O əjdahadan bizdə niyə yoxdu?

Türkiyənin PTT 1-ci Liqasında çıxış edən “Altınordu” uşaq futboluna göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Premyer Liqasında çıxış edən 8 klubun hamısını qabaqlayır desək, yəqin ki yanılmarıq.

Təsəvvür edin, 1-ci liqada çıxış edən klub son bir ildə 2 futbolçusunu satmaqla 16,5 milyon manat qazanc əldə edib. Bu məbləğ son Azərbaycan çempionu “Qarabağ”ın illik büdcəsindən də çoxdur. Bəs onda o əjdahadan bizdə niyə yoxdur? Sualın özü kimi cavabı da bəllidir. Çünki bizim klub rəhbərləri yalnız və yalnız əsas komandanın uğur qazanmasına kökləniblər. Ki, sponsorlar verdikləri pulun hesabatını soruşanda heç olmasa ortaya nəsə qoya bilsinlər. Və beləcə, uşaq futbolunun inkişafı yalnız və yalnız pafoslu cümlələrdə işlədilir, ortada isə bir şey yoxdur. Elə buna görə də Turan Vəlizadə adlı 17 yaşlı futbolçumuzun “Fənərbaxça”nın U-17 komandasına keçmə ehtimalını böyük coşqu ilə qarşılayırıq. Sözsüz ki, “Altınordu”nun uğur qazanmasında komandanın prezidenti Seyit Mehmet Özkanın rolu danılmazdır. Klubu 3-cü liqada ikən təslim alan iş adamı apardığı uğurlu siyasət nəticəsində İzmir təmsilçisini marka halına gətirməyi bacardı.

İndi isə “Altınordu”da yetişən, ötən gecə isə “Roma”nın heyətində Çempionlar Liqasında qol vuran ən gənc (20 yaş, 7 ay, 7 gün) türkiyəli futbolçu ünvanını qazanan Cengiz Ünder haqqında…

Bu futbolçu 19 yaşında ikən 700 min avro qarşılığında “Başakşehir”ə satılır. Futbolçunun potensialına bələd olan “Altınordu” rəhbərliyi “Başakşehir”i idarə edənlərin qarşısına şərt qoyur ki, əgər Cengiz başqa bir kluba transfer olunsa, məbləğin 30 faizi mənimdir. Buna qədər isə İzmir təmsilçisi əlavə bonus olaraq, daha 100 min avro qazanır. O, “Roma”ya transfer olunana qədər İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 32 oyunda 7 qol vurur. Ardınca isə 15 milyon avroya İtaliya nəhənginə transfer olunur. Vaxtı ilə 1100 manat maaşa oynayan Cengizin “Roma”da illik qazancı 1,5 milyon avro olur. “Altınordu” isə bu transferdən ümumilikdə, 5,3 milyon avro qazanır. Əgər Cengiz Ünder “Roma”dan başqa bir kluba satılsa, İzmir təmsilçisi bu transferdən daha 20 faiz qazanmış olacaq. Onu “Roma”dan alıb, başqa bir kluba satan da “Altınordu”ya 10 faiz ödəyəcək.

Onun “Roma”nın heyətində 4 oyuna 5 qol vurduğunu nəzərə alsaq, deməli, Cengiz Ünder “Altınordu”ya hələ çox qazandıracaq… “Altınordu”da yetişən, ölkə xaricinə satılan digər futbolçu isə Çağlar Söyüncüdür. O, “Altınordu”da 5000 TL-ə maaş qarşılığında oynayarkən Türkiyənin əsas millisinə dəvət alır. 2016-cı ilin yayında isə Almaniyanın “Frayburq” klubuna transfer olunur. İzmir təmsilçisi bu transferdən ilk başda 2,5 milyon avro qazanır. Daha sonra isə müqavilənin şərtlərinə görə, “Frayburq” liqada qaldığı üçün 500 min avro, Çağlar 20-dən çox oyuna çıxdığı üçün 150 min avro, klub UEFA Avropa Liqasında vəsiqə qazandığı üçün də əlavə 200 min avro alır. İndiyədək ümumilikdə, Çağların transferindən 3,5 milyon avro qazanan “Altınordu” rəhbərliyinin gəliri bununla bitməyəcək. Belə ki, futbolçu “Frayburq”dan başqa bir kluba transfer olunacağı halda daha 25 faiz qazanacaq.

Emin Səfərov

 

COP29