“O, “travmaya” məruz qalıb” – Azərbaycan xalqını təhqir edən Eynullaya SƏRT ETİRAZ

Haqqın.az və Virtual.az saytlarının baş redaktoru Eynulla Fətullayev Amsterdamda keçirilən Avropa Azərbaycanlıları Konqresindəki çıxışı zamanı əvvəlki ampluasına sadiq qalaraq, ruspərəst, ermənipərəst mövqedən yanaşmaqla növbəti dəfə Azərbaycan qadını və kişisini təhqir edərək, onları “çuşka” adlandırıb. Belə ki, bu şəxs qurultay iştirakçıları qarşısında doğma ana dilində deyil, rus dilində çıxış edib. Azərbaycan xalqını təhqir edərək, rusca danışmayanları, Bakının rayonlarında yaşayanları “mədəniyyətsiz”, bığlı və saqqallı olanları isə “çuşka” adlandırıb.

“Masallıdan, Biləsuvardan evlənməyin, gəlin buradan evlənin, soyadınızı dəyişin, məsələn “yandan”, “mandan” olun ki, mədəniyyətə sahiblənəsiniz”, kimi təhqiramiz ifadələr işlədib. Qeyd edək ki, millətimizi və onun qadınını təhqir edən bu şəxs vaxtilə “Xocalını ermənilər deyil, azərbaycanlılar törədib” adlı saxta yazı yazaraq, Vətənə xəyanətdə ittiham olunmaqla həbs də edilib.

Qurultayın işinə kölgə salmağa çalışan, Azərbaycan xalqını təhqir edən bu zatın həmin hərəkətini Yenicag.az-a açıqlamasında dəyərləndirən ADP sədri Sərdar Cəlaloğlu Eynulla Fətullayevi təzadlı, daxili “travma”ya məruz qalan adam kimi xarakterizə etdi:

“Son zamanlar Azərbaycan siyasi mühitində eybəcər tendensiya izlənilir. Siyasi mübarizə artıq siyasi etika sərhədlərindən çıxıb, əxlaqi dəyərlər gözlənilmir. Artıq küçə söyüşləri, təhqiramiz fikirlər siyasi mübarizə elementinə çevrilib. Çox təəssüf ki, həm iqtidar, həm də müxalifət tərəfindən belə hərəkət edən insanlar var. Hesab edirəm ki, iqtidar-müxalifət münasibətləri, o cümlədən ayrı-ayrı fərdlər arasındakı əlaqələr yüksək mədəniyyətə əsaslanmalıdır.

Çünki siyasi mübarizənin düşmənçiliyə keçməməsi üçün tərəflər mübarizənin milli maraqlar naminə aparıldığını hiss etməlidir. Çünki bir adamı təhqir edirsənsə, burada artıq ictimai maraqları təmsil etmirsən, fərdə qarşı mübarizə aparırsan. 100 il əvvəl yaşamış Şeyx Rəvvani deyirdi ki, dövrün qabaqcıl insanının başlıca düşməni öz zamanının adamı deyil, ideyalarıdır. Biz ideyalara qarşı düşmən ola bilərik. O zaman isə ideyaları söymək mümkün deyil. Söyüş, təhqir isə adətən, zəiflik, arqument yoxluğu, fərdin fikrini elmi şəkildə izah etmək imkanının olmamasının əlamətidir. Söyüş insanın daxili travmaya məruz qalması, kompleksə düşməsinin əlamətidir. Ona görə də artıq söyüş söymək, təhqiredici ifadələr işlətmək mərhələsindən imtina etmək lazımdır. Danışarkən sərt siyasi ritorika terminləri var ki, onlardan istifadə etmək lazımdır. Belə təhqiredici fikirlərin yer almasına səbəb odur ki, siyasətlə məşğul olmayan, mənəvi cəhətdən xalqı təmsil etmək imkanı olmayanlar qolunu çırmalayıb, özlərinə məxsus olan tərbiyə ilə guya siyasi mübarizədə iştirak edirlər.

Belə fikirlərin səslənməsi təhlükəli olmaqla yanaşı, yolverilməz və arzuolunmazdır. Təhqiredici ifadələr işlətmək həm də onu deyənin nüfuzdan düşməsinə səbəb olur. Xüsusən qadınları, millətin təmsilçilərini təhqir etmək qətiyyən yolverilməzdir. Təmsilçilərin söyülməsi elə xalqın söyülməsi deməkdir. Ona görə də Avropa Azərbaycanlıları Konqresində təhqiramiz ifadələr işlədən Eynulla Fətullayevi nə xalqa, nə millətə, nə dövlətə, nə də özünə xeyri olmayacaq bir adam kimi tanıyıram. Zaman-zaman o ağzına gələni hamı haqqında deyib. Təzadlı adam olduğundan belə bir yol tutub. O adam dedikləri sözləri dərk etsəydi, ən azından ictimai rəyə hörmət edərdi”.

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli də E. Fətullayevi hərəkətlərinə görə kəskin tənqid etdi:

“İnsanın harada doğulması ona hər hansı bir üstünlük vermir. Nəzərə almaq lazımdır ki, Eynulla Fətullayevin də doğmaları, əzizləri Azərbaycanın bir bölgəsindəndir. Bu gün Bakıda yaşayan insanlar da əsas etibarı ilə ölkənin müxtəlif bölgələrindən gəlib. Müasir dünyada belə bir təhqiredici davranışın ortaya qoyulması və sərgilənməsi qətiyyən yolverilməzdir. Azərbaycanda multikultural ənənələr mövcuddur və nə dini, nə də milli mənsubiyyətinə görə insanlar arasında heç bir fərq qoyulmur. Məsələyə regional aspektdən yanaşmaq, rayonlardan gələn insanların alçaldılması qətiyyən yolverilməzdir.

Hər bir Azərbaycan vətəndaşı həmçinin, öz ana dilini yaxşı bilməli və bu dildə danışmaqdan qürur duymalıdır. Düşünürəm ki, Eynulla Fətullayevin belə yanaşması ilk növbədə şəxsin öz-özünü alçaltması anlamına gəlir. Cəmiyyətdə daha çox həmrəylik, birliyə nail olmaq istiqamətində addım atmaq lazımdır. Azərbaycanın istənilən bölgəsində yaşayan insan bizim bir parçamızdır və dilimizin, mədəniyyət və mentalitetimizin daşıyıcılarıdır. İnsanın soydaşına əyri baxması ilk növbədə onun öz obrazının zəif olması anlamına gəlir”.

ELÇİN

COP29