!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

O gecə cəbhədə nə baş verdi? - Aprel qələbəsinin görünməyən tərəfləri

!Reklam – Yazi

Bu gün Azərbaycan Ordusunun aprel qələbələrindən bir il ötür.

Əslində erməni hərbi birləşmələrinin genişmiqyaslı əməliyyatı Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-da Nüvə Sammitində olanda baş tutmalı idi. Belə ki, Ermənistan tərəfi birinci əməliyyatını hələ Sammitdən əvvəl 25 Martdan 26 Marta keçən gecə Qazax istiqamətində başlamışdı.

20 Martdan başlayaraq Ermənistan ordusu cəbhənin Qazax rayonu istiqamətində olan sərhədinə ağır texnika, canlı qüvvə toplayır və 26 Mart gecəsi mövqe döyuşlərinə start verir. Nəticədə hər tərəf itkilər verilir, lakin erməni tərəfin əsas məqsədinin hücum yox, Azərbaycan Ordusunun diqqətini Qazax istiqamətinə yönəldərək, onun Qarabağ ətrafındakı hərbi qüvvələrini daimi dislokasiya yerlırindən çıxarıb Ermənistanla sərhədə cəmləşdirməklə qarşı tərəfin mövqelərini zəiflətmək planları Azərbaycan Müdafiə Nazirliyinin Kəşfiyyatçılarına bəlli olur…

Eyni zamanda şəxsən Lyova Mnatsakanyan (qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə Naziri) tərəfindən planlaşdırılan və həyata keçirilən əməliyyatın əsas hissəsi olaraq erməni hərbi birləşmələri Füzuli, Ağdam, Tərtər istiqamətinə əlavə ağır texnika və canlı qüvvə toplamağa başlayırlar.

Bunların içində istifadəyə yararlı BTR-80, BMP-1, BMP-2 və T-72 ağır tanklarla yanaşı tam şəkildə hərbi əməliyyatlar aparmağa qadir olmayan və yalnız hücum kəmiyyətini çoxaltmaq məqsədi ilə BTR-70 və hətta T-55 tankları Ermənistandan və erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Qarabağın digər regionlarından toplanaraq səfərbər olundu.

T-72 tankı

T-72 tankı

Bu məlumatlar da tam təfərruatı ilə Azərbaycanın mövcud Peyk imkanları və daimi işləyən kəşfiyyat kanalları ilə Müdafiə Nazirliyinin rəhbərliyinə daxil oldu. Dərhal Ermənistan tərəfindən fərqli olaraq hər an hücumları dəf etmək məqsədi ilə müəyyən qaydada dislokasiya edilən və kifayət qədər ağır texnika və digar sürsat və canlı qüvvə ilə təchiz olunmuş Azərbaycan ordusunun hissələri döyüş hazırlığına gətirildi və mövcud çatışmamazlıqları aradan qaldırmaq üçün mərkəzdən əmrlər aldı.

Martın 29-u və 30-u Fizuli, Ağdam və Tərtər cəbhələrində yerləşən erməni postlarının qarşısında potensial hücumlara qarşı yaradılmış süni təpələr traktorlar vasitəsi ilə ləğv edilərək təcili sürətdə 4,5 metrlik dəhlizlər açılır. Bu dəhlizlərin açılması Azərbaycan kəşfiyatçılarına artıq erməni tərəfin ağır texnika ilə hücum əməliyyatlarına hazırlıqları haqqında tam aydın məlumat verir və Müdafiə Nazirliyinin yaratdığı səyyar qərargahda hərbi analitiklər tərəfindən ermənilərin ehtimal olunan hücum taktikaları proyeksiya olunur. Eyni zamanda mövcud müdafiə planı təkmilləşdirilərək ordu hissələrinə çatışmayan və ya sıradan çıxan texnika və cihazların arxa cəbhədən gətirilməsi təmin olunur.

