“Nuri Killigil” kitabı azərbaycan dilində çap olunacaq

Nuru Paşa ilə bağlı araşdırma yazısı azərbaycan dilində yayımlanacaq

Yenicag.az-ın Türkiyə müxbirinin verdiyi məlumata görə, araşdırmaçı-yazar Atilla Oralın “Nuri Killigil” adlı 928 səhifəlik əsəri Azərbaycan türkcəsində işıq üzü görəcək. Azərbaycan Demokratik Respublikasına ən böyük dəstəyi verən Qafqaz İslam Ordusunun komandanı, 15 sentyabrda Bakını erməni işğalından xilas edərək, paytaxtın Gəncədən Bakıya köçürülməsinə şərait yaradan Nuru Paşanın həyatı barədə yazılan kitab hazırda dilimizə tərcümə olunur. Yenicag.az-a verilən məlumata görə, kitabı yayımlayacaq nəşriyyat müəllif Atilla Oralla razılığa gəlib. Nəşriyyat kitabı Cümhuriyyətin 100-cü ildönümü ərəfəsində dərc etməyi planlaşdırır.

Araşdırmaçı-yazar Atilla Oralın 17 illik əməyi ilə ərsəyə gələn və 2016-cı ilin iyun ayında dərc olunan “Nuri Killigil” kitabı həm Türkiyədə, həm də Azərbaycanda böyük marağa səbəb olub. 2016-cı ilin sentyabr ayında Bakıda kitabın təqdimat mərasimi keçirilmişdi.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabr ayındakı çıxışı zamanı Nuru Paşanın Türkiyə və Azərbaycan üçün çox böyük əhəmiyyətə malik olduğunu bildirmişdi.

COP29