davam etdirib. 1987-ci ildə Leninqrad Ali Hərbi-Siyası Məktəbinə daxil olub və oranı müvəffəqiyyətlə bitirib. Xidmət müddətində taqım komandiri vəzifəsindən motoatıcı briqada komandirinədək yüksəlib. Qarabağ müharibəsinin başlanğıcında öz istəyi ilə Azərbaycana gələrək, 1991-ci ilin dekabr ayında Bakıda Daxili Qoşunlarda xidmətə başlayıb. 1992-ci il iyulun 25-dən etibarən, Milli Orduya keçib. Əvvəl 820 saylı hərbi hissə komandirinin müavini olaraq, Göytəpə alayına başıçılıq edib və şəxsi heyəti döyüşlərə hazırlayıb. 820 saylı briqadanın bazasında yaradılmış 704 saylı hərbi hissənin komandir müavini və sonra komandiri olub.
– Azərbaycana qayıtdıqdan sonra xidmətə haradan başladız və ilk döyüşünüz hansı olub?
– Azərbaycana qayıdandan sonar, əvvəl Daxili Qoşunlarda xidmətə başladım. 1992-ci il fevral ayının 11-də rus ordusunun tabeliyində olan Daxili Qoşunların taborunu döyüş mövqeyinə çıxarmışam və Ağdam rayonunun Şelli kəndinin müdafiəsində, mart ayında isə Papravənd və Qalayçılar yaşayış məntəqələrinin müdafiəsində iştirak etdim.
May ayının axırlarında Əsgəranın alınması üçün genişmigyaslı hücum əməliyyatı keçirmək lazım idi. Naxçıvanık əməliyyatının keçirilməsi Asif Məhərrəmovun Ağdam özünümüdafiə batalyonu ilə birgə komandanlıq etdiyim DQ hərbi hissəsinə həvalə olundu. Az müddət ərzində cəmi 4 itki verərək, Naxçıvanik kəndini azad etdik. Bunu görən “qərargah” Əsgəranın alınması üçün sağ cinahımızdakı hərbi hissələrə “hücüm” əmri verdi. Dəhraz və Ağbulaq kəndləri nəzarətə götürüldü. Lakin Qaraqaya yüksəkliyində ciddi müqavimət görən bölmələrimiz geri çəkilməyə başladı. Naxçıvaniki mühasirəyə alan düşmən nəyin bahasına olursa-olsun, kəndi ələ keçirməyə çalışırdı. Hər gün 2-3 dəfə hücum edirdilər, lakin əsgərlərimiz qətiyyətlə bu hücumlaırn qarçısını alırdı, hətta əks hücuma da keçirdilər. Belə əks-hücumların birində Təkirdağ və “Pir” yüksəkliyini ələ keçirdik. O yüksəklikləri əldə saxlaya bilmək üçün bizə hərbi texnika, minaatan və tank əleyhinə qumbaraatanlar söz versələr də, heç bir yardım olmadı. Bir gün həmin yüksəklikləri nəzarətdə saxladıq, düşmənin çoxlu sayda texnika və hətta aviasıyanın da cəlb edildiyi hücumunun qarşısı alındı. Amma çox sayda itki verdiyimizdən, Naxçıvanik kəndinə enməyimizi əmr etdim. Tam 21 gün kənddə mühasirədə qalan əsgər və zabitlərimiz düşmənin yüzlərlə canlı qüvvəsini və onlarla zirehli texnikasını məhv etdi. Bu müddət ərzində bizim də itkilərimiz az olmadığı üçün yuxarı komandanlığın əmrinə əsasən, mühasirəni yararaq kəndi tərk etməyə məcbur olduq. O döyüşlərdə mən də yaralandım və bir aya yaxın Hərbi Hospitalda müalicə aldım. Bundan sonra məni Müdafiə Nazirliyinə çağıraraq, 820 saylı hərbi hissəyə komandir müavini göndərdilər.
