“O partiyalara ya hakimiyyətdən qeydiyyatla bağlı vəd verilib, ya da ki…” – RƏY

“Partiyalar öz funksiyalarına uyğun olaraq üzvlərinin sayını artırmaq barədə düşünməlidirlər, ancaq bunu tələb şəklində qanuna salmaq doğru deyil”.

Bu fikirləri bəzi partiya sədrlərinin “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaktəsində üzvlərin sayı ilə bağlı tələbin 10 min nəfərdən 5 min nəfərə qədər azaldılmasına yönəlik etirazlarına toxunan Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, partiya üzvlərinin sayına dair tələbin yumşaldılması ilə razılaşmayan siyasi təşkilat rəhbərlərinin bu yanaşmasını bir neçə ehtimalla əlaqələndirmək olar:

“Öncə onu demək istərdim ki, Azərbaycanın mövcud reallığında partiyalar qarşısında ən az beş min nəfər üzv şərtinin qoyulması da gerçəkçilikdən uzaq tələbdir. Bəli, partiyalar öz funksiyalarına uyğun olaraq üzvlərinin sayını artırmaq barədə düşünməlidirlər, ancaq bunu tələb şəklində qanuna salmaq doğru deyil.

Üzvlərin sayı ilə əlaqədar müddəada on min nəfər tələbinin beş min nəfərə salınması ilə razılaşmayan partiya sədrlərinin bu yanaşmasını yalnız müəyyən ehtimallarla bağlamaq olar.

Birincisi budur ki, ola bilsin, o fikirdə olan partiya sədrlərinin hakimiyyətlə müəyyən əlaqələri var və onlara mütləq şəkildə qeydiyyata alınacaqlarına dair vədlər verildiyi üçün belə danışırlar.

İkinci ehtimala görə isə, həmin partiya sədrləri özlərini hakimiyyətyönlü göstərmək, iqtidarın siyasətini tamamilə və qeyd-şərtsiz dəstəklədiklərini nümayiş etdirmək üçün bu mövqedən çıxış edirlər. Bu kimi ehtimalların sayını artırmaq da olar. Ancaq bir daha deyirəm ki, bu tələb Azərbaycan reallığına uyğun deyil”.

A.Zeynalov