Ofelya Sənani: “Dedim, ölsəm də o uşağı doğacam, məndən sənə yadigar qalar…” – MÜSAHİBƏ (FOTO+VİDEO)
Dediyinə görə, düz 5 ildir ki, evində qonaq qəbul etmir: heç bir məclisə getmir, heç bir müsahibə də vermir. 50 illik ömür-gün yoldaşı Valid Sənanini itirdikdən sonra özünə elə qapılıb ki…
“Bəzən dərd insanları birləşdirir”, deyirlər. Axı bizim də ortaq nöqtəmiz vardı. Görüşə razılıq verəndə sevindim. Ondan – illərlə mavi ekrandan evimizin qonağı olmuş Ofelya Sənaninin bu dəfə mən qonağı oldum. Ömrünün 76-cı qışını yaşayan bu sevimli diktor Yeniçağ.az-ın oxucularına indiyə qədər heç kimə danışmadığı sirlərini açdı.
- İnan, sən idin məni yoldan çıxartdın. Yoxsa hamıya deyirəm ki, evdə deyiləm. Mənimçün belə yaxşıdır. Tək otururam, planlar cızıram, axırda da öz-özümə deyirəm ki, sən bu planları kiminçün qurursan? (bu an pişiyi divana atılır) Can…can.. gəl yanıma… Bax bunu görürsən? 17 ildir yanımdadır. Rəhmətlik Valid deyirdi ki, birdən mən öləndən sonra bu pişiyi azdırarsan ha…Nəbadə, bunu eləmə. Çünki sənə nə qız qalacaq, nə oğul, sənə bu pişik həyan olacaq. Mən də buna xüsusi qulluq edirəm. Heç özümə yemək bişirmirəm, bunun üçün məxsusi qazan qaynadıram.
- Tək darıxmırsız?
- Yox vallah. Hər gün başımı nə iləsə qatıram. Mütləq nəsə almaq bəhanəsi ilə evdən çıxıram. Bir də görürəm gəzə-gəzə gedib şəhərin mərkəzinə çatmışam. Rastıma çıxanlar mənimlə salamlaşır, qadınlar qucaqlayıb öpürlər. İnsanların sevgisini hiss etməkdən böyük xoşbəxtlik yoxdur.
- Gör neçə illərin diktorusuz…
- Bilmirəm niyə, amma ekranda göründüyüm ilk gündən tamaşaçı məni sevdi. Mən də heç vaxt xalturaya yol vermədim. Çünki televiziyanı o qədər sevirdim ki… İşimə çox məsuliyyətlə yanaşırdım. Ümumiyyətlə, heç həyatımda olmadı ki, mən bir sakit oturum, çayımı içim, rahat televizora baxım, sabaha nə bişirəcəyimi fikirləşim? Olmadı heç vaxt… Həmişə “çarmıxa çəkilmişəm”. İşlərim həmişə bir-birinə calanıb.
1959-cu ildə radioaya gəlmişəm. 16 il işlədim orda. Toxuyurdum, tikiş dərnəyinə gedirdim, evdə də ailə-uşaqlar… Bütün günü qaçhaqaçda, qovhaqovda… İşdənkənar vaxtlarımda da dublyaja qaçırdım. Mən elə həyatı sevirdim.
LEYLİ VƏ…. MEYMUN
- Mənə bir az Valid müəllimdən danışın… Onu necə ovsunladız: səsinizin sehri, yoxsa çöhrənizin gözəlliyi ilə?
- Mən televiziyaya gələndə Valid artıq öz sözünü demiş bir redaktor idi. Mənə elə gəlir ki, (fikirləşir) o, mənim səsimə vurulmuşdu. İnanın, biz ikimiz də bir-bimizin tayı idik. Çox maraqlarımız üst-üstə düşürdü. Xüsusən də iş məsələsində… Hər gün gəlib, başımın üstündə durardı, oxuyacağım mətni dəqiqliklə yoxlayardı. Get-gedə hiss edirdim ki, o, mənə digər diktorlardan fərqli olaraq daha çox diqqət göstərir. Mənim də vardı 18 yaşım… Gözəl, yaraşıqlı qız idim. Məhəlləmizdən, qohum-qonşudan anama xəbər göndərənlər çox idi. O da deyirdi, qızım hələ uşaqdı. Daha demirdi ki, bu “uşaq qız” artıq könlünü verib. Bir qonşumuz vardı, zərgər idilər. Anası gəldi bizə, əlindəki boxçanı açanda məəttəl qaldıq. Biz o qədər brilyantı, qır-qızılı heç yuxuda da görməmişdik. Elə bil Əlibabanın xəzinəsi idi. Tökdü stolun üstünə… Dedi, bunlar Ofanındı, təki bir kəlmə “hə” desin oğluma…
- “Hə” demədiyinizə heç vaxt peşman olmadınız?
- Heç vaxt. Nəyimə lazım idi o qır-qızıl? Milyonu olanların axırını görmürsən? Biz Validlə evlənəndə heç nəyimiz yox idi. Atası Möhsün Sənani bir nazik üzük almışdı, vəssalam. Allahın sırğası da yox idi ki, qulağıma taxıb, işə gedim. Amma inanın, o qədər xoşbəxt idik ki… Çünki Validlə biz bir-birimizin tayı idik. Onun o qədər gözəl ürəyi vardı ki… Bir dəfə heç yadımdan çıxmaz. Maaş aldıq, gördüm Valid evə qonorarsız gəlib. Dedim, ay Valid hanı sənin pulun? Qayıtdı ki, bir təzə oğlan gəlib bizə, kirayədə qalır, yetimdi, körpə də uşaqları var. Yazığım gəldi, qonorarımı alıb, verdim ona.
- Sizi tanıyanlar münasibətinizə nə deyirdilər?
- Üzümüzə deyirdilər ki, yaraşmırsız. Bir dəfə rejissor Lütfi Məmmədbəyov bizi uzaqdan görəndə az qala qışqıra-qışqıra dedi: bəh, bəh.. gör kimlər gəlir: Leyli ilə Meymun… Valid güldü. Qayıtdı ki, ay Lütfi, get işinlə məşğul ol, sənin ağlın yoxdur. İncimirdi də… Kimin nə dediyi vecinə də deyildi, çünki biz bir yerdə çox xoşbəxt idik.
– Möhsün Sənani ocağının gəlini olmaq hər qızın işi deyildi.
-Yaxşı insan idi rəhmətlik… Həmişə deyərdi ki, özünüz öz işinizi həll edin ki, mən olmayanda çətinlik çəkməyəsiz. Düz deyirdi: həyatda hər kəs öz cığırını açmalıdır. Özgəsinin cığırı ilə getmək heç kimə uğur gətirməyib. Onun hər kəlməsi, o amiranə səsi indi də qulaqlarımdadı. Onun gəlini olmaq böyük məsuliyyət idi. Hər hərəkətimə, hər addımıma fikir verirdim. Xüsusən də dublyaja gedəndə; orda olurdu da aktyorlar bir-biri ilə zarafatlaşırdı, gülüşürdülər. İnanın, o qədər gərgin olurdum ki… Fikirləşirdim ki, birdən nəyisə artıq edərəm, deyərlər ki, utanmır, o boyda xalq artistinin gəlinidi, hərəkətinə bax.
– Bəs “Dağlarda döyüş”də kim qalib gəldi?
– Elə mən. Çünki öz sözümün üstündə durdum. Baxmayaraq ki, artıq rejissor məni həmin filmdə təsdiqləmişdi, amma qaynatam çəkilməyimə icazə vermirdi. Mənsə israr edirdim. Çünki rəhmətlik özü də həmin filmdə çəkilirdi. O, çəkilişlər zamanı mənə görə çox narahat olurdu. Filmdən sonra SSRİ-nin müxtəlif kinostudiyalarından dəvətlər gəldi, getmədim. Görünür, aktrisa olmaq qismətim deyilmiş. Amma ona heyfslənirəm ki, kaş heç olmasa bircə dəfə ana obrazını yaradaydım.
– Səhv etmirəmsə, siz belə bir obrazı “Mücrü” adlı qısametrajlı filmdə yaratmışdınız.
– Aaaa…Nə gözəl yaddaşınız var? Düz deyirsiz. Amma o qısametrajlı idi, mən bədii filmə çəkilmək istəyirdim.
– Çox qəribədir ki, uşaq ikən o filmə baxanda, mənə elə gəlirdi ki, siz rol oynamırsız, öz həyatınızı danışırsız.
– Oy… Necə də düz bilmisiz, o qadın mənim anamın obrazı idi. Mən 1941-ci ilin mayında doğulmuşam. İyun ayında müharibə başladı. Atamı, əmilərimi cəbhəyə apardılar. Anam – yazıq arvad, cavan gəlin… körpə uşaqlarla qaldı təkbaşına. Ağır, çətin illər olub. Mənim bir yaşım olanda anamdan şirinçay istəmişəm, olmayıb. Nənəm kənddən heyva, gavalı qurusu göndəribmiş, anam qaynadıb, suyunu mənə verib ki, şirinçaydır… 1943-cü ildə atam cəbhədən əlil qayıtdı. Bir il sonra bacım doğuldu. 4 yaşım vardı onda… Bir gün anam qayıtdı ki, al bu çörək talonunu, get dükana. Mən yazıq da, dükana çatdım, talonu çıxarıb vermək istəyirdim ki, bir saqqallı kişi əlimdən qapıb qaçdı. Oturdum dükanın içində, o qədər ağladım ki… Bir aylıq çörək payımızı oğurlamışdılar. (doluxsunur) İnanın, bu gün ancaq onu dua edirəm ki, Allah xalqımızı çörəklə imtahana çəkməsin.
– Bu gün köhnə Bakını harada axtarırsız?
– İçərişəhərdə. Mən oraya gəlin getmişəm: köhnə, qədimi bir ev idi. Qışda isti olurdu, yayda sərin; bir dənə də balaca pəncərəsi vardı. Otaqları hücrəyə oxşayırdı, darısqal idi, iki çarpayı bir kamod güclə yerləşirdi. Heç hamamı da yox idi. Yazıq canım, yayda bir uzun dəmir vannamız vardı, onu qoyub uşaqları orda çimdirirdim. Balaca evdə o qədər qonaq-qara qəbul etmişəm ki… Bir şeir məclisləri qurulardı gəl görəsən… “Xolodelnikim” həmişə dolu olardı. Balaca qazanlarda yeməkləri hazır saxlayırdım ki, birdən sabah qonağım gələr. O evdə elə bərəkət vardı ki… Ondan sonra mənim şəhərdə 3-4 evim oldu. Amma sonralar başa düşdüm ki, lap saraylarda da yaşasam o İçərişəhərdəki bərəkəti heç yerdə tapmayacam. Mən orda çox xoşbəxt idim.
Əzrayıl mənə dedi ki…
- Valid müəllim, sizə nəyi irad tuturdu?
- Deyirdi, özündən muğayat ol. O, mənim üstümdə uşaq kimi əsirdi. Hətta sizə bir hadisəni danışım: qızım bətnimə düşəndə 19 yaşındaydım. Onda bildim ki, sən demə, mənim böyrəyimdə çatışmazlıq varmış. Həkim dedi uşağı tələf et, onu dünyaya gətirsən öləcəksən. Valid bütün günü israr edirdi ki, gedək götür onu, mənə sən lazımsan. Dedim, ölsəm də o uşağı doğacam, məndən yadigar qalar sənə…
Nəsə… uzun çək-çevirdən, aylarla çəkən yataq rejimindən sonra vaxt-vədə çatdı. Əzizbəyov adına Doğum evi vardı onda, yaxşı da cərrahlar çalışırdı: Şamama xanım, Tuqanova, Alekseyeva… Çox böyük məharətlə uşağı maqqaşla çəkib götürdülər və… mən öldüm.
O anda gördüm ki, oturmuşam qazılmış bir çuxurda. Baxdım ki, göylər aralandı, əlində toppuz olan qara paltarlı bir nəfər endi yerə. Toppuzu dayadı sinəmə, dedi, imamlarımızın adını de. Dedim Allaha qurban olum, mənim 18 yaşım var, al canımı, mən imam adı bilmirəm. Sonra kəlmeyi-şəhadətimi soruşdu, onu da bilmədim. Dedim, onda qoy mən də səndən bir şey soruşum: bu çuxurda ki mən oturmuşam, bura niyə belə dardır? Qayıtdı ki, bəs gor əzabı necə olmalıdır? Dedim, sən Allah, məni sorğu-sual eləmə, bir canımdı o da Allaha qurbandı. Gördüm həmin adam baxdı göylərə…Sonra qayıtdı ki, get-get, sənə uzun bir möhlət verildi. Allah səni bağışladı. Və mən… ayıldım.
Baxdım ki, palatada o boyda cərrahlar yerə oturub ağlayır. Sonra bildim ki, düz 15 dəqiqə ürəyim dayanıb. Hətta ürəyimə iynə də vurublar, xeyri olmayıb. Şamama xanım ayıldığımı görən kimi sevindiyindən nə edəcəyini bilmirdi. Dedi, ay Ofa