Azərbaycanlı gənclərin ölkəmizin dünyada tanıdılması istiqamətində fəaliyyətləri, xaricdə yaşayan və təhsil alan həmyerlilərimizin Azərbaycan həqiqətlərinin təbliği istiqamətindəki çalışmaları daim müzakirə mövzusu olub.
AzNews.az bu mövzu ətrafında Azxeber.com portalının baş direktoru, Türkiyənin Marmara Universitetində təhsil alan həmyerlimiz Əfsələddin Ağalarovun “Bizim Yol” qəzetinə müsahibəsini təqdim edir:
– Bu gün dünyanın ən müxtəlif ölkələrində azərbaycanlı tələbələr təhsil alırlar. Bizim gənclərimizin digər cəmiyyətlərə inteqrasiya yolunda nə kimi çətinlikləri olur?
– Müntəzəm olaraq Avropada keçirilən müxtəlif təlimlərdə oluram. Hər səfərimdə getdiyim ölkələrdə o ölkənin ən aktiv gəncləri ilə təşkilat rəsmiləri ilə görüşür, onlardan müsahibələr götürürəm. Gördüklərim onu deməyə əsas verir ki, xaricdə oxuyan və ya çalışan hansısa bir azərbaycanlı həmin ölkənin cəmiyyətinə olduqca sürətlə inteqrasiya edir. Hətta onlar özlərini öncədən təqdim etməsələr, siz onların azərbaycanlı olduğunu belə, bilməzsiniz. Bu əslində Azərbaycanın təbliği və ölkəmizin mövcud problemlərinin həmin cəmiyyətdəki fərdlərə daha yaxşı çatdırılması üçün müsbət keyfiyyətdir.
Ancaq bir çox hallarda biz fərqli mənzərənin şahidi oluruq. Yəni xaricdə oxuyan tələbələrin bir çoxu heç də ölkəmizlə bağlı məsələlərdə aktivlik nümayiş etdirmir və kənardan yalnız izləyici rolunu oynayırlar. Əlbəttə, bunu yaradan subyektiv səbəblər var. Bunun ən başlıca səbəbi diaspor təşkilatlarımızın diqqətsizliyi, təşkilatlar arasında olan mövqe savaşlarıdır ki, nəticədə həmin gənclərin unudulmasına, onların kölgədə qalmalarına səbəb olur. Şahidi olduğum sonuncu bir hadisəni sizə deyim. Ölkənin bir sıra aparıcı sayt rəhbərləri ilə bir yerdə “Qarabağ” klubunun Belçikanın paytaxtı “Anderlex” klubu ilə qarşılaşmasını izləmək üçün bu ölkəyə səfər etdik. Gördüyümüz mənzərə bizi olduqca üzdü. Belə ki, həmin ölkədə və ətrafyanı ölkələrdə təhsil alan, yaşayan azərbaycanlılar komandamızı dəstəkləmək üçün gəlsələr də, diaspor təşkilatlarının heç birini orada görə bilmədik. Komandamızın dəstəklənməsi üçün heç bir iş görməmişdilər.
Digər bir səbəb isə mətbuatın diqqətsizliyi məsələsidir. Məsələn, ölkəmizlə bağlı öz gücünə yaşadığı ölkədə hansısa bir tədbir edən gəncin bu işi heç yerdə işıqlandırılmır. Bilirsiz ki, müxtəlif anım günlərində xarici ölkələrdə keçirilən tədbirlərdə daha çox səfirliyin, diaspor təşkilatının xəbərləri KİV-lərdə işıqlandırılır. Fərdi təşəbbüslər isə diqqətsizliyin qurbanı olur. Bu da onların ruhdan düşmələri üçün şərait yaradır.
– Konkret olaraq, tələbələrimiz təhsil aldıqları əcnəbi mühitlərə uyğunlaşması üçün hansı baryerləri aşmalıdır?
