Nuru Paşa ilə Rəsulzadə arasındakı problemi kim çözdü? – Sabir Rüstəmxanlı yazır…

 

sabirrustemxanli1Nuri_pasha_Killigil_HonoredTürkiyə və Azərbaycan cümhuriyyətlərinin siyasi, iqtisadi, diplomatik ilişkiləri 1918-ci ilin may ayından, yəni Doğuda ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra başlanır. Ancaq Azərbaycan türkləri ilə Türkiyə türklərinin tarixi birliyi min illərin o üzündən gəlir.

Osmanlı və bu gün İran adlanan, əslində isə min il türk sülalərinin adları ilə adlandırılmış dövlətlərin tərkibində çeşidli siyasi sistemlərə bağlanana qədər bütün tarix boyu nə qədər geniş coğrafiyaya yayılsalar da Oğuz türkləri birlik duyğusunu heç vaxt itirmədilər. Türklərin bölgənin ən böyük gücünə çevrilməsini istəməyən müxtəlif Avropa və Asiya dövlətləri Səlcuqlar dönəmindən başlayaraq, indiki cənubi Qafqaz ərazilərindəki türklərlə Anadolu ərazisindəki türklər arasında dini, siyasi ayrılıq salaraq onları bir-birindən uzaqlaşdırmağa çalışmışlar. Oğuzların Avropaya və indiki Rusiyaya sahiblənmək yolundakı real hərəkətlərinin qarşısı bu cür alınmışdır. Məhz bu siyasi məqsədlər oğuzların bir qismini şiələşdirməklə farslarla eyni dini inanca bağlamış və vahid xalqı öncə inanc, sonra da dövlət sərhədlərilə iki yerə bölmüşdür. Bu bölgülərin və Avropanın osmanlıları və səfəviləri zəiflətmək üçün apardığı gizli danışıqların, güclənən Rusiyanın ayır-buyur siyasətinin nəticəsində bütün orta əsrlər boyu qanlı İran-Osmanlı savaşlarının arası kəsilməmişdir və sonucda yalnız İldırım Bəyazit, Toxtamış və Şah İsmayıl Xətai yox, eyni zamanda, Əmir Teymur və Sultan Səlim də türklüyün böyük tarixi baxımından ağır məğlubiyyətə düçar olmuşlar. Bir hökmdar yenilib, biri yenib, yüz minlərlə eyni ailədən, eyni boydan gələn insan siyasi maraqlar ucbatından qırıb-qırılıb. Sonucda ayrı-ayrı qaliblər olsa da, yenilən böyük türk milləti olmuşdur. Bütün bunlara baxmayaraq, həm Osmanlı dönəmində, həm də min il İranın başında dayanmış türk sülalələrinin – Atabəylərin, Ağqoyunluların, Qaraqoyunluların, Səfəvilərin, Avşarların, Qacarların zamanında hər iki tərəf türklüyünü dərk edir, türk birliyinin zərurətini yeganə doğru yol sayır, buna baxmayaraq, təmsil etdikləri dövlətlərin birincilik iddiasından, işğal və bölücülük siyasətindən uzaqlaşa bilmirdilər. Əlimizdə orta əsr yazışmalarının maraqlı bəlgələri var. Məsələn, Çar hökuməti işğal olunmuş Xəzəryanı torpaqları Nadir şaha geri vermək üçün onun İstanbulun üzərinə yürüməsi şərtini irəli sürürdülər. Lakin Nadir şah Bağdad ətrafındakı qanlı döyüşlərdən, Topal Osman kimi böyük türk sərkərdəsi ilə savaşdan etkiləndiyi üçün bu təklifi qəbul etməmişdi. Bakı ilə Dərbənd II Yekaterina tərəfindən geri qaytarılsa da Nadir şah Türkiyəyə savaş elan etməmişdi. Rusların qarşısına elə şərtlər qoymuşdu ki, onların bu şərtlərlə razılaşması mümkünsüzdü. Türk birliyinin zərurətini dərk edən Nadir şah bu ayrıcılıq siyasətinin