“Nurgün-aqro” MMC xəstə ət satır? – SOS

240807Salyanın Kürqaraqaşlı qəsəbəsində iribuynuzlu özəl damazlıq təsərrüfatında heyvanlar arasında xəstəlik 6 aya yaxındır davam edir.

Xəstə heyvanlar diri çəkisinin yarısı müftə, qalan yarısının isə bir kiloqramının qiyməti 1 manat-1.30 qəpik arası hesablanmaqla satılır. Məsələn, diri çəkisi 200 kiloqram heyvan 100-130 manata təklif edilir.

Qəssablar da bu heyvanları kəsib, əti paytaxtın Bakıxanov qəsəbəsinə daşıyır və buradan alıcılara, satış nöqtələrinə paylanılır. Qeyd edək ki, Azərbaycanda südlük və ətlik istiqamətli iribuynuzlu heyvandarlıq təsərrüfatlarının yaradılmasına dəstək məqsədilə sahibkarlara təkcə 2015-ci ilin 6 ayı ərzində «Aqrolizinq» ASC vasitəsilə ölkəyə 4356 baş damazlıq heyvan gətirilib və kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştlə lizinqə verilib. Məqsəd ölkədə bu məhsullara təlabatın təmin edilməsi və xarici bazardan asılılığı minimuma endirmək olub.

«Nurgün Aqro» MMC də dövlətin bu güzəştindən faydalanıb. Belə ki, cins inəklərin 493 başı şirkətə verilib. Məlum olub ki, müəssisədə xəstəliyə tutulan da elə dövlət dəstəyilə güzəştli şərtlərlə alınan heyvanlardır. İşin bir maraqlı tərəfi isə budur ki, şirkət bu xəstəliyin qarşısını ala biləcək mütəxəssis tapa bilmir.

Eyni zamanda əlaqədar orqanlardan kömək istəyə bilmir ki, güzəştli şərtlərlə qəssablara satdığı heyvanlarla bağlı sorğu-suala çəkilə, yoxlamaya məruz qala bilər. Şirkətin digər narahatlığı emal müəssisəsi ilə bağlıdır. Axı «Nurgün Aqro» MMC paralel olaraq süd istehsalıyla da məşğuldur. Onun Salyanda süd emalı zavodu da fəaliyyət göstrərir. Burada müxtəlif çeşidli məhsullar hazırlanaraq paytaxta və ətraf rayonlara göndərilir.

Təəccüblüsü odur ki, bütün bunlar sağlamlığımıza, təhlükəsizliyimizə cavabdeh qurumların gözü önündə baş verir. Ola bilsin ki, bundan «yuxarıların» xəbəri olmasın, bəs ərazi icra nümayndəsi və bələdiyyə sədri hara baxır- əhali arasında danışılan bu söhbəti, bu şıdırğı alveri eşitmirlərmi, görmürlərmi? Doğrudanmı bu adamları insan sağlamlığı, cəmiyyət maraqları düşündürmür?(infom.az)

COP29