– 820 saylı hərbi hissə döyüş bölgəsinə tam hazırlıqlı gəlmişdi. Öncə o hazırlıq prosesi haqda danışardız…
– Hərbi hissəmizin yaranma prosesi mənə qədər artıq başlanmış və bu yöndə böyük işlər görülmüşdü. 1991-ci ilin axırlarında müdafiə mazirinin əmri ilə Lənkəran şəhərində 820 saylı Lənkəran özünmüdafiə taboru yaradılmışdı. Tabor ilk əvvəl könüllülərdən, sonra isə hərbi komisarlıqdan göndərilən çağırışçılardan ibarət olaraq, formalaşdırılmışdı. Şəxsi heyətə yüksək səviyyədə təlim keçirilmiş və 1992-ci ilin may ayından isə müxtəlif qoşun növləri yaradılmışdı. Eyni zamanda, Cənub zonasında olan Sovet ordusunun 60-cı Motoatıcı diviziyasının hərbi hissələri döyüş texnikaları və silah-sursatları ilə birlikdə tədricən təhvil alınırdı. Mən o hərbi hissəyə göndəriləndə, döyüşə tam hazırlıqlı bir alay formalaşdırmaq tapşırığını aldım. Bizim əsas vəzifəmiz şəxsi heyətin hazırlanması olub. Hazırlıq prosesinin təməlində nizam-intizam dayanır. İntizam olmayan yerdə hazırlıqdan söhbət gedə bilməz. Odur ki, əsas diqqətimizi buna yönəltmişdik. Hərbi hissəmizin şəxsi heyətini həm gənc əsgərlər, həm də könüllülər təşkil edirdi. Bizdə gənc və könüllü əsgər arasında fərq olmayıb. İlk növbədə onların geyimi, Nizamnaməyə uyğun davranışı qaydaya salındı. Onların arasında qarşılıqlı ünsiyyətin qaydasında olması üçün təbliğat aparılır, hazırladığımız kiçik komandir heyətindən bu kimi məsələləri nəzarətdə saxlamalarını tələb edirdik. Təşkil edilmiş tağım, bölük və tabor komandirləri öz seçimlərinə əsasən, vəzifələrə təyin edilmişdi. Əksər könüllülər artıq Qarabağın bir çox yerlərində döyüşlərdə iştirak etmişdi və onların döyüş təcrübələrindən də yaralanmaq lazım idi. Hərbi hissəmizin şəxsi heyətində böyük bir inam var idi ki, bu müharibə qısamüddətlidir və tezliklə bütün torpaqlar işğaldan azad olunacaq, öz evlərini tərk etmiş əhali dogma yurd-yuvalarına qayıdacaq.
Onu da deməyə ehtiyac var ki, mən hərbi hissəni qəbul edənə qədər bu hərbi hissəyə bir neçə zabit də dəvət olunmuşdu. Müxtəlif rütbəli o zabitlərdən heç biri hərbi hissədə uzun müddət qalaraq, komandirlik etməmişdirlər. Mən demək istəmirəm ki, onlar pis, mən isə yaxşı idim. Sadəcə, onu demək istəyirəm ki, onlar bu hərbi hissədə duruş gətirə bilməmişdirlər. Bunun da əsas səbəbi konüllülərlə normal ünsiyyət qura bilməmələri idi. Yəni açıq demək lazımdır ki, 1991-92-ci illərdə mövcüd olan silahlı qüvvələrin əsasını könüllülər təşkil edirdilər. Bu könüllülərin də əksəriyyəti milli-azadlıq hərəkatında yetişmiş vətənpərvər insanlar idi. Onların Azərbaycana münasıbətləri təmiz idi, vicdanlı idilər. Yaradılmış özünümüdafiə batalyonlarında bunlar artıq özlərinə yer etmişdilər, nüfuz qazanmışdılar. Batalyonda baş verən hər bir prosesə həssaslıqla yanaşırdılar. Onlar öz növbəsində Qarabağda yerli batalyonlarla birlikdə müxtəlif əməliyyatlarda, döyüşlərdə iştirak edirdilər, təcrübəli idilər. Ona görə də hərbi hissəyə gəlmiş peşəkar zabitlər onlarla ünsiyyət qurmaq, dil tapmaq məcburiyyətində idi, lakin onlar bunu edə bilmirdilər. Mən hərbi hissəyə gələndə isə artıq bu könüllülər də başa düşürdülər ki, briqadaya hərbi bilikli zabit başçılıq etməli, döyüş texnikalarından istifadə etmək, böyük bir hərbi hissəni idarə etmək iqtidarında olamalıdır. Çünki biz Sovet ordusundan əksəriyyətin bildiyi adı silaharla yanaşı, çox sayda müxtəlif döyüş texnikaları da təhvil almışdıq. Döyüşdə o texnikalardan istifadə etmək üçün hərbi bilik tələb olunurdu.