Amerika Birləşmiş Ştatlarının paytaxtında artıq Nüvə Sammiti işinə başlayıb və Azərbaycan Prezidenti İlham Əliyev iştirakçı olaraq Vaşınqtondadır. Bu fürsətdən istifadə edərək və bu barədə hələ 2016-cı ilin yanvar ayından məlumatı olan erməni tərəfi 31 martdan 01 Aprelə keçən gecə yuxarıda adı çəkilən istiqamətlərdə genişmiqyaslı hücuma başlayır. Lakin bu əməliyyat yalnız artileriya hazırlıqları ilə müşayiət olunur və məqsədi Azərbaycan tərəfini panikaya salmaq və mövcud sursat bazasını tükəndirmək xarakteri daşıyır. Uzunmüddətli və şiddətli artilleriya hazırlığı zamanı erməni hərbi birləşmələri bütün cəbhə boyu 5 saat ərzində D-30 tipli 122 mm qaubitsa, ML-20 152 mm qaubitsa-top, 2A36 152 mm top, D-44 85 mm divizion topu, minamyotlar və Qrad reaktiv atəş sistemlərindən istifadə edərək əsasən Azərbaycan ordusunun dislokasiya yerləri və panika yaratmaq məqsədi ilə yaşayış məntəqələrinə də zərbələr endirirdi.

Azərbaycan ordusunun hərbi texnikası

Azərbaycan ordusunun hərbi texnikası

Lakin əvvəlcədən aparılan uğurlu hazırlıq işləri nəticəsində azərbaycan tərəfinin mövcud dislokasiyaları artıq yerdəyişmələri etdikdən ordu həmən gecə ciddi itkilər vermədən cavab atəşi ilə erməni tərəfini susdura bildi və 01 Aprel səhər saat 08:00 radələrində artıq erməni tərəfinin artilleriyası susdu. Artilleriya hazırlığından sonra gözlənilən hücum da baş tutmadı. Bunun bir neçə səbəbi ola bilər, ya bu mövcud planın birinci hissəsi idi – onda sual olunur niyə əvvəlcədən tankların hücumu üçün təpələrdə dəhlizlər açılırdı, ya da erməni tərəfi azərbaycan ordusunun hazırlığını gözləmirdi və şiddətli cavab atəşi onlarınmövqelərinə  ciddi xətər yetirərək yenidən qruplaşmağa məcbur etdi.

01 aprel, səhər tezdən cəbhə xəttində yerləşən bəzi hərbi hissələrə azərbaycanlı gənclərin axışması müşahidə olunur. Bu yerli sakinlər də hərbçilərdən silah tələb edirlər ki, onlara silah verilsin. Daim bu cür artileriya zərbələrinə məruz qalaraq problemlər yaşayan sakinlər kütləvi şəkildə azərbaycan ordusuna yazılaraq döyüşə atılmaq və 24 il davam edən işğala son qoymaq istəyirlər.

Burda balaca bir haşiyə çıxmalıyam. 1990-cı illərdə həmin ərazilərdə erməni tərəfindən bu cür şiddətli artilleriya hazırlığı mülki insanları yerlərindən didərqin salıb uzun köç karvanları yaradırdısa, bu gün, 22 il sonra yerli əhalini əlinə silah alıb evləri, vətənləri uğrunda vuruşmağa sövq edir.

Həmən günün ikinci yarısınadək əldə olunan kəşfiyyat və analitik məlumatlara görə 01 Apreldən 02 Aprelə keçən gecə erməni tərəfi öz qüvvələrini yenidən qruplaşdırıb heç nəyə baxmayaraq ağır texnikanın müşayiəti ilə hücuma keçəcəklər. Bu əməliyyat məlumatları da Bakıya çatdırıldı. Vəziyyət gərginləşirdi… Belə qısa müddətdə cəbhəyanı ərazilərdən əhalinin evakuasiyası mümkün olmazdı. Bakıdan gecəyədək kifayət qədər əlavə qüvvə çəkmək üçün də vaxt qalmırdı. Eyni zamanda ikinci Xocalının törədilməsinə də imkan vermək olmazdı. Beləliklə, Prezident İlham Əliyev hələ də Sammitdə olan zaman çox zəruri və dürüst qərar verilməli idi…

Və Qərar verildi! Bütün cəbhə boyu külli miqdarda ağır texnika ilə gücləndirilmiş erməni hərbi birləşmələrinin hücumunun qarşısını həm də havadan aviasiya vasitəsi ilə saxlamaq və əhalini xilas etmək olardı. Orduya könüllü müraciətlərin sayı durmadan artırdı. Azərbaycan pilotları bir nəfər kimi cəbhəyə yollanmağa və əhaliyə dəstək olmağa hazır olduqlarını bildirdilər. Təşkil olunmuş heyət təcili sürətdə cəbhə bölgəsinə ezam olundu.

