“O, bir ana, vəfa örnəyi həyat yoldaşı, maarifçi ziyalıdır”

Tənzilə Rüstəmxanlı

“Şeirlərində hər zaman
Sözün ağrısından keçərlər,
Söyləməyə
Həqiqətin acısını
Seçərlər Şairlər…
Tanrı aşiqi,
Eşq dəlisi olduğundan
Çox vaxt sevməzlər
Şairləri…
Dostu çox, sirdaşı az,
Bostanı daşlı,
Könlünün gözü yaşlı olar Şairin…”
Gözü olan hər kəs baxar, görmək istədikdə görər, amma şairlər könül gözu ilə baxar və gördükləri qarşısında çox vaxt könlünün gözü yaşlı olar. Bunu hiss etdikləri üçündür ki, onların dünyaya baxışı fərqlidir.Onların görduklərini, çox zaman biz də görərik, amma gözümüz yaşarmaz, onlar kimi duyğulanmaz, gördüklərimizin əsl gizli mahiyyətini onlar kimi dərk edə bilmərik…
Bəzən də xəbislər
Elə bilərlər
Kiminsə yerinə doğulub,
Kiminsə yerini tutub,
Ya da kiminsə qazanacağı
Uğuru qazanıb.
Yavanlığı ürəyinin yağı,
Şeiri ömrünün çırağı,
Dünyanın dərd ortağı
Olan Şairlər…
Sadəcə, onları anlamaq lazım, şairlər zamanı içlərındən keçirərlər və zamana sığmazlar. Bəzən də “dünya bizi anlamadı” deyərək, çəkdikləri əziyyətlərin boşa getdiyinə, insanın kamilləşmə yolunun çətinliyinə yanar, dünyanın naz-nemətini əlinin arxasıyla itələləyərək, haqq yolundan başqa yol tanımazlar.
Bəzən yazan əlinin sınması,
Gözünün kor olması,
İstedadının yoxa çıxması
Arzulanar şairin…
Qəfil bir ölüm
dəyişər hər şeyi…
Hörmətlə,şöhrətlə ucalar şair…
Nekroloqlar, uydurulmuş
Xatirələr asar özünü
Qəzetlərdən…
Həsəd aparar adam
Dünən qısqanılana,
Qarğanana…
Ölüm bəxtəvərliyə
Qaldırar şairi…
Çox insan anlamaz bu acını, mən bu acını evimdə hər gün yaşıyanlardanım, çünki illərdir ədəbi mühitə yaxınam və bu şeirdə deyildiyi kimi bir şairin dərdlərinin arasında hər gün necə acılar çəkdiyini görürəm.
Dərindən nəfəs alar
Bəzi başsağlığı imzalayanlar
Üstündən yük götürülmüş kimi…
İçimdə bir ağrı
sızlatdı məni,
Dinlədim ağrının
Səsini…
Ehey, gedənlər, qalanlar,
ölümə tələsənlər,
Ölümü yubananlar,
Mən ölümdən iyrəndim,
Yaşamaqdan bezdim.
Mən insanlıq adına,
Şair urvatına görə
Əl boyda daş olmaq istədim.
Sözün və söz sahiblərinin urvatdan salındığı bir dönəmdəyik nə yaziq ki.
Yuxarıda misal çəkdiyim gözəl və həyatın sərt reallıqlarından doğan misraların müəllifi
çox sayqı duyduğum bir Aydınımızdır.O, bir anadır, qadındır, vəfa örnəyi həyat yoldaşıdır, vətəndaşdır, maarifçi bir ziyalıdır.
Haqqında danışdığım gözəl şeirlərin müəllifi şairə Sona Vəliyevadır.
Mən uzun zamandan bəri Sona xanımı tanıyıram və yaradıcılığını izləyirəm.O, mənim gözümdə yalnız şair və yazar deyildir, o həm də cəmiyyətdə sözü və davranışı ilə seçilən, qazandığı hörmətə görə təsir imkanlarına malik olan, örnək bir ictimai xadimdir. Sona xanım, millətinin maariflənməsi yolunda Səfiqə Qaspıralının, Həmidə xanımın sələfidir. Onun bədii yaradıcılığı haqqında çox yazılar yazılıb, mən onları təkrarlamak istəməm. Sona xanımın bilinməyən və yaxud da bilinməsini istəmədiyi bəzi xüsusiyyətləri var ki, məni hər zaman özünə cəlb etmişdir. O insan kimi də mükəmməl xarakterə sahibdir. Xeyirxahlığı haqqında yazmaq  istərdim, ancaq bilirəm ki, bunun yazılmasını da heç istəməz, “bir əlin verdiyini, o biri əl bilməsin” deyimindəki və tarixi ənənələrimizdən gələn böyük əxlaq onun yaşam prinsiplərindən biridir. Buna görə də Allah sevgisinə sığınıb, İnancını İmanla yaşayanlardandır, Vətən sevgisini İmandan bilənlərdəndir və bunu göstəri üçün etməz. Bir gün bir görüşümüzdə sözləri Sona xanıma aid olan “Qaragilə”- mahnısını Əhmət Şəfıqin ifasında dinləyirdik, birdən Sona xanımın dərdli səsini eşitdim:” Qarabağ dərdi bizə Araz dərdini unutdurdu”.
Arazla ikiyə bölünmüş bir millətin bütövlük simvoluna çevrilmiş bir “Qaragilə”dastanı vardı, Sona Vəliyevanın da bir “Qaragilə”-si var:
Bu sevgi özündən əvvəl doğulan,
Səni taleyimə yazdı yaradan.
Bir ömür yol gəldim dolanbadolan,
Dilim susan oldu, ay Qaragilə.