– Əlbəttə, fərqli bir mühitə öyrəşmək üçün ilk növbədə psixoloji baryeri aşmaq şərtdir. Bu ya həmin mühitə adaptasiya olmaqdan, ya da özünü həm də o mühitin bir parçası kimi görməkdən keçir. Nəzərə almaq lazımdır ki, müasir dünyamızda heç də intellektual cəmiyyətlərdə insanlar irqinə, milliyətinə görə təzyiqlərə məruz qalmırlar. Ona görə bir mühitə alışmaq hazırkı durumda daha rahatdır. Daha sonra həmin gəncin ətrafı məsələsi ortaya çıxır. Reallıq odur ki, Azərbaycanın xarici ölkələrdə, xüsusən də bizim üçün strateji əhəmiyyətə malik olan ölkələrdə gənclərin təşkilatlanma məsələsində müəyyən problemlər var. Bu da həmin gənclərin öz kimliklərinə aid olan bir mühitdə deyil, həmin cəmiyyətə aid olan insanların əhatəsinə sürükləyir. Bu isə sonda xaricdə təhsil alan gənclərin milli kimliklərini unutmalarına və onların ölkəyə qayıtmamalarına stimul yaradır.
– Türkiyədə təhsil alırsınız – qardaş ölkədə. Hazırda bu iki ölkənin münasibətləri hansı səviyyədədir?
– 2013-cü ildən Türkiyənin Marmara Universitetinin İletişim fakültəsində “Media İqtisadiyyatı və İdarəedilməsi” ixtisası üzrə magistr təhsili alıram. Türkiyənin Təhsil Nazirliyinin həyata keçirdiyi beynəlxalq təhsil proqramı vasitəsilə bu şansı əldə etdim və hazırda ixtisasım üzrə Azərbaycan və Türkiyə mediasını əhatə edən elmi araşdırma üzərində çalışıram. Ümumiyyətlə bu ölkənin bizə doğma olduğu hər kəsə bəllidir. Tam səmimi deyə bilərəm ki, azərbaycanlılara qarşı Türkiyədə isti bir münasibət mövcuddur. Ancaq təəssüflər olsun ki, bu ölkə bizim üçün bu qədər strateji əhəmiyyətə malik olmasına baxmayaraq, hələ də orada tam olaraq Azərbaycan həqiqətlərini yaya bilməmişik.
Məsələn, mən ilk dəfə Türkiyəyə gedəndə oradakı insanlarda bizimlə bağlı informasiya qıtlığının olduğunu gördüm. Sadə insanlardan fərqli olaraq oxuduğum universitetdə də tələbələr arasında da məlumatsızlığın şahidi oldum. Və bundan sonra onlara müntəzəm olaraq ölkəmizlə bağlı məlumatlar verib, öz həqiqətlərimizi çatdırmağa çalışdım. Bu məlumatların hansı səbəbdən az olmasını deyə bilmərəm, amma nəzərə almaq lazımdır ki, Türkiyə bizim üçün strateji əhəmiyyətə malik bir ölkədir. Buna görə burada təbliğat işi daha sürətlə, daha aydın şəkildə qurulmalıdır.
– Biri var dövlətlərin, hökumətlərin münasibətləri, biri də var xalqların, cəmiyyətlərin münasibətləri. Türkiyə-Azərbaycan münasibətlərində bu iki amil eynidir, yoxsa fərqliliklər var?