O dönəmdə baş vermiş Ağdərə döyüşlərində bu hərbi hissənin komandir müavini rəhmətlik Fəxrəddin Həbibov, döyüş bölgəsində əsgərin getməli olduğu yolu özü getdi. Nəticədə tankla düşmən minasına düşdü və yanan tankdan əsgəri xilas edərkən şəhid oldu. Bu, onun vətənpərvərliyindən, cəsurluğundan və mərdliyindən irəli gəlirdi, amma bu hərəkəti şəxsi heyəti çaş-baş salıb, onları komandirsiz qoyduğu üçün yüksək hazırlıqlı peşəkar hərbçi axtarırdılar. Bu, mənim birinci şansım idi. İkincisi, mənim könüllülərlə bilavasitə münasibətimin yaxşılaşmasının səbəblərindən biri də böyük qardaşım Cəmil Hacıyevin bu hərbi hissənin komandir heyətində yer alması idi. O, batalyonda şox hörmət qazanmış hərbçi idi. Hələ xalq hərakatında aktiv iştirak etmiş, sovetlərə qarşı mübarizə aparmış, 20 yanvar hadisələrində həbs olunmuşdu. Sonradan Qarabağda bir çox əməliyyatlarda iştirak edib, böyük nüfuz qazanmışdı. Buna görə hamı mənim də onun kimi olacağımı düşünür və hörmət edirdilər. Bu, belə də oldu. Mən ailəmizə məxsus yaxşı keyfiyyətləri davam etdirdim.
Dediyim iki səbəb mənim bu hərbi hissədə qalmağıma, möhkəm nizam-intizam yaratmağıma kömək oldu.
Başqa bir məsələyə də toxunmaq istəyirəm.
Mən cəbhə zonasındakı böyük bir hərbi hissənin komandiri olmuşam və bir sıra məsələlərlə bağlı açıqlama vermək məcburiyyətindəyəm. Komandir olduğum hərbi hissədə könüllülər şəxsi heyətin əvvəlcə əlli-altmış faizini təşkil edirdi. Bunların içərisində müxtəlif rütbəli, profilli insanlar – Əfqanıstanda vuruşanlar, tankçılar, piyadalar və s. var idi. Çavuş, gizir, leytenat və s. rütbədə olanlar var idi. Bunların bəziləri yaşlı idi, xeyli vaxt olardı ki, əldə silah tutmurdular. Ancaq hamısında güclü vətənpərvərlik hissi vardı. Azərbaycana, vətəninə, torpağına bağlı insanlardılar, döyüşməyə hər an hazır idilər. Amma onların bəzilərini çixmaq şərti ilə bir çoxlarını hansısa vəzifəyə gətirməkdə, kimlərəsə səlahiyyət verəndə, bəzən tərəddüd edirdim. Prişibdə keçirdiyimiz hərbi təlimlər göstərdi ki, bunlar kiçik komandirlər kimi özlərini doğrultsalar da, nisbətən yüksək vəzifələrin – tağım, bölük, tabor komandirləri kimi vəzifələrin öhdəsindən gəlməkdə çətinlik çəkirlər. Lakin mən buna məcbur idim, çünki peşəkar kadrlar çatışmırdı.
Azərbaycana gələn hərbçilərin də bir hissəsi dediyim kimi, buradakı şəraiti görüb geri qayıdırdılar. Düzdür, əksəriyyəti atəşkəsdən sonra yenidən Azərbaycana qayıdıb xidmət etdilər, lakin aktiv döyüş əməliyyatları gedən vaxtda bu cür kadr zabitləri çatışmırdı. Ona görə də məcburiyyətdən bir çox kiçik rütbəli hərbçiləri yüksək vəzifələrə təyin etdik və onların bir çoxu bu vəzifələrdə özlərini doğrultdular. Təbii ki, doğrultmayanlar da oldu. Onların bəziləri mən gələnə kimi tutduqları vəzifələrə görə hərbi rütbələr taxmışdılar. Kapitan, mayor, polkovnik-leytenat və s. Zaman-zaman təlimlər keçirildikcə, onlar bu vəzifələrin məsuliyyətini dərk edərək, o rütbələri çıxartdılar və nizam-intizam yaradıldı. Bu, könüllülərlə iş qurmaq, dil tapmaq, onlardan nizam-intizam tələb etmək yeni əsgərləri döyüşə hazırlamaq qədər çətin proses idi. Ona görə də mən söhbətimizin əvvəlində nizam-intizam məsələsini xüsusi qabartdım. Digər tərəfdən, hələ döyüşə getməmişdən əvvəl komandirlərlə, Bakıdan və yaxud döyüş bölgələrindən gəlmiş digər zabitlərlə söhbətlərdə mənə məlum oldu ki, döyüş bölgələrində özünümüdafiə batalyonlarında da nizam-intizam aşağı səviyyədədir, xaotik vəziyyət hökm sürür. Yəni yaradılmış yerli özünümüdafiə batalyonları bir-biriləri ilə yola getmir, bir birilərinə qarşı çıxırdılar. Bu da onların özlərindən asılı deyildi, ziddiyyətlər daha çox həmin özünümüdafiə batalyonlarına nəzarət edən siyasi liderlərlə bağlı idi.
Odur ki, bizim hərbi hissə qarşısında çox böyük bir vəzifə qoyulmuşdu. Bu vəzifə tək Müdafiə Nazirliyi tərəfindən qoyulmamışdı, Azərbaycandakı o dövrün reallıqlarına uyğun olaraq, müəyyən şəkildə manevr etməli idik. Həm siyası qüvvələrlə, həm özünümüdafiə batalyonları ilə, həm də sıralarımızda olan təcrübəli könüllülərlə elə bir münasibət qurmalı idik ki, bu münasibətlərin sonucu Qarabağda qələbəyə gətirib çıxarsın. Bu, çox böyük və ağır vəzifə idi. Bu vəzifəni biz müxtəlif variantlarla yerinə yetirməyə çalışdıq və nəticəsi də yaxşı oldu. Çox təəsüflər olsun ki, bu işlər digər döyüş bölgələrində aparılmadı və nəticədə döyüşlərdə əldə etdiyimiz uğurlar cəbhənin digər hissələrində təkrarlanmadı.
Hərbi hissənin döyüş hazırlıqları Sovet ordusundan təhvil aldığımız hərbi hissələrdə, əsasən də Lənkəranda kəşfiyyat batalyonunda, Zenit divizyonunda, Mahmudavar poliqonunda və Prişib alayında aparılırdı. Bu hazırlıq prosesində Sovet ordusunun zabitləri də razılaşma əsasında iştirak edirdilər. Onlardan bir çoxu Azərbaycanda qalıb xidmət etmək və hətta döyüşmək stəyirdilər. O zabitlərin zəngin hərbi bilikləri bizim üçün çox əhəmiyyətli idi. Xüsusilə, kəşfiyyat işlərinin aparılması və xəritə üzərində işləmə bilikləri maraq doğururdu. Onlaradan bəziləri əvvəllər Qarabağ bölgəsində olmuş, yerli relyefi yaxşı tanıyırdılar. Sovet dövründə keçirilmiş hərbi təlimlərdə iştirak etmişdilər və onlardan qalan xəritələrlə işləyirdilər.
Hərbi hissədə əsas iş komandirlərin hazırlanmasına yönəldilmişdi və biz çalışırdıq ki, əsgər silahını, hərbi texnikanı mükəmməl öyrənmədən, onu döyüş xəttinə göndərməyək.
– Müharibənin əvvəlində ordumuzun ciddi silah problemi var idi. Silah əldə etmək üçün müxtəlif yollara əl atılırdı. Sizin briqada silah-sursat məsələsi necə həll edilirdi?