Gəldim qəlb evinə sevgi almağa,
Gəldim üsyan edəm ayrılıqlara.
Gəldim ki, qaçıram lap uzaqlara,
Yolum kəsən oldu, ay Qaragilə.
Bu əzab doğma, müqəddəs,
Ayrılıq günahsa, necə yuyaq bəs?
Tökmə gözyaşını sel kimi əbəs,
Günah səndə oldu, ay Qaragilə.
Biz faciəmizin və bölünməyimizin günahlarını illərlə Arazın üstünə yükləmişik, onu qarğımışıq, ancaq Sona xanım   sair sevgisi və ümidi ilə bir gün taleyi gizli qapılar arxasında həll edilən millətlərin üzünə gün doğacağından yazır.
Bu yandan açarı mənəm,
O yandan kimdir bağlayan?
Tanrı əliylə açıram,
Dayan, ay qapı bağlayan.
Kimisi bir hayla açdı,
Kimisi duayla açdı,
Kimi də ah-vayla açdı,
Kimsən ay qapı bağlayan?
Bu qapının cırıltısı
Min ilin qəlb sızıltısı…
Dərbənd, ya Gəncə ağrısı
Gəl açaq, qapı bağlayan.
Bu qapı gözüm qapağı,
İçi Vətənin torpağı.
Ürəyim yağı tapdağı,
Sən də bax, qapı bağlayan.
Keçmədim qapı varsa da,
Dərdi düşmən çarasında.
Torpaq qapı arasında
Can verir, qapı bağlayan.
Bu gün qapılar arasında qalaraq Can verən Qarabağ torpağı kimi Sona xanım əslində, itirdiyimiz torpaqların yasını tutaraq, onlar üçün ağı söyləmişdir. Bu seirdə ağıların, laylaların bitməz kədəri, Azərbaycan folklorunun min illəri aşıb gələn havası var.
Sona Vəliyeva sözə çox önəm verən əsl söz Adamıdır.
Qoymaz bir kimsədən minnət götürəm,
Ölüm xəbərimi söz yetirəcək.
Oğuldan, uşaqdan, dostlardan qabaq
Mənim cənazəmə sözüm girəcək.
Zərif misralarım, yarımçıq şeirim
Südəmər körpətək durmaz, ağlayar.
Dərd-sərdən balamın səsi batanda
Sözüm qızım olar, məni oxşayar.
Deyər “yad ağlayar, yalan ağlayar”,
Oxşayar doğmadan doğmatək məni.
Qəlbimin əkizi vəfalı sözüm
Ölümü öldürüb yaşadar məni.
Gedərəm nigaran olan-qalannan,
Qalar min dodaqda, dildə sözlərim.
Mənsiz darıxanda çiçəyə dönüb
Döşənər qəbrimin üstə sözlərim.
Qalacaq ruhumun yükü sözümdə,
O, məndən doymadı, doymadım ondan.
Mən “Ol”la gəlmişdim,”Öl”lə gedirəm,
Yaşamaq ümüdüm başlayar sondan.
İnamla deyə bilərəm ki, Sona xanımın ürək ağrısından qopan, İnsan taleyinə və ömrün qısalığına üsyan kimi səslənən bu seir Azərbaycan poeziyasında söz haqqında, onun ictimai, mənəvi, ruhi dəyəri haqqında yazılmış ən gözəl nümunələrindən biridir.
Sona Vəliyevanın elmi, pedaqoji, ictimai fəaliyyətini, jurnalistika tariximizin öyrənilməsi və bu sahədəki böyük ənənələri davam etdirməsi geniş yazıların və yəqin ki, araşdırmaların mövzusudur. Onun bu xidmətləri haqqında yazılıb və bundan sonra da yazılacaqdır. Mən bu sətirləri Sona xanımın ad gününə bir dost təbriki kimi yazıram, lakin məncə, Sona xanım builki ad gününə ən gözəl təbrik sözünü özü deyib və ən dəyərli hədiyyəni də özü-özünə bağışlayıb. Bu yaxınlarda onun Azərbaycanın fikir və əməl dahilərindən olan, mətbuatımızın əsasını qoyan Həsən bəy Zərdabi haqqında yazdığı irihəcmli “İşığa Gedən Yol”- romanı Mədəniyyət Nazirliyinin “Qızıl Kəlmə” mükafatına layiq görülmüşdür. Bu roman Sona Vəliyevanın yaradıcılıq potensialının yeni bir tərəfini üzə çıxartmaqla yanaşı, onun adını ədəbiyyatımızın qadın qolunu yaradan məşhur sairə və söz ustadlarının sırasına yazmışdır.
Ancaq Sona xanım o şəxslərdəndir ki, onu öz uğurlarından daha çox milli ideallarımıza qovuşmaq yolunda qazanılan müvəffəqiyyətlər sevindirir.
Belə sevinclərin bol olsun, əziz bacım.

Tənzilə Rüstəmxanlı