“O bloqerlərin tərbiyəsizliyi şəhidlərimizə, qazilərimizə, ordumuza və suverenliyimizə hörmətsizlikdir” – ETİRAZ

“Prezidentin Brüsselə səfəri zamanı yenə də o cür tərbiyəsiz davranışlara yol vermək, təbii ki, heç kim tərəfindən dəstəklənə bilməz”.

Bu fikirləri prezident İlham Əliyevin Brüsselə dünən baş tutan səfərinin gedişində Avropada məskunlaşan bir neçə azərbaycanlı bloqerin dövlət başçısına yönəlik hərəkətlərinə münasibət bildirən Milli Məclisin sabiq deputatı Çingiz Qənizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, nəzərdə tutulan bloqerlərin məlum davranışları heç bir halda dövləti sevmək anlamına gəlmir:

“Bilirsiniz, o adamlar bizim üzqaramızdır. Ölkədə hansısa bir qurumdan, təşkilatdan, siyasi hakimiyyətin fəaliyyətinin müəyyən istiqamətindən narazı ola bilərlər, bu onların hüququdur, başadüşüləndir. Amma bu qədər həssas olan dövlət və millət, suverenlik və torpaq məsələsində, şəhidlər verdiyimiz bir məsələdə prezidentin Brüsselə səfəri zamanı yenə də o cür tərbiyəsiz davranışlara yol vermək, təbii ki, heç kim tərəfindən dəstəklənə bilməz. Sadəcə özlərini biabır etdilər.

Onların həmin kadrlarda əks olunan yaramaz və tərbiyəsiz hərəkətlərinə, küçədə dayanıb qışqırmalarına mən də baxdım. Gördünüz ki, orada onları dəstəkləyən uzağı üç-beş adam ola bilərdi. Bu hərəkətlər heç bir halda dövləti sevmək deyil. Dövlətini sevən insanlar o cür tərbiyəsizlik etməz. O tərbiyəsizlik həm də bizim şəhidlərimizin ruhuna hörmətsizlikdir, Qarabağda canlarını qoyan, sağlamlıqlarını itirən qazilərimizə, bütövlükdə Azərbaycan ordusuna, dövlət suverenliyimizə sayğısızlıqdır.

Prezident dövləti təmsil edir və o baxımdan da dövlət adından belə bir mühüm məsələ ilə bağlı Avropanın mərkəzinə gedir, bizə qarşı hələ də düşmənçilik edən bir ölkə ilə dövlətimizin milli maraqlarına uyğun formatda və uyğun tələblərlə görüş keçirir. Onlar isə bu sayaq tərbiyəsizliyə yol verirlər. Təəssüf və ayıb olsun!”

A.Zeynalov