– 820 saylı hərbi hissə Sovetlərin 4-cü Ordusunun 60-cı dviziyasının bazasında yaradılmışdı. Biz hər şey etdik ki, ruslar silah və texnikanı özləri ilə apara bilməsinlər. Əslində, o silahlar elə Azərbaycanda da qalmalı idi. Bunun üçün yollarda postlar qurduq, ruslarla mübahisələrimiz də düşdü. Lakin nəticədə o silah-sursatı əldə etdik.
– Briqadanın şəxsi heyəti kimlərdən ibarət idi?
– İlk əvvəl şəxsi heyət üzvlərinin əksəriyyəti Lənkəran, Astara, Masallı, Lerik və digər yaxın rayonlardan olsalar da, sonradan Azərbaycanımızın hər yerindən – Quba, Xaçmaz, Bakı, Sumqayıt, Şəki, Gəncə, Qax, Ağsu, Şamaxı və digər rayonlardan gələn əsgər və zabitlər var idi.
– Bu hazırlıqlardan sonra Qarabağ cəbhəsinə yollandınız. Əmr haradan gəldi, hansı istiqamətdə yerləşdirildiniz, aldığınız tapşırıq nədən ibarət idi?
– Öz keçdiyim döyüş yolundan danışacam. Bizim hərbi hissənin şəxsi heyəti Daşaltı əməliyyatında iştirak edib, Ağdərə istiqamətində, Kasapet dağının götürülməsində qəhrəmanlıq göstərib. Komandir müavini mayor Fəxrəddin Həbibov orada şəhid olub. Əgər Qarabağ müharibəsini araşdırsaq, görərik ki, ən çox komandir şəhid verən briqada məhz “820” olub. Çünki komandirlərimiz əsgərlərimizə hər zaman nümunə olublar. 1992-ci ildə 3 ay ərzində Göytəpədə böyük bir alayı döyüşə hazırladım. Alayın tərkibində sadəcə, 3 batalyon piyadaların döyüş maşını (PDM) ilə təmin edilmişdi. Tank batalyonu, 12 ədəd özüyeriyən artilleriya qurğusu var idi. Bu da gizli deyil ki, o texnikaları öyrənmək üçün rusların təcrübəsindən istifadə etdik. Rus zabitlərindən ibarət 3 ekipaj bizim tərəfdən döyüşlərdə iştirak edib. Ruslar əvvəlcə vətənlərinə getmək istəsələr də, onlara qarşı yaxşı davrandığımızı görəndə özləri dedilər ki, qalıb xidmət edəcəyik. Həmin rus zabitlərindən ikisi Laçın dəhlizində həlak oldu. Onların meyitlərini hərbi qaydada öz ailələrinə göndərdik.
Bir qədər ara verir və deyir: Gizli plan qurulmuşdu.
– Planı kimlər bilirdi?
– O planı Rəhim Qazıyev, Valeh Bərşadlı, Əlikram Hümbətov və mən bilirdim. Bu əməliyyat barəsində başqa heç kimin məlumatı yox idi. Rus zabitlərinin köməyi ilə hazırlanan o plan çox məxfi saxlanılırdı. Plan əsasında düşmənə əsas zərbəmiz Xocavənd istiqamətində endirilməli idi.
– Niyə məhz Xocavənd istiqaməti seçilmişdi?
– Birinci onu göstərmək olar ki Qarabağda keçirilən əksər əməliyyatlar plansız olurdu. Yəni o əməliyyatlar hərb elminə uyğun formada hazırlanmırdı və keçirilmirdi. Kortəbii olduğu üçün də nəticələr çox vaxt uğursuz olurdu.
Bizim hərbi hissənin komandanlığının Xocavənd istiqamətində döyüşən Beyləqan və Ağcabədi batalyonlarının könüllüləri ilə artıq 1991-ci ildən əlaqələri yaranmışdı və çox yaxşı münasibətlər qurulmuşdu. O batalyonların komandir heyəti tez-tez Lənkəranda olurdu. Lazım olan silah-sursat və digər məlumatlar alır, məsləhətləşirdik. Onlar bizə döyüş bölgəsində baş verən hadisələr barədə məlumatlar verir, vəziyyəti izah edirdilər. Sanki bizdə o zona ilə bir doğmalıq yaranmışdı. Qeyd etdiyim kimi, hər bir yerli özünümüdafiə batalyonu öz yerləşdiyi ərazini qoruyurdu. Biz isə o ənənədən kənara çıxaraq, bilavasitə bir neçə rayonun özünümüdafiə batalyonlarını özümüzə cəlb etdik. Yəni onların bizə verdiyi məlumatlar əsasında rusların da köməyi ilə hərbi hissənin komandanlığı tərəfindən çox gözəl bir hücum planı hazırladıq. Bu plan Müdafiə Nazirliyində təsdiq edildi. Plana görə biz Xocavənd istiqamətindən hücuma keçərək, düşməni darmadağın etməli, Xankəndinədək irəliləməli, Azərbaycan bayrağını ora sancmalı idik. Planın mahiyyəti bundan ibarət idi.
Gecə ilə hərbi texnikanı Daşburuna göndərdik. Özümüz butun “maskirovka”dan düzgün istifadə etməklə, Beyləqana gəlib çıxdıq. Bizi Beyləqanın polis rəisi Rövşən Heydərov, Beyləqan batalyonunun komandiri Akif Həsənov və Paşa İbrahimov qarşılayıb. Bu insanlara inandım və onlar sonuncu dəqiqəyə qədər mənimlə bir yerdə olublar. Həmin döyüşə gedəndə, yerli batalyonlardan istifadə etmədim. Ancaq Beyləqanın kəşfiyyat bölüyündən bəzi mövqeləri öyrəndik. Kəbirli kəndində səhra düşərgəsi qurduq. Əsas qüvvələri isə Fizulinin Qərvənd kəndi yaxınlığındakı dərədə yerləşdirdik. Bir həftə ərzində kəşfiyyat işi aparıldı. Düşmənin mövqeləri və imkanları dəqiqləşdirildi. Bu sırada Yaqubun, Xəlilin gördüyü işi yüksək qiymətləndirmək lazımdır. Görülən işlər sayəsində düşmən haqda yetərli məlumatlar əldə olundu.
Ayın 18-i səhər saat 4-də bütün artilleriya vasitələrindən istifadə etməklə, Xocavəndə güclü zərbə endirdik. O ərazidə ən vacib yüksəklik Şişqaya idi. Həmin yüksəkliyə dəfələrlə hücum edilsə də, oranı götürmək mümkün olmamışdı. Şişqayanı güclü hücumla ələ keçirdik. Sol tərəfdən – Qızılqaya istiqamətindən Çartaza qədər tanklar irəliləməyə başladı. Demək olar ki, Xocavənd mühasirəyə alınmışdı. Həmin dövrdə Rusiya telekanallarının xəbər buraxılışlarında deyilmişdi ki, Xocavənd darmadağın edilib, əhali qaçıb. Biz oranı mühasirəyə alanda, Füzuli briqadasının komandiri Emil Qasımov, bir də Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Axundov qışqırmağa başladılar ki, siz nə etmisiniz, hara getmisiniz, oraya hücum etmək olmazdı, bura ikinci dərəcəli istiqamətdir. Ona dedim, gedin, öz işinizlə məşğul olun, mən Müdafiə Nazirliyindən bu istiqamətində hücuma keçmək üçün əmr almışam, hücumu davam etdirəcəm.
Gördülər ki, onlara tabe olmuram, Müdafiə Nazirliyi ilə əlaqə qurdular. O vaxt Baş Qərargahın rəisi Valeh Bərşadlını artıq Nurəddin Sadıxov əvəz etmişdi. Əvvəlcə əmr etdi ki, hücumu dayndır, ordunu geri çək. Dedim, əmrə tabe olmayacam. Nurəddin Sadıxov mənə dedi ki, onda, təcili Füzuliyə gəlməlisiniz. Biz də Füzuliyə gəldik.
– Yəni Xocavəndin mühasirəsini götürərək, ordunu geri çəkdiniz və Füzuliyə getdiniz?