yalnız Osmanlı İmperatorluğuna yox, həm də İran türklərinə qarşı çevrildiyini dərk edərək, o dövr üçün son dərəcə cəsarətli bir addım atmışdı; qərb ölkələri ilə münasibətləri gərginləşən Osmanlı İmperatorluğunun İran sınırlarında ordusunu azaltmaq məcburiyyətində qaldığını bilsə də, sanki ayılmışdı. Rusiyanın, Fransanın iki qonşu, qardaş türk-müsəlman ölkə ilə oynadığı oyunlardan hiddətlənmişdi. Osmanlı ordusu Nadir şahı tələyə saldığı, mühasirə etdiyi bir zamanda barış təklif etməsi Nadir şahı ölümdən qurtarmışdı. Bu sazişdən sonra Türkiyənin Rusiya ilə diplomatik danışıqları sərtləşdi. Lakin Osmanlı vəziri bilmirdi ki, Rusiya səfiri Nepluyevlə görüşündə dilmanclıq edən erməni iki tülkü dərisinə satılıb və axşamlar Rusiyanın səlahiyyətli nümayəndəsinə Osmanlı sarayının içindən gizli bilgilər ötürür və boynundakı xaça and içərək elçini əmin edir ki, xaçpərəst olaraq həmişə Rusiyanın yanında olacaq. Məhz belə satqınlıqlardan sonra Rusiya Türkiyənin içindəki durumu bilərək öz savaş planlarını qururdu. Həmin vaxt Rusiyanın İrandakı səfiri Qolitsin Peterburqa yazmışdı: “Nadir xanı türklərlə müharibəyə nə qədər təhrik etsəm, nə qədər vədlər versəm də, nəticəsi yoxdur. Xan əzəmətli və məğrur adamdır və onu ürəyi istəməyən bir işə sövq etmək mümkün deyil. Öncə Rusiyayla birgə Osmanlıya qarşı müharibə aparmağa söz versə də, sonra hiss etdim ki, vaxtı uzadır”. Məhz həmin illərdə, daha doğrusu, 1736-cı ildə Nadir şah məzhəb ayrılığını aradan qaldırmaq təklifilə Osmanlı sarayına müraciət etmiş, lakin bu təklif rədd edilmişdir. Bundan öncə 54 il Səfəvi taxtının sahibi olmuş Təhmasib də məzhəb ayrılığına qarşıydı və böyüklərinin səhvlərindən nəticə çıxararaq Osmanlı ilə münasibətləri qorumaq üçün səylərini əsirgəmirdi. Türkiyəylə Azərbaycan arasındakı siyasi və diplomatik ilişkilər Nadir şahdan sonra, Azərbaycanın 20 xanlığa bölündüyü vaxtlarda da davam etdirilmişdir. Həmin dövrdə Omanlı sarayının demək olar ki, bu xanların hər biriylə əlaqələri vardı. İki qardaş arasında münasibətlər 19-cu yüzilin sonlarından daha da genişlənmişdi. Avropada təhsil alan Azərbaycan və Türkiyə aydınlarının şəxsi tanışlıq və dostluqları, erməni terrorizminin cənubi Qafqazda və doğu Anadoluda apardığı vəhşi əməliyyatlar, Rusiya müsəlmanları arasında güclənən bağımsızlıq hərəkatı bu ilişkiləri yeni bir müstəviyə qaldırmışdı. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, İsmayıl bəy Qaspiralı, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşı, Əhməd bəy Ağaoğlu, Yusif Akçura kimi aydınların gördüyü işlər rəsmi dövlət diplomatiyasından daha öndə idi və gələcək cümhuriyyətlərin ideya təməlini hazırlayırdı. Haqqında söz açdığımız bu dönəmlərdə Osmanlı bir dünya dövləti idi, lakin Azərbaycan öncə bir sülalə dövləti olsa da, sonralar ikiyə parçalanaraq başqa dövlətlərin əlində qalmışdı. İkitərəfli ilişkiləri də məhz bu baxımdan dəyərləndirmək olar.

Türkiyə həmişə Azərbaycan türklərinin ümid yeri olmuşdur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda onun tanınmasında, öz sınırlarını müəyyənləşdirməsində, uluslararası ilişkilər qurmasında, nəhayət, Bakının erməni-bolşevik işğalından azad edilməsində Türkiyənin əvəzsiz xidmətləri olmuşdur. Cənubi Qafqaz Seymi dağıldıqdan sonra Gürcüstan və Azərbaycanın bağımsız dövlətləri elan edilərkən ortaya bir Ermənistan sorunu da çıxmışdı. Bundan 90 il öncə Çar Rusiyası etnik azərbaycanlılara aid olan İrəvan xanlığının yerində bir erməni vilayəti yaratmışdı. Azərbaycan öz bağımsızlığını elan etdikdən sonra Aleksandropol, yəni Gümrü quberniyası hüdudlarında kiçik bir erməni dövlətinin yaranmasına razılıq vermişdi. İrəvan, Zəngəzur və Qarabağ o dövlətin tərkibinə daxil deyildi. Lakin hətta bu kiçik dövlətin yaradılması da Osmanlı dövlətində xoş qarşılanmadı. Baş nazir Tələt paşa və Hərbiyə naziri Ənvər paşa Cənubi Qafqazda erməni dövlətinin yaradılmasına etiraz edirdilər. Lakin Batum danışıqlarında Türkiyəni təmsil edən Xəlil bəy Azərbaycana məxsus olan bəzi ərazilərin ermənilərə verilməsini, ermənilərin mövcudluğunun tanınmasını qaçılmaz sayırdı. Ənvər paşa bu ərazi güzəştlərinə qarşı idi. O yazırdı: “Xəlil bəyin teleqramından anlaşıldığına görə, ermənilər bizə qaytardıqları ərazilərə müqabil Cənubi Qafqaz müsəlmanlarına aid ərazidən bir qisim almaq istəyirlərmiş və müsəlmanlar da buna muvafakat edəcəklərmiş. Məncə, bu tamamilə yanlışdır. Əgər bu gün Qafqazda 5-6 yüz min əhalisi olan və kafi miqdarda əraziyə malik kiçik bir Ermənistan təşəkkül edərsə, gələcəkdə əmrləri Amerikadan alaraq o tərəfdən gələn ermənilərlə bu hökumət milyonlarla əhaliyə sahib olacaqdır və bizim üçün Şərqdə bir Bolqarıstan yaranar ki, bu bizim üçün Rusiyadan daha müzir bir düşmən olar”. Daha sonra o, əlavə edirdi: “Mənafeyimizə ən çox uyğun olan bu şəkil gerçəkləşməzsə, onda ermənilərə də bir mövcudiyyət verilməsi qaçılmaz olar. Belə olan təqdirdə ermənilərin gələcəkdə vücud bularaq yaşamayacaq surətdə çox zəif bir halda buraxılmasına çalışmaq lazımdır”. Onun fikrincə, Osmanlı dövlətinin – mərkəzi Gəncə olan Azərbaycan dövləti ilə birbaşa sərhədləri olmalıdır və bu sərhədlər Qara kilsənin şimalından və Naxçıvandan keçməlidir. Batum danışıqlarının sonucu olaraq 1918-ci il haziran ayının 4-də Osmanlı imperatorluğu hökumətilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsi imzalandı. Bu, müstəqil Azərbaycanın xarici dövlətlərlə imzaladığı ilk müqavilə idi. Bu saziş Azərbaycanda türk millətinin mövcudluğunu qoruyub saxlamaq üçün zəruri olan ilk uluslararası təminat idi. Müqaviləyə hərbi yardım haqqında maddə salınmaqla Qarabağın dağlıq hissəsində indiki kimi terrorçuluq törədən erməni quldur dəstələri ləğv ediləcək və Bakı dış ordulardan təmizlənəcəkdi. Sazişin 4-cü maddəsi Azərbaycana Türkiyədən hərbi yardım almaq imkanı verirdi. Bu baxımdan Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı İmperatorluğunun o zamankı yönəticiləri bizdən daha cəsarətli idilər və daha irəli getmişdilər. Sülh və dostluq müqaviləsindən sonra Azərbaycanla daha iki saziş bağlanmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Fətəli xan Xoyski bu tarixi sazişə yüksək dəyər verərək deyirdi: “Türkiyə-Azərbaycan sülhnaməsinin bir maddəsinə görə məmləkətimizə nə vaxt lazım olsa, hüquqlarımızın müdafiəsi üçün bizə bir qədər əsgər verməli idilər. Türklər imzalarına əməl və vəzifələrini hüsnü-ifa etdilər”. Bundan sonra Osmanlı ordusu və Azərbaycan könüllülərindən ibarət İslam ordusu yaradıldı və Nuru paşanın komandanlığında Mosuldan hərəkətə başlayan ordu Təbrizdən adlayaraq iyunun əvvəllərində Gəncədə yerləşdilər. Ordunun gəlişini xalq bayram kimi qarşıladı. Qafqaz İslam Ordusunun böyük qəhrəmanlıqları haqqında geniş danışmaq istəmirəm. Təkcə onu deyə bilərəm ki, bu ordu olmasa, Bakını Rusiya əldən verməyəcək və tarixi torpaqlarımızın bu parçası neftin qurbanı olacaqdı.

Gəncədə Nuru paşayla Azərbaycan Milli Şurası arasında müəy yən anlaşılmazlıqlar yaşandı. Cümhuriyyət radikal islamçı dairələrin təsiri altına düşə bilərdi. Lakin Milli Şuranın sədri Rəsulzadənin, baş nazir Fətəli xan Xoyskinin və Xarici İşlər naziri M.N.Hacinskinin Nuru paşanın siyasi müşaviri Əhməd bəy Ağa oğluyla apardıqları danışıqlar sonucunda gənc dövlət hökumətin tərkibini dəyişməklə, bu böhrandan çıxa bildi. Azərbaycan Türkiyə münasibətlərinin yeni dövrü 1991-ci il oktyabr ayının 18-i Azərbaycan Dövlət Müstəqilliyinin bərpasından sonra başlanır…