O məşhur foto Qubadlıda çəkilib – Topçu Vüsal / FOTOLAR

“Görəndə ki, qarşında torpağına göz dikən düşmən gözünə heç nə görünmür, qisas hissi ilə alışıb yanırsan…”

Müharibə başlayan gün Alxanlıda olub – körpə Zəhranın ermənilər tərəfindən qətlə yetirildiyi kənddə. Elə ordan da döyüş yolu başlayıb, bircə hərəkətiylə bütün ölkədə məşhur olan topçu Vüsalın.

Bundan sonra Fizulinin, Cəbrayılın, Qubadlının azad olunması uğrunda döyüşlərə qatılıb. Elə o məşhur şəkil də məhz Qubadlının Çardaqlı kəndində çəkilib.

Vüsal deyir ki, fotonu onun əsgər yoldaşları çəkməyib.

– Həmin vaxt Müdafiə Nazirliyinin çəkiliş qrupu gəlmişdi cəbhəyə. Qızğın döyüşlər gedirdi. Qubadlının azad olunmasına az qalmışdı. O çəkiliş isə təbii alındı. Biz mərmini atdıq, özümdən asılı olmayaraq, elə durdum. Düzünü bilmək istəsəz, dəhşətli bir qəzəb, intiqam, qisas hiss vardı içimdə. Həm də yaxın dostumu itirmişdim döyüşlərdə. Ona görə də o duruş təbii alınmışdı.

Vüsal İslam oğlu Şahkərimov 2001-ci il iyunun 29-da Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Şəhid Arif Məmmədov adına orta məktəbi bitirdikdən sonra əsgərliyə yollanıb. Amma bir şeyi unutduq: Vüsal sən demə ali məktəbə daxil olubmuş. Sadəcə, Şahkərimovların təhsil haqqını verməyə imkanları olmayıb. O da hərbi xidmətə yollanıb.

Atası İslam Şahkərimovun dediyinə görə, Vüsala elə ad günündə çağırış vərəqəsi gəlib. Vüsal da əsgərliyə yollanıb.

19 yaşlı əsgər Vüsal Kərimov “Topçu Vüsal” kimi tanıdı, hamının yaddaşında Topçu Vüsal kimi qaldı. Vüsal deyir ki, iştirak etdiyi top atışlarında düşmənin xeyli canlı qüvvəsi məhv edilib.

– Bizə sonradan dedilər ki, haradasa 300-350 düşmən məhv etmişik. Müharibə çox dəhşətli şeydi. Amma görəndə ki, qarşında düşməndi, özü də sənin torpağına göz dikən düşmən, onda gözünə heç nə görünmür. Ancaq qisas hissi ilə alışıb yanırsan.

Hərbi xidməti isə Şuşada başa vurub Vüsal. Deyir Şuşa qədər gözəl şəhər görməyib, ora cənnətin özüdü..

Azərbaycan Prezidentinin sərəncamıyla Vusal Şahkərimov “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Bu ilin iyulunda həqiqi hərbi xidmətini başa vuraraq, boya-başa çatdığı Xaçmaz rayonunun Qusarçay kəndinə geri dönüb. O, hazırda Fövqaladə Hallar Nazirliyində də çalışır. Atası İslamın dediyinə görə, FHN-də işləmək onun çoxdankı arzusu idi.

– Vüsala digər nazirliklərdən iş təklifi gəlsə də, oğlum FHN-də işləməyi seçdi. Oğlum hələ hərbi xidmətdə olanda ona iş təklifi etmişdilər. Mən evimizə gələn nazirlik işçilərinə Vüsalı gözlədiyimizi və onun seçim edəcəyini bildirdim. Sağ olsunlar, oğlum geri dönəndən sonra da iş təklifini qüvvədə saxladılar.

Atası danışır ki, Vüsal uşaqlığından tərbiyəsi, savadı və vətənpərvərliyi ilə yaşıdlarından seçilirdi. Müharibə başlayan gündən nə vaxt zəng edibsə, “ata, hər şey əladır, az qalıb bütün torpaqları alıb sizləri sevindirəcəyik”, – deyib.

AYP-nin Mətbuat Xidməti