Nüvə sazişi RAZILAŞMASI: “İran mövzusunda ABŞ-nin mövqeyi çox kəskindir”

“Hər iki tərəfin də ehtiyatlı olmalı olduğu məqamlar var”.

Bunu Yenicag.az-a açıqlamasında ABŞ və İran arasında nüvə sazişinin imzalanması üçün Rusiyanın vasitəçiliyi barəsində yayılan xəbərlərə münasibətini bildirən politoloq Tural İsmayılov deyib.

O, indiki məqamda Rusiya rəhbərliyinin ABŞ və İran arasında nüvə sazişi, yaxud hansısa məsələlərdə ortaq mövqe sərgiləyəcəyini düşünmədiyini bildirib:

“Çünki doğrudan da bu iki gücün bir-biri ilə hansısa məqamda razılıq əldə etməsi indiki dövr üçün çətin görünən situasiyadır. Faktiki olaraq, hazırda ABŞ, Ukrayna məsələsinə görə Rusiya ilə danışıqlar formatını bərpa edir. Ancaq İran mövzusunda ABŞ-nin mövqeyi çox kəskindir. Bunu Rusiya özü də yaxşı başa düşür”.

Onun sözlərinə görə, indiki dövrdə ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı danışıqlarda Rusiya ilə xoş münasibətlər mənzərəsi yaratması dünyada müəyyən ümidlər yaradır:

“Bir çoxu düşünür ki, bəlkə İranın nüvəsizləşdirilməsi ilə bağlı mövzularda da hansısa razılıqlar əldə olunacaq. Ancaq hər iki tərəfin də ehtiyatlı olmalı olduğu məqamlar var. İstər Rusiya, istərsə də ABŞ İran mövzusunda ortaq nöqtəyə gəlməyin çətin olduğunu yaxşı başa düşür. Hətta Trampın bütün hakimiyyəti dövründə Rusiyanın vasitəçiliyi ilə ABŞ və İran müəyyən iradə ortaya qoysalar da, gələcək dövrdə bu razılıqların taleyinin nə olacağını söyləmək çətindir. Bir sözlə, bu gün İranla ABŞ arasında hansısa razılaşmanın əldə edilməsi çətin məsələdir. Nə ABŞ öz mövqelərindən geri çəkilməyəcək, nə də İran yumşaq münasibət ortaya qoymayacaq”.

Nəsimi Ələsgərli