Öcalanın rezonans doğuran MESAJI: “PKK-nın münasibəti müsbət olmayacaqsa…”

“PKK və onun yan qurumları silahı yerə qoymalı və özünü buraxdığını rəsmən elan etməlidir”.

Bunu Yenicag.az-a açıqlamasında Türkiyənin tələbi ilə PKK-nın silahı yerə qoyub-m qoymayacağı ilə bağlı ehtimallarını səsləndirən siyasi şərhçi Rafail Becanov deyib.

Onun sözlərinə görə, PKK-nı dəstəkləyən, hazırlayan, silahla təmin edən, təlim keçən və güclü bir terror qruplaşması yaradan dövlətlər Türkiyəni zəiflətmək üçün bu terror təşkilatını təlimatlandırırdılar.

“Lakin bütün çətinliklərə baxmayaraq, Türkiyə bunun qarşısını ala bildi. 40 il terrorla mübarizə aparmaq, dövlətin bütövlüyünü qorumaq çox çətin prosesdir. Amma güclü Türkiyə bunu qorudu və terrorçuları lazımi qədər də cəzalandırdı. Təbii ki, bizim də şəhidlərimiz çox oldu, amma PKK, onun dəstəkçiləri Türkiyəni parçalamağa müvəffəq ola bilmədilər”.

R. Becanova görə, indi yeni bir çağ başlayır:

“Öcalanın bu çağırışı və onun özünün bu çağırışa razı salınması böyük siyasi nailiyyətdir. PKK-nın arxasında duran dövlətlər çalışacaqlar ki, bu terror təşkilatı hansı formada olursa-olsun, öz fəaliyyətini davam etdirsin. Terror qruplaşmasını sırasında fikir ayrılığının yaranacağı ehtimalı da var. Mümkündür ki, terrorçulardan bəziləri Öcalanın çağırışına dəstək verməsin. Lakin qruplaşmanın hansı reaksiyanı verməsinə baxmayaraq, Türkiyə üçün bu çağırış xüsusi əhəmiyyətlidir. Öcalanın bu çağırışı ilə Türkiyə terror təşkilatına qarşı əməliyyatlar keçirmək üçün növbəti və vacib əsas əldə etdi”.

Həmsöhbətimiz əmindir ki, Öcalanın çağırışında məsələlər konkret qoyulub:

“PKK və onun yan qurumları silahı yerə qoymalı və özünü buraxdığını rəsmən elan etməlidir. Prosesin hansı formada davam edəcəyi PKK-nın qərarından asılı olacaq. Böyük ehtimalla, böyük əksəriyyət də buna müsbət reaksiya verəcək. Çünki illərlə boş, mənasız mübarizənin acısını dadıblar. Türkiyə elə bir dövlət deyil ki, bir terror təşkilatının qarşısında aciz qalsın. Ancaq dediyimiz kimi, mənfi reaksiyanı da gözardı etmək olmaz. Bu reaksiyalardan Öcalanın hazırda PKK üzərində hansı təsir gücünün olub-olmaması da üzə çıxacaq. Əgər onun “silahları buraxın”, “ayrı dövlət yoxdur” çağırışlarına PKK-nın münasibəti müsbət olmayacaqsa, deməli, baş terrorçu artıq qruplaşmaya nəzarəti tam itirib. Belə də onun özünün bir fiqur olaraq əhəmiyyəti qalmayacaq”.

“Gözlənilən digər məsələ isə terror qruplaşmasının öz adı ilə siyasi fəaliyyət tələbi irəli sürmə ehtimalının olmasıdır. Artıq belə fikirlər səslənir. Buna isə Türkiyənin imkan edəcəyi inandırcı deyil. Silahı buraxanlar və Türkiyənin tələbinə, Öcalanın çağırışına əməl edənlər üçün amnistiya aktı qəbul oluna bilər. Lakin terroru müdafiə edənlərə, Türkiyə ilə şərtlə danışanlara aman olmayacaq. Hesab edirəm ki, Türkiyənin bu məsələdə mövqeyi açıqdır. Prezident Ərdoğan da bu məsələdə öz fikrini bildirib və deyib ki, ya silahı buraxacaqlar, ya da o silahlarla torpağa gömüləcəklər”, – deyə o bildirib.

Nəsimi Ələsgərli