– Hər kəsə məlumdur ki, bu iki ölkə möhkəm bağlarla bir-birinə birləşib. Dünyada örnək olacaq münasibətlərə malik iki ölkə varsa o da Azərbaycan və Türkiyədir. İki ölkə arasındakı siyasi, iqtisadi, mədəni əlaqələr ən yüksək səviyyədədir. Bir ildən artıqdır ki, bu ölkədə yaşayır və təhsilimi davam etdirirəm. Gördüklərimdən çıxış edərək onu deyə bilərəm ki, Türkiyə-Azərbaycan münasibətlərində hökumətlərin münasibətləri ilə yanaşı, fərdlərin də münasibətləri eynilik təşkil edir. Bu ölkədə mütləq bir azərbaycanlıya “qardaşım” deyəcək bir nəfər tapa bilərsiniz. Onlar bizi dostları və qardaşları kimi görürlər. Digər bir tərəfdən Türkiyə qarışıq və gərgin ictimai-siyasi proseslərin mərkəzində dayanan bir ölkədir. Buna rəğmən yeganə ölkə bəlkə də bizik ki, Azərbaycana qarşı münasibət olduğu kimi qorunub saxlanılıb.
– Türkiyə qardaş ölkə olsa da, maraqlıdır: orada Azərbaycan diasporu varmı və varsa, fəaliyyətləri əsasən nədə hiss olunur?
– Dünya ölkələri arasında ən çox azərbaycanlıların üz tutduğu ölkələrdən biri də Türkiyədir. Və mənim müşahidələrim onu deməyə əsas verir ki, bu gün bu ölkəyə təkcə istirahət adı ilə deyil, yaşamaq, təhsil, biznes əlaqələrinin qurulması üçün üz tutan həmvətənlərimizin sayı olduqca çoxdur. Həm də Azərbaycan hazırda Türkiyə ilə ən yüksək strateji tərəfdaşlığa malikdir. Bütün bu faktorları nəzərə alsaq, Azərbaycan diasporunun fəaliyyəti Türkiyə üçün daha prioritet olmalıdır. Hər il bu ölkədə Xocalı faciəsi ilə bağlı tədbirlər keçirilir. Bu işlər həm səfirlik tərəfindən, həm də yerli diasporlar tərəfindən görülür.
Amma mənim üçün azərbaycanlı gənclərin heç bir maliyyəsiz, köməksiz gördüyü işlər daha çox önəmlidir. Məsələn, bizim bir tələbəmiz Hüseyn Cavidlə bağlı Türk dilində öz tələbə büdcəsi ilə məlumat broşurları çap etdirib onu oxuduğu universitetin tələbələrinə paylamışdı. Və ya digər bir tələbəmiz Avropa Oyunları ərəfəsində öz şəxsi büdcəsi ilə oxuduğu universitetdə Azərbaycan stendi açmış və oradakı xarici tələbələrə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar vermişdi. İslahatçı Gənclər İctimai Birliyinin (İGİB) üzvləri hər il heç bir təmənna güdmədən müntəzəm olaraq İstanbulda “Xocalıya ədalət!” aksiyası keçirir. Bundan başqa, keçən il biz Respublika Günündə dostlarla bir yerdə İstiqlal küçəsində bayraq aksiyası keçirdik ki, həmin bu aksiya nəticəsində Taksim meydanında gəzintiyə çıxan, orada çalışan hər kəs Azərbaycan bayrağını havaya qaldırmışdı.
Bu hələ mənim şahidi olduğum işlərdir. Bu siyahını çoxaldacaq onlarla belə fərdi təşəbbüslər var. Təəssüflər olsun ki, bu işlərin çoxu heç bir dəstək olmadan həyata keçirilir. Məlumat üçün əlavə edim ki, bu ölkədə tələbələri bir araya toplayan və onların təşkilatlanması üçün çalışan təşkilatlar var. Və bilirsiniz ki, Azərbaycan Prezidentinin imzaladığı dövlət gənclər siyasəti var. Həqiqətən də ölkədə güclü gənclər siyasəti həyata keçirilir və hər bir gənc bu siyasətin bir parçasına çevrilib. Amma nədənsə qeyd etdiyim bu təşkilatlar fərdi təşəbbüslərin dəstəklənməsində maraqlı deyillər. Onlar daha çox hesabatlarda öz adlarının getməsinə daha çox maraqlıdırlar. Buna görə gənclərin çoxu meydanda tək qalır.