– Bəli. Radiostansiyada başa düşdüm ki, söhbət başqa formada gedir. Zəng vurdum dərhal Lənkərana. O vaxt Lənkəranın icra başçısı Hüseynqulu Məmmədov idi. Dedim ki, məni məcbur etdilər geri qayıtmağa, indi köməyiniz lazımdır. Onlar da dərhal yola düşmüşdülər – Hüseynqulu Məmmədov, müavini İltifat Rəhimov və Əlikram Hümbətov. Biz Füzuliyə çatana qədər onlar da Lənkərandan gəlib yetişdilər. Əmr verdim ki, hücum dayandırılsın. Şişqayada əsgərlərlərimiz mövqe tutublar, sol tərəfdə tanklar durub. Hamısı hücum əmri gözləyir, ermənilər isə qaçırdılar. Bu hücumu gözləməyən düşmən özünə gələ bilmirdi. Füzuliyə gələndə Nurəddin Sadıxov dedi ki, mən baş qərargah rəisiyəm, əmr edirəm, geri dönməlisiniz. Dedim: “Cənab general, biz gələndə bayraq götürmüşdük. O bayrağı Xankəndində asmalıyıq. Bu məqsədlə hücuma keçmişdik. Geriyə qayıtmaq istəmirik”. İcra başçısı da dedi ki, plan hazırlanıb. Bu planı həyata keçirsək, Xankəndinə qədər gedəcəyik. Nurəddin Sadıxov dedi ki, bu istiqamət ikinci dərəcəlidir. Xocavənddə mülki ermənilər yaşayırlar. Dünya birliyi bizə nə deyər? Dedi, geri dönməlisən, əks halda, səni güllələyəcəm. İcra başçısı Hüseynqulu Məmmədov, İltifat Rəhimov və Əlikram Hümmətov generalı hücumun davam etdirilməsinin vacibliyinə inandırmağa çalışsalar da, Nurəddin Sadıxov razı olmadı. Sonda Əlikram Hümbətov dedi ki, məsuliyyəti öz üzərimə götürürəm, yazılı əmr verilsin. Dedilər, Füzuli istiqamətində hücuma keçməlisiniz.
Hücum zamanı itki verməmişdim. Ancaq tutduğumuz mövqedə hərəkətsiz dayanmaq və geri çəkilmə zamanı itkilərin olması labüd idi. Şişqayada tağim komandiri baş leytenant Vaqif Əliyev vuruldu, şəhid oldu, batalyon komandiri Nazim Vəliyev yaralandı. Əmr verdim ki, geriyə çəkilin. Oradan 36 kilometr yol gedəsi olduq. Vaxt verdilər ki, saat 16:00-da hücuma keçməlisən. Bizim tanklar arıtq Xocavəndə daxil olmuşdular. Oradakı tanklardan birini çıxara bilmədik. O tank azmışdı və ekipaj üzvləri axırıncı gülləyə qədər döyüşüb, sonda özlərini partlatmışdlar.
Daha sonra Kəklik dağı istiqamətindən hücuma keçdik. Ərazini minalardan təmziləməyə, kəşfiyyat aparmağa vaxt vermədilər. Kor-koranə hücuma başladıq. Ancaq yazılı əmr aldım ki, birinci eşalonda mənim briqadam, ikinci eşolanda isə Füzuli briqadası hücuma keçməlidir. Füzuli briqadasının komandiri razılaşdı. Üç batalyonla hücuma keçdik. Sağdan iki batalyon düşmən mövqelərini ələ keçirdi, solda isə kilsə tərəfdə güclü atışma gedirdi. O ərazini artilleriya ilə vurmaq mümkün deyildi. Tapşırığın tam şəkildə yerinə yetirilməmək riski yaranmışdı. O an avtomatı götürdüm, özüm irəlidə getdim. Yanımda hərbi polisdən 5-6 nəfər var idi, Yaqub Nəhmətov, Xəlil Dadaşov və kəşfiyyat bölüyündən bir neçə əsgər də bizimlə idi. Hücuma keçdik. “BMP-2”-yə əmr verdim ki, atəş dəstəyi ilə hücuma keçməyimizi təmin etsin. Üzüm bağındakı düşmən mövqelərini götürüb, geri qayıtdıq. Güllə üstümüzə yağış kimi yağırdı. Şahin var idi, onun yaxınlığına mərmi düşdü, onu qaldırıb yerə çırpdı. Elə bildim ki, öldü. Sonra baxdım, torpağın altından əl çıxır. Onu çıxardıq, qulağından qan gəlirdi. Bu döyüşlərdə tank batalyonunun komandiri Səyavuş Babayev də yaralandı.
Mövqe götürləndən sonra geri qayıtdım. General Nurəddin Sadıxova məruzə etdim ki, tapşırığı yerinə yetirmişik. Birinci mərhələ keçilib, xahiş edirəm, əmr verəsiniz, Füzuli briqadası (“702”) hücumu davam etdirsin. Əmr verdilər ki, 702 saylı birqda hücumu davam etdirsin. Həqiqətən, çıxdılar, düzüldülər. 200 metr getdilər, birdən zəncir şəklində açıldılar. Bir qədər sonar, sola döndülər, tut meşəsi ilə gedib gözdən itdilər.
Qısası, hücum davam etmədi. Hava qaralırdı. Nurəddin Sadıxovdan soruşdum ki, bu, nə deməkdir? Dedi, tədbir görəcəm. Nurəddin Sadıxov, Emil Qasımov, polkovnik Axundov oturdular maşına və getdilər. Həmin vaxtdan biz onları bir daha görmədik.
Həmin dövrdə beyləqanlı döyüşçülər az qala uşaq kimi ağlayırdılar ki, niyə belə oldu? Əgər hücum davam etsəydi, Qarabağ müharibəsi qələbə ilə bitərdi. Beyləqan batalyonundan Akif Həsənov və Paşa İbrahimov yanıma gəldi. Dedilər, bizdə informasiya var ki, səni vuracaqlar. Hətta məni kimin vuracağını da dedilər. Murad adlı hərbi polis var idi, onun mənə sui-qəsd edəcəyini bildirdilər. Hava qaraldı. Batalyon komandiri Rəhim Məmmədov məlumat göndərdi ki, bizi arxadan vururlar. Ona görə də, arxada qayda-qanun yaratmağa yollandıq. Rəhim Məmmədovun dediyi ərazinin sağ tərəfinə getdik. Orada üstündə snayper uzanmış bir “BMP” vardı. Həmin Muradı da orada gördüm. Bizi görəndə, onlar oradan qaçdılar.
Səhər açıldı. “702”-dən xəbər çıxmadı. Artıq xeyli itki vermişdik. Döyüşdən daha çox, arxadan vurulma səbəbindən xeyli itki vermişdik. Ona görə geriyə çəkilmək əmri verdim və üç dağın ortasında səhra düşərgəsi yaratdım. Tələb etdim ki, müdafiə naziri Rəhim Qazıyev əraziyə gəlsin. O isə yavəri Tofiq Şiriyev və bir neçə generalı göndərdi. Dedim ki, Rəhim Qazıyev özü gəlməlidir. Üç gündən sonra Rəhim Qazıyev gəldi. Bütün şəxsi heyəti düzdüm. Bildirdim ki, biz Qarabağı azad etməyə gəlmişik. Xocavəndi götürürük, Nurəddin Sadıxov deyir, lazım deyil, ikinci dərəcəlidir. Nurəddin Sadıxov da Qazıyevin yanında idi. Bizi Füzuli istiqamətinə göndərirsiniz, arxadan vururlar. Rəhim Qazıyev mikrafonu götürdü və dedi ki, mənim bundan xəbərim olmayıb. Siz qəhrəman insanlarsınız. Əslində, o zaman adam nə baş verdiyini dərk edə bilmirdi. Açığı, müdafiə naziri və baş qərargah rəisinin etdikləri əsgər və zabitlərimizi təhqir etmək idi. Orada Rəhim Qazıyevə dedim ki, bundan sonra əməliyyatları yerli batalyonlarla birlikdə deyil, müstəqil şəkildə aparacam. Onsuz da, briqadam korpuslara yox, birbaşa Müdafiə Nazirliyinə tabe idi.
Səxavət Məmməd