 Azərbaycan ordusunun əsgərləri döyüş bölgəsində

Azərbaycan ordusunun əsgərləri döyüş bölgəsində

01 Apreldən 02 Aprelə keçən gecə erməni silahlı birləşmələri bütün cəbhə boyu hücuma başladılar. Bu gecə saat 03:00-a təsadüf etdi! Digər tərəfdən isə ilk məlumat Ermənistan Müdafiə nazirliyinin bəyanatı şəklində, həmişə olduğu kimi bütün məsuliyyətı Azərbaycan tərəfinin üzərinə qoyaraq yalnız səhər saat 08:00-da elan edildi. Bu da öz növbəsində erməni tərəfinin əvvəlcədən hazırladığı press-relizləri elan edə bilmədiklərinin sübutu idi və ona görə də 5 saat ərzində gözlənilmədən düşdükləri vəziyyəti araşdıraraq yeni məlumat və press-reliz hazırlamalı oldular. Belə ki, Erməni hərbi hissələrinin hücumu bütün cəbhə boyu məğlubiyyətə uğradı və bu azmış kimi əllərində olan əsas və strateji yüksəklikləri tam itirdilər.

Azərbaycan Müdafiə Nazirliyinin rəbərliyi erməni tərəfinin hücumu və ümumiyyətlə gözlənilən əməliyyatı iki əsas hissəyə böldü. Birinci mərhələdə əsas məqsəd erməni hərbi birləşmələrinin hücumunun qarşısını almaq idi və Şumlama texnologiyası ilə pərakəndə salınmış erməni tərəfin hərbi qüvvələrinə yenidən qruplaşmağa imkan verməyərək yeni və təzə qüvvələrlə ikinci mərhələyə keçib daim cəbhəyanı Azərbaycan yaşayış məntəqələrini güllə-boran edən Lalə İlahi Təpə, Talış kəndi ətrafındakı yüksəklikləri və Seysulan məntəqəsini ələ almaqla birdəfəlik adı çəkilən yüksəkliklərə Azərbaycan bayrağını sancmaqdı.

Plan cızılmışdı və indi onu keyfiyyətlə həyata keçirmək lazım idi. Gözlənilən vaxtda erməni ağır texnikası əks tərəfə təzyiq göstərmək məqsədi ilə dəhşətli səs küy salaraq Azərbaycan yaşayış məntəqələrinə hücuma başladı. İstiqamətləri və marşrutları əvvəlcədən bəlli olduğundan və kəşfiyyat məlumatlarına arxalanaraq azərbaycan tərəfinin artilleriya qurğu və toplarının nişangahları irəliləyən ağır texnikanın düz alınlarına nişanlanmışdı və eyni zamanda açılan atəş nəticəsində bir neçə tanklara xətər yetirildi, ən əsası isə texnika quruluşu sıralarında ciddi panika yarandı. Lakin artilleriya toplarının əsas təyinatı tanklara qarşı mübarizə olmadığından hərəkət bir müddət ləngisə də sıralar qruplaşıb hücuma davam etdilər.

Azərbaycan Ordusunun döyüş texnikası cəbhədə

Azərbaycan Ordusunun döyüş texnikası cəbhədə

Bu zaman Azərbaycan ordusunda mövcud olan tanklara qarşı xüsusi silahdan istifadə edilməyə başlandı. Bu reaktiv silah 5 km məsafəsində yerləşən tankların yerlərini özü müəyyənləşdirir və avtomatik rejimdə onu məhv edir. Bu silahın daha ibtidai variantı “Səhrada Fırtına” əməliyyatında ABŞ ordusu tərəfindən istifadə nəticəsində İraq ordusunun ağır texnikasını hərəkətdən məhrum edərək tam şəkildə iflic etmişdi. Silahın iş prinsipinə qəldikdə – 5 km radiusunda yerləşən ağır texnikanın aparat tezlik və dalğalarını müəyyən edərək onların mühərriklərinin istilik mübadiləsinə tuşlanaraq kumulyativ zərbə ilə tankı salamat saxlayaraq hərəkətsiz edir və içindəki ekipajı tam şəkildə məhv edir. Məhz bu xüsusi silahın işə salınması ilə erməni tərəfə məxsus 4 ədəd müxtəlif çaplı ağır texnika məhv edildi və bundan sonra onlara yardım məqsədi ilə gələn daha bir tank vuruldu. Erməni ordusunun hüçüm taktikasından bəlli oldu ki, onlar Azərbaycan ordusunda mövcud olan bu xüsusi silahın olmasından xəbərdar deyildilər. Məhz bu hərəkətlər nəticəsində hücumun qarşısı alındı və Azərbaycan Müdafiə Nazirliyi tərəfindən hazırlanan müdafiə planının 1-ci mərhələsi sona çatdı.

2-ci mərhələyə görə 10 illərlə erməni tərəfin mövqeyləri sayılan və onlarla km aran məsafələrinə nəzarət edən, daim Azərbaycan yaşayış məntəqələrinə atəş yağdıraraq hər həftə 3-5 mülki  insanın həyatını aparan yüksəkliklərin ləğv olunması və nəticə olaraq Azərbaycan ordusunun nəzarətinə keçməsi idi. Bu çox çətin mərhələ idi. İş burasındadır ki, 10 illərlə bu yüksəkliklərdə Erməni hərbi qüvvələri məskünlaşmış, səngər, post və blindajlarını beton sərdabələrə çevirərək, ətək hissələri tam şəkildə minalamışdılar və bununla onlara yaxınlaşmaq imkanlarını sıfra endirmişdilər.

Helikopter

Helikopter

Bu andan plan üzrə döyüşə Azərbaycan hərbi hava qüvvələri qoşulur və dəqiq, əvvəlcədən korrektirovka olunmuş zərbələrlə adı çəkilən yüksəkliklərin ətəklərini və blindajla səngərləri şumlamağa başlayırlar. Hərbi helekopterlərin bu əməliyyatlarına iri çaplı artileriya da yardımçı olur. Bu anlar erməni hərbi birləşmələri üçün əsl cəhənnəm idi. Düz 50 dəqiqə erməni sənqərlərindən heç bir reaksiya yox idi – onlar bunu gözləmirdilər. Lakin əməliyyatın gedişində azərbaycan ordusunun bir hərbi Mi-24 tipli helekopterini vurmağa müvəffəq oldular. Erməni tərəfindən buraxılan Stinger tipli raketin Helikopterin arxa pərlərini sıradan çıxarmasına baxmayaraq Lalə İlahi Təpə yüksəkliyini təmizləyən ekipajın hələ də  sağ-salamat özünü xilas etmək imkanları var idi. Lakin Mayor Təbriz Mustafazadə, Mayor Urfan Vəlizadə və Baş Leytenant Bəkir İsmayılov yanan 12 tonluq helikopteri erməni blindajlarına çırpmağa qərar alaraq doğrudan da qəhramancasına həlak oldular. Helikopter sürətlə yüksəklikdə olan mövqelərə çırpılandan sonra hələ bir müddət də digər mövqeləri şumlayaraq ermənilərin arxa cəbhəsinə düşdü. Pilotların bu hərəkəti və ümumiyyətlə helikopterin vurulması tankçıların səbr kəsasını daşdırdı və onlar əvvəlcədən planlaşdırılmış yürüşlə yüksəkliyə tərəf hərəkətə başladılar. Azərbaycan ordusunun əskər və zabitləri zəncir çeynəyərək 95 dəqiqə ərzində bütün cəbhə boyu Lalə İlahi Təpə, Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan məntəqəsini ələ almaqla əsas yüksəkliklərə sahib oldular.

Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, düşmənin 320 hərbçisi öldürüldü, 500-dən artıq hərbçisi isə yaralandı. Döyüş toqquşmalarında Azərbaycan Ordusu da itki verib.

Aprelin 5-də saat 12:00-dan etibarən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırıldı.

Döyüşlərin yekunu olaraq Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi erməni işğalından azad edildi və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçdi. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işləri həyata keçirdi. /istipress.az

www.yenicag.az

1222
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv