“Restoranlarda qiymətlərin bahalaşmasının əsas səbəbi tələb və təklif məsələləridir”.
Bunu Yenicag.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib.
O, Ramazan ayı boyunca restoranlar üzrə iftar qiymətlərinin yüksəkliyi barədə öz fikirlərini bildirib:
“Ramazan ayı ilə bağlı restoranlarda, eləcə də kafelərdə müştərilərin sayı azalsa da, sözügedən kommersiya obyektləri bundan çıxış yolunu yüksək iftar və imsak menyuları tərtib etməkdə görürlər. Fikirləşirəm ki, burada əsas səbəb sahibkarların ticari məqsəd güdmələridir. Tələb olan yerdə təklif də olmalıdır. Bu baxımdan da tələb çoxdursa, artıq təklif də çox olacaq. Restoranlar, eləcə də kafelərdə tələb çox olduqca, artıq qiymət yüksəkliyi qaçılmazdır. Hətta bu gün əksər restoranlarda rezervasiya olmadan gedib əyləşmək qeyri-mümkündür. Sadəcə olaraq, bizim restoranlarımızın əsasını fürsətçilik təşkil edir. Fikrimcə, restoranlar bayramlarda, xüsusən də əsaslı günlərdə müştərilərə qarşı daha diqqətcil və daha düşüncəli olmalıdırlar”.
Ekspert qeyd edir ki, insanların süfrə mədəniyyəti və süfrə ənənəsi artıq arxaikləşmişdir:
“Düşünürəm ki, insanlar iftarı restoranlarda yox, öz evlərində və ailələrinin yanında qeyd etsələr, daha məqsədəuyğundur. Bu həmçinin milli adət-ənənələrimizin, ailəvi dəyərlərimizin qorunması deməkdir. İnsanların bu bayramı yaxud iftarı öz evlərində, ailələrinin yanında qeyd etməsi sosial bağlılığı və milli-mənəvi dəyərləri qoruyur”.
Nəzrin Bünyatova