“O deputatlar Mətbuat Şurasının İdarə Heyətinə seçilmək üçün dəridən-qabıqdan çıxırdılar” – Azər Həsrət

“İndi həmin adamlar onların adlarını siyahılara salmışlara arxa çevirmək nədir, üstəlik də MŞ-nin özünə belə barmaqarası baxırlar”

Yenicag.az xəbər verir ki, bu fikirləri Mətbuat Şurası İdarə Heyətinin bəzi üzvlərinin son proseslər fonunda qurumun fəaliyyətində iştiraklarını zəiflətmələrinə münasibət bildirən MŞ İH-nin üzvü Azər Həsrət deyib.

Azər Həsrət özünün “Facebook” hesabında paylaşdığı statusunda özlərini Mətbuat Şurasının fəaliyyətindən kənarda saxlayan İdarə Heyəti üzvlərini istefa verməyə çağırıb:

“İndi ki, belədir, daha bir səsli düşüncəmi paylaşıram. Mətbuat Şurasının qurucularındanam. Mümkün olduqca bu qurumun uğurlarına töhfə verməyə çalışmışam. Bundan sonra da çalışacağam.

Lakin anlaşılan, bir balaca yel əsən kimi bəzi dostlarımız qapını arxadan örtüb aradan çıxmağa üstünlük verirlər. Nə gizlədim, ölkədə ictimai-siyasi proseslər fonunda MŞ də ciddi zədə alıb. Hətta elə bir həddə ki, İdarə Heyətinin üzvlərinin bəziləri, ümumiyyətlə, qurumla əlaqəni kəsiblər.

Amaşovun yerinə mən olsaydım çoxdan onların məsuliyyət məsələsini müzakirəyə çıxarmışdım. Halbuki o adamlar – ki, aralarında hətta deputatlar da var – bir vaxtlar MŞ İdarə Heyətinə seçilmək üçün dəridən-qabıqdan çıxırdılar. Kimlərə daha müraciət etmirdilər ki, onda? Təki adları siyahılara düşsün. Düşdü də.

Lakin indi həmin adamlar onların adlarını siyahılara salmışlara arxa çevirmək nədir, üstəlik də MŞ-nin özünə belə barmaqarası baxırlar. Bu nə səmimiyyətsizlik? Əgər iş elədirsə, MŞ ilə bundan sonra yola davam etməyi özünüzə sığışdırmırsınızsa, lütfən, bunu istefa verərək gerçəkləşdirin. Nə çətin məsələdir ki?

Şəxsən mən günün birində MŞ ilə bağlı hansısa rahatsızlıq yaşasam, tərəddüdə düşsəm, dərhal istefa verəcəm. Özü də bunun səbəbini cəmiyyətə açıqlamaqla. Nə çətin işdir ki? Nə yardan doyursunuz, nə də əldən qoyursunuz. Bir ayağınız sosializmdə, digər ayağınız kommunizmdə nə vaxta kimi qalacaqsınız?

MŞ sizin düşündüyünüz kimi qorxulu qurum deyil axı. Dövlətə, Prezidentə münasibətində də hər hansı dəyişiklik yoxdur. Yəni sizin rahatsız olmağınız üçün heç bir səbəbi olmayan təşkilatdır. Bununla belə, əgər rahatsız olursunuzsa, istefa verəcək ürəyiniz də olsun…”