Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Nuru Paşaya yer tapılmayan Bakının "26-cı" AYıBı - Bizim şərh

Bakının Sabunçu rayonunda küçələrdən birinin “26 Bakı Komissarı” adını daşıması sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrildi. Bunun üzərinə, meriya məsələyə əl qoydu və küçənin adının dəyişdiriləcəyi bildirildi.

Meriya bununla da kifayətlənmədi. Sahil bağındakı “26” kafe-restoranı da bağlandı. Gözəl!

Ancaq…

Bildiyiniz kimi, amma, ancaq və lakin özündən öncə gələn bütün gözəl sözlərin üstündən xətt çəkir.

Həmin küçənin uzun illərdən bəri “26 Bakı Komissarı” adını daşıması da sual olaraq qalır.

Təsəvvür edin ki, Bakıda Azərbaycanı xilas edən Nuru Paşaya heykəl qoymağa yer tapılmır. Sırf Türkiyə Cümhuriyyəti ərazisi sayılan səfirlikdə büst qoyulur.

Ancaq bu xainlərin adı hələ də küçələrdə qalır. Bu gün müstəqilliyimizi qazanmağımızın üzərindən 26 il keçir. O küçənin adı dəfələrlə təmir adı altında dəyişdirilib. O küçə üçün icra hakimiyyətləri dəfələrlə pul siliblər. O küçədəki lövhələri dəfələrlə latın qrafikasında çap edəndə, Hacıbala müəllim və onun əyan-əşrəfinin başı haranı satmağa qarışmışdı?

Yenə Azərbaycan Prezidenti qətiyyət göstərərək, bu xainlərin adına olan parkı sökdürdü. Ancaq görünən odur ki, icra hakimləri və Bakı meriyası İlham Əliyevin bu mövzudakı həssaslığından dərs almayıblar, indi ayılıblar ki, Bakının mərkəzində həm də, “26” – “Twenty six” adlı kafe də var. Bəlkə də bu keçmiş komsomolçular 26 xainin yenidən adının əbədiləşdiriləcəyi günü gözləyirdilər. Lakin Ali Rəhbərliyin bu mövzudan xəbərdar olması, bütün planlarını pozdu.

Xatırladaq ki, vaxtilə, Azərbaycan xalqına qarşı soyqırım həyata keçirmiş 26 Bakı komissarının adını daşımış bağın yaxınlığında “26” adlı kafenin fəaliyyət göstərməsi və bu adda küçənin olması ictimaiyyət tərəfindən narazılıqla qarşılanmış, etirazlara səbəb olmuşdu.

İşin acınacaqlı tərəflərindən biri də budur ki, “26” restoranı Azərbaycan Yazıçılar Birliyinə məxsus binanın aşağı mərtəbəsində yerləşib. Bunu da Bakı merindən öyrəndik: “Bakının mərkəzində “Azərbaycanlıların soyqırımını təşkil edən qatillərin havadarları təəssüf ki, bu gün də yaşayırlar. Bunun nəticəsidir ki, Yazıçılar Birliyinin binasının bir hissəsi icarəyə götürüb, iki mərtəbəli yerdə “26” sözünü nəinki Azərbaycan, hətta ingilis dilində də yazmağa cürət ediblər”. Qısacası, Azərbaycan Yazıçılar Birliyinin bu xalqdan nə qədər uzaq olmasına bundan gözəl nümunə ola bilməz. Ölkəyə gələn FETÖ kimi hər ünsürə qucaq açan Anarın yerində olmadığını bundan daha yaxşı necə göstərmək olar? Hər gün o binaya gedən və özünə aydın deyən hansı bir yazıçı o ada qarşı öz etirazını heç olmasa, “Feysbuk”unda bildirib? Budur, ziyalılıq? “26” rəqəmi bəlkə Binəqədidə, ya da Yasamalda bir məna kəsb etmir. Ancaq Prezidentin göstərişi ilə sökülən abidənin “qulağının dibində” “26” bir işğal işarətidir. “Bizi silə bilməzsiniz” deyə, meydan oxumadır. Anar bu mesajı anlamayıbsa, artıq istefa zamanı yetişib, gedib, bir az da nəticələri ilə vaxt keçirsin.

Qısacası, bu günə damğa vuran və Akif Əlinin məsuliyyətsiz açıqlamasından daha vacib olan “26 Bakı Komissarı” mövzusunun niyə həssas olmasına səbəb olan adları bir daha xatırladaq:

1. Stepan Şaumyan — Bakı xalq komissarları şurasının sədri.
2. Baqdasar Avakyan — Bakı şəhərinin komendantı.
3. Aram Kostandyan — ərzaq üzrə xalq komissarının müavini.
4. Arsen Əmiryan — “Bakı fəhləsi” qəzetinin redaktoru
5. Armenak Boryan — jurnalist
6. Suren Osepyan — “Bakı şurasın xəbərləri” qəzetinin redaktoru.
7. Tatevos Əmirov — kovaler dəstəsinin komandiri.
8. Solomon Boqdanov — hərbi-inqilab komitəsinin üzvü.
9. Anatoli Boqdanov — kovaler dəstənin üzvü
10. Meer Basin — hərbi-inqilab komitəsinin üzvü.
11. Eyjen Berq — matros.
12. İvan Qabışev — briqada komissarı.
13. Prokofi Caparidze — Bakı fəhlə, kəndli, əsgər və matroslar şurasının sədri,
14. Yakov Zevin — əmək üzrə xalq komissarı.
15. Mark Koqanov — hərbi-inqilab komitəsinin üzvü.
16. Qriqori Korqanov — Bakı xalq komitəsinin hərbi-dəniz işləri üzrə komissarı.
17. İvan Malıqin — Kavkaz ordusunun hərbi-inqilab komitəsinin sədri.
18. İrakli Metaksa — Şaumyanın şəxsi cangüdəni.
19. İsay Mişne — hərbi-inqilab komitəsinin işçisi.
20. İvan Nokolayşvili — Caparidzenin şəxsi cangüdəni.
21. Qriqori Petrov — Bakı şəhər mərkəzi hərbi hakimiyyətinin sədri.
22. Vladimir Poluxin — hərbi-dəniz işləri üzrə komissar.
23. Fyodr Solntsev — hərbi işçi.
24. İvan Fioletov — xalq təsərrüfatı şurasının sədri.
25. Məşədi Əzizbəyov — Bakı quberniyasının komissarı.
26. Mir Həsən Vəzirov — torpaqbölmə üzrə xalq komissarı.

Çalışın, düşmənlərinizi və edilənləri unutmayın. Millətlər unutduqlarını təkrar yaşayarlar…

P.S. Bu gün Nuru Paşanın adını Bakıda əbədiləşdirmək üçün gözəl fürsətdir. “26 Bakı Komissarı” küçəsi adına ən gözəl alternativ həmin küçəyə qəhrəman Paşanın adını verməkdir. 15 sentyabr – Bakının Qafqaz İslam Ordusu tərəfindən xilas edilməsinin 99-cu il dönümündə Nuru Paşanın adının o küçəyə verilməsi Türkiyə-Azərbaycan qardaşlığına Bakı meriyasının gözəl bir töhfəsi olar.

Yenicag.az

www.yenicag.az

3382