!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"O dəhşət hələ də gözümüzün önündədir" - ADNA TERRORUNDAN 11 il Ötdü

!Reklam – Yazi

2009-cu il, aprel ayının 30-u… Bu gözəl bahar günü Bakı sakinlərinin yaddaşına qanla yazıldı. Həmin gün Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi baş verdi. Və o qanlı hadisədə 12 nəfər günahsız insan qətlə yetirildi.

Bu gün – aprel ayının 30-u həmin dəhşətli hadisədən düz 11 il ötür. Amma bu 11 ildə o günün qurbanı olmuş 12 nəfər bir an olsa da unudulmur, dostlar, doğmalar tərəfindən yad edilir, terrora lənət oxunur.

Hər olduğu kimi bu il də Azərbaycan Dövlət Neft Akademiyasında o məşum günlə bağlı xatirə tədbiri keçirildi. Şahidlər həmin dəhşəti bir daha xatırlayıb, ölənlərə rəhmət oxudular. 30 aprel 2009-cu il ADNA-nın o vaxtkı rektoru Siyavuş Qarayevin həm də doğum günü imiş. Doğum günündə belə bir faciəni yaşamaq bir təhsil ocağının rəhbəri üçün olduqca böyük sarsıntı idi. O gün gülləyə tuş gələnlərin arasında Akademiyanın professoru, laborantları, tələbələri, dosenti, müəllimləri və hətta yeməkxanaya süd məhsulları gətirən bir xanım da var idi. Güllələr insanların baş və boynundan dəymişdi. Akademiyanın girişində terrorçu Fərda Qədirovun ilk rastına çıxan tələbə Seyid Əhməd Əmru (Sudan vətəndaşı -red.) olub. Əmru canını yüngül xəsarətlə qurtarsa da, xalası oğlu Mustafa Məhəmməd Qasım ağır yaralanıb. Fərdaya ilk müqavimət göstərən də elə Mustafa olub. Onun sözlərinə görə, Fərda qarşısına çıxanları ingilis dilində söyüb, sonra da güllələyirmiş.

Natiqlərin sözlərinə görə, ADNA terroru Azərbaycanın siyasi imicinə zərbə vurmaq üçün düşünülmüş, planlaşdırılmış bir hadisə idi. Çünki məhz ADNA-da xarici tələbələr daha çoxdur və onların öldürülməsi beynəlxalq aləmdə böyük səs-küyə səbəb olacaqdı. Şükürlər olsun ki, düşmənin bu məkrli planı da baş tutmadı və Azərbaycan hökuməti öz vətəndaşları kimi əcnəbi tələbələrin də qayğısına qaldığını dönə-dönə sübut etdi. Amma təəssüflər olsun ki, ADNA terroru da qurbansız ötüşmədi.

Həmin gün 25 nəfər qanına qəltan edildi. Onlardan 13 nəfərini xilas etmək mümkün olsa da 12 nəfər dünyasını dəyişdi:

1. Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Ramiz Xəlil oğlu Abdullayev (1940-ci il təvəllüdlü)

2. Nəzəri Mexanika fakültəsinin laboratoriya müdiri Tamilla Zülfüqar qızı Əzizova (1951-ci il təvəllüdlü)

3. “Neft-qaz istehsali və emali texnikası” kafedrasının müəllimi, dosent Məcnun Abdulvahid oğlu Vahidov (1946-ci il təvəllüdlü)

4. “Biotexniki və texniki cihazlar kafedrası”nın laborantı Şəfa Afət qızı Məmmədova, (1978-ci il təvəllüdlü)
Tələbələr

1. Taleh Tariyel oğlu Məmmədov (1988-ci il təvəllüdlü)

2. Yusif Telman oğlu Bəndəliyev (1989-cu il təvəllüdlü)

3. Ayaz Cavanşir oğlu Bağırov (1988-ci il təvəllüdlü)

4. Savalan Allahverdi oğlu Cabbarov (1987-ci il təvəllüdlü)

5. Emin İmaməli oğlu Abdullayev (1989-cu il təvəllüdlü)

6. Ruslan Cəfər oğlu Babaşov (1990-ci il təvəllüdlü)

7. Ceyhun Sakit oğlu Aslanov (1988-ci il təvəllüdlü)

Və Akademiyaya süd məhsulları gətirən

1. Ayna Abbasqulu qızı Qurbanova (1957-ci il təvəllüdlü)

Şahidlərin sözlərinə görə, o qanlı hadisədən 11 il keçsə də hələ də instituta səksəkə içində gəlib-gedirlər. Çünki o günün qorxu və vəhşətini unutmaq mümkün deyil.

30 aprel 2009-cu il… Azərbaycan Dövlət Neft Akademiyasının 2-ci korpusu 12 ailənin qəlb yarası, göz dağı oldu.

Allah rəhmət eləsin!

Yeniçağ.Az

www.yenicag.az

2417
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv