“O vəsaitin vətəndaşlara daha rahat çatdırılması üçün…” – Ekspertdən “Rəqəmsal Azərbaycan” TƏŞƏBBÜSÜ
“Burada sahibkarlar üçün banka getmədən onlayn rejimdə bank hesablarının açılması praktikasından istifadə etmək olar”.
Yenicag.az xəbər verir ki, bu fikirləri işsiz və ehtiyacı olan vətəndaşların karantin rejimində dövlətin ayırdığı 190 manat dəyərində yardımı rahat şəkildə əldə etmələri üçün mümkün variantları dəyərləndirən “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyib.
Osman Gündüz bildirib ki, hökumətin işsiz və aztəminatlı vətəndaşlar üçün nəzərdə tutduğu 190 manat məbləğində yardımın əhatə dairəsinin birdən-birə 3 dəfə genişləndirməsi çox müsbət haldır. Ekspertin sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər aidiyyatı qurumlar indiki karantin rejimində bu vəsaitin daha asan formada vətəndaşlara çatdırılmasını təmin etməlidirlər:
“Əmək və Əhalinin Sosial Müdafiəsi və Daxili İşlər nazirlikləri, ASAN Xidmət və bank sektoru qeyd olunan vəsaitin veriləcəyi vətəndaşların adına şəxsi hesabların onlayn formada açılması prosesini sürətləndirə bilərlər. Burada sahibkarlar üçün banka getmədən onlayn rejimdə bank hesablarının açılması praktikasından istifadə etmək olar.
Hökumət çox doğru olaraq, karantin rejiminə keçidi mərhələli formada təmin etdiyi kimi, karantinin ləğvi üçün də analoji mexanizm hazırlaya bilər. Yəni müddəti bir qədər uzatmaqla, karantin rejiminin şərtlərini yumşaltmaq doğru addım olardı. Bir sıra ölkələrdə artıq bu təcrübədən istifadə edilir”.
Osman Gündüz hesab edir ki, mövcud şəraitdə bir sıra sahələrin fəaliyyətinin və yuxarı sinif şagirdləri üçün tədris prosesinin bərpası məsələsinə baxıla bilər:
“Əlbəttə, karantin rejimi və bütövlükdə prosesin gedişilə əlaqədar bütün DATA hökumətin əlində olduğundan, uyğun qərarı da rəsmi qurumların verməsi daha münasibdir. Yeri gəlmişkən, hökumətin bütün sahələrdə, xüsusilə, dövlət sektorunda, təhsildə, ticarət və xidmət sahələrində rəqəmsallaşmanın və rəqəmsal idarəetmənin keyfiyyətcə yeni mərhələyə keçirilməsi üçün vaxt itirmədən kompleks tədbirlərə başlaması vacibdir.
Artıq bir sıra sferalarda , dövlət və özəl sektorun bəzi sahələrində, o cümlədən, təhsildə bu istiqamətdə müəyyən addımların atıldığı müşahidə olunur.
Prezidentin indiki şəraitdə ənənəvi görüş və müşavirələrini videokonfrans formatına keçirməsi də idarəetmənin daha çevik və effektiv qurulması baxımından, çox əhəmiyyətlidir.
Bu tip yanaşmaların ölkənin bütün sahələrində tətbiqi, daha dayanıqlı və səmərəli idarəetmə sistemlərinin qurulması üçün “Rəqəmsal Azərbaycan” dövlət proqramı üzərində işə başlanılması çox faydalı olardı”.
Gülşən Şərif