“O qız zorlanmayıb”

big_1417344963_zorlanmaTovuzda 20 yaşlı qıza qarşı cinsi zorakılıqda ittiham olunaraq həbs edilən 4 gəncin valideyni Baş Prokuror Zakir Qaralova və bir neçə millət vəkilinə müraciət ediblər.

Bu barədə məlumatı həbs olunanlardan biri – Elməddin Niyazovun atası İsgəndər Niyazov açıqlamasında deyib. O, oğluna qarşı qaldırılan iddiaların əsassız olduğunu, Elməddinin sərbəst buraxılmasını istədiklərini deyib: “O qız zorlanmayıb. Ekspertiza rəyi də bunu deməyə əsas verir. Oğlumuza qarşı irəli sürülən ittihamların heç bir hüquqi sübutu yoxdur. Deyirlər ki, qızla qeyri-təbii yolla cinsi əlaqədə olublar. Amma bununla bağlı heç bir ekspertiza rəyi yoxdur. İttihamlardan biri də, guya, oğlumun, qızı döyməsi, fiziki zorakılığın göstərilməsidir. Amma ekspertiza rəyində bu, əksini tapmır. Qızın üzərində hər hansı bir zorakılıq əlamətinin aşkar edilmədiyi göstərilir. Digər bir ittiham isə, qızın zorla maşına mindirilib aparılması ilə bağlıdır. Amma qızın telefonundakı mesajlar və zənglər də sübut edir ki, qız öz razılığı ilə oğlumla görüşüb, onların əvvəlcədən telefon vasitəsi ilə razılığı olub. Qız iddia ərizəsində göstərir ki, guya, oğlum ona hədə-qorxu gəlib, görüşə gəlmədiyi təqdirdə onu cəzalandırdığını deyib. Məhkəmə bu deyilənləri sübut kimi istifadə etmək üçün gərək, aidiyyəti mobil operatora sorğu gondərər və telefon danışıqlarını əldə edərdi. Bunların heç biri olmadan, yalnız qarşı tərəfin dediklərinə əsasən qərar çıxarmaq heç bir qanuna sığmır”.

İsgəndər Niyazov məhkəmənin belə bir qanunsuz qərar çıxarmasını zorlandığı iddia olunan qızın atasının hakimlə əlaqələrinin olduğu ilə izah edir: “Mən baş Prokurordan və digər aidiyyəti şəxslərdən xahiş edirəm ki, bizim müraciətimizi nəzərə alsınlar. Məhkəməyə təqdim olunan dəlillər sübuta yetirilmədiyi halda, zorlamaqda ittiham olunan oğlanları həbs ediblər. Bu qanunsuzluqdur”.

Qeyd edək ki, 20 yaşlı G.N 4 nəfər həmkəndlisi tərəfindən zorlanması ilə bağlı Tovuz rayon Polis Şöbəsinə müraciət edib. Müraciət əsasında araşdırmalara başlanılıb və yaşı 20-25 arası olan həmin 3 nəfər saxlanılaraq şöbəyə gətirilib. Fakta görə cinayət işi açılıb və həmin şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün rayon məhkəməsinə göndərilib. Tovuz rayon Polis Şöbəsində istintaqı aparılan cinayət işi üzrə Kamal Məmmədov və Elməddin Niyazov Cinayət Məcəlləsinin 150.2.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri), Mürsəl Kərimov isə Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla martın 30-da barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qızı zorlamaqda şübhəli bilinən digər bir şəxs – Nemət Rzayev isə iki gün əvvəl saxlanılaraq, Tovuz Rayon Polis İdarəsinə aparılıb. İş bu gün Məhkəməsinə göndəriləcək. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir(aznews).