“Obyektiv qiymət”, yoxsa “Qərb hakimiyyətlə anlaşıb” iddiası? – ATƏT-in hesabatı aranı qatıb

ATƏT-in Bakıya göndərdiyi Seçki Müşahidə Missiyasının açıqladığı aralıq hesabatı əks- siyasi düşərgələrdə fərqli reaksiyalar doğurub.

Yenicag.az xəbər verir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) “11 aprel – növbədənkənar prezident seçkiləri” ilə bağlı Azərbaycana göndərdiyi Seçki Müşahidə Missiyasının təqdim etdiyi aralıq hesabatı ətrafında müzakirələr səngimir.

Qeyd edək ki, martın 9-dan etibarən fəaliyyətə başlayan Missiyanın iki gün əvvəl açıqlanan hesabatında seçki prosesinin bütün aspektlərdə normal keçdiyi bildirilib. Hesabatda namizədlərə ödənişsiz efir vaxtı ayrıldığı öz əksini tapıb və seçki prosesinin gedişatı ilə bağlı nə məhkəmələrə, nə Mərkəzi Seçki Komissiyasına (MSK) heç bir şikayətin daxil olmadığı bildirilib.

Gözlənildiyi kimi, aralıq hesabatı birmənalı qarşılanmayıb. Hakimiyyətyönlü düşərgə ATƏT müşahidəçilərinin rəyini obyektiv hesab etdikləri halda, müxalifət aralıq hesabatından narazı qalıb.

ATƏT DTİHB-in müşahidə missiyasının aralıq hesabatından narazı qalan politoloq Hikmət Hacızadə Yenicag.az-a açıqlamasında bildirib ki, sözügedən sənəd adıçəkilən beynəlxalq qurumun Azərbaycan hakimiyyəti ilə “anlaşdığı” anlamına gəlir:

hikmet“Real müşahidə aparmaq istəyən bir təşkilat bu işə keçən ildən başlamalı idi. Araşdırmalı idi ki, bu ölkədə normal seçki mühiti, heç olmasa, siyasi fəaliyyət üçün şərait var, ya yox?

Bunlar seçki elan olunandan xeyli keçmiş gəliblər ki, müşahidə aparacağıq. Prosesin yarısından nəyi müşahidə edəcəksiz? Ona görə də onların yaydıqları bu hesabat məni təəccübləndirmir. Bu, həm də onu göstərir ki, ATƏT Azərbaycan hakimiyyəti ilə “anlaşıb”.

Səbəb də odur ki, Qərb özünün gələcək planlarında Azərbaycanın ona lazım olacağını düşünür. Yəni İranla mümkün müharibə və ya başqa məsələdə Azərbaycandan hansısa formada yararlanmağa düşünürlər. O üzdən də, Azərbaycan hakimiyyətinin xətrinə dəymirlər”.

Bu barədə Yenicag.az-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət isə bu fikirdədir ki, ATƏT DTİHB-in aralıq hesabatı real vəziyyəti əks etdirir:

“Həmin hesabatı diqqətlə oxumuşam və obyektiv müşahidəyə əsasən, hazırlandığını düşünürəm.

Seçki prosesini mən özüm də diqqətlə izləyirəm və indiyə kimi hər hansı ciddi qanun pozuntusunun, yaxud da şikayətin şahidi olmamışam. Doğrudan da proses normal keçir və namizədlərin hər birinə bərabər rəqabət şəraiti yaradılıb.

İctimai televiziyada debatlar təşkil olunur, seçicilərlə görüşlər keçirilir və sair. Həmin görüşlərin televiziyalarda işıqlandırılmasında da ayrıseçkiliyə yol verilmir. Mediada təşviqat materiallarının yerləşdirilməsində də qanunvericiliyin uyğun tələbləri gözlənilir. MSK isə özü işini yüksək səviyyədə yerinə yetirir.

Müxalifətin ATƏT-in aralıq hesabatından narazı qalması təbiidir – onlar hər zaman və hər şeydən narazıdırlar. Ancaq gəlin baxaq, bunun üçün əsas varmı? Təbii ki, yoxdur”.

A. Zeynalov

COP29