“Nuri Paşaya heykəl qoyulmasına icazə verməyənlər erməni zehniyyətinin tör-töküntüləridir” – Tənzilə Rüstəmxanlı

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəstəyilə 15 sentyabr Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 100 illiyinə həsr olunmuş “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu – 100” mövzusunda konfrans keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirə Türkiyədən olan qonaqlar da böyük heyətlə qatılıblar. Tədbir iştirakçıları Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda döyüşən şəhidlərimizin ruhunu yad ediblər.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov rəhbərlik etdiyi təşkilatın ənənəvi olaraq Bakının işğaldan azad edilməsinin ildönümünü qeyd etdiyini vurğulayıb. O bildirib ki, bu tarixi hər il bayram kimi qeyd etmək ATXƏM-in gündəliyinə daxil edilib.

İlham İsmayılov 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmində Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun xilaskar missiyasını tarixi faktlarla təhlil edib. Azərbaycan-Türkiyə dostluq-qardaşlığına toxunan ATXƏM sədri qeyd edib ki, iki ölkə arasındakı münasibətlər hər zaman dünyaya örnək olub. İctimai Birlik sədri bildirib ki, “XXI əsr türk əsridir” deyənlər zamanında bunun konturlarını müəyyən ediblər və bu gün biz mərhələ-mərhələ ona doğru irəliləyirik.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da 15 sentaybr tarixinin əhəmiyyətindən danışıb və bu günü bayram kimin xarakterizə edib. O, da Azərbaycan və Türkiyənin çətin günlərdə bir-birinə yardım etdiyini deyib və qarşılıqlı münasibətlərin, əlaqələrin hər ötən gün daha da inkişaf etdiyini söyləyib.

Tədbirdə çıxış edən millət vəkili, Beynəlxalq Avrasiya Araşdırmalar İnstitutunun sədri Qənirə Paşayeva bildirib ki, Nuri Paşa haqqında müstəqil Azərbaycanın vətəndaşı olaraq bizlərin danışması, yazması ona olan vəfa borcudur. Zamanında Azərbaycanı qurtarmağı qardaşlıq borcu bilən qəhrəman paşaya mənəvi borcumuzu vermək həm də bir vicdan borcudur.

Daha sonra çıxış edən natiqlər – MQF sədri Rauf Zeyni, İSTAD sədri Səfər Karakoyunlu, türkiyəli qonaq Bahaddin Miral və digər ziyalılar da 15 sentyabr tarixinin əhəmiyyəti, Türkiyə-Azərbaycan dostluq və qardaşlığından bəhs ediblər.

Tədbirdə iştirak edən “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı çıxışa başlayaraq deyib ki, hər zaman gözümüzün önünə Şəhilər Xiyabanında uyuyan Nuri Paşanın 1100 əsgəri, Bakının qurtuluşu və son dönəmlər üzə çıxan türk şəhidlikləri gəlir:

“Türk-İslam ordusu xilaskar ordu idi. Onlar Azərbaycana Türk olduğumuz üçün gəlmişdi. 1918-ci il 31 mart soyqırımı haqqında erməni, bolşevik zehniyyətinin tör-töküntüləri olan yazarlar “Türk-İslam ordusu işğalçı olub” deyirlər. Necə ki, Türkiyədə BDP-dən olan bir millət vəkili “Ənvər Paşa soyqırımçı, qatildir” deyə yazır. Bu tip adamlar hələ də içimizdə var. Bu tədbirlərin mahiyyəti ondan ibarətdir ki, o cür düşünən insanların qarşısında Azərbaycan və Türkiyə olaraq birlikdə dayana bilək. Biz deyirik ki, Nuri Paşaya Azərbaycanın ən görkəmli yerində heykəl qoyulsun. Çox təəssüf ki, bu olmadı. Ümid edirdik ki, bu təklifimiz Bakının qurtuluşunun 100 illiyində olacaq, nədənsə baş tutmadı. Əminəm ki, prezidentimiz İlham Əliyev canı-könüldən bunu istəyər. Çünki o hər zaman Türkiyənin yanında olub. Nuri Paşaya heykəl qoyulmasına icazə verməyənlər erməni, rus, bolşevik, işğalçı zehniyyətinin tör-töküntüləridir. Biz bu tip insanlardan yaxında qurtulacağıq. Onda Azərbaycanla Türkiyə daha da yaxın olacaq”

Qeyd edək ki, tədbir daha sonra Rəşid Behbudov adına Mahnı Teatrında “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu -100” adlı ədəbi-bədii tədbirlə davam edəcək.

Səxavət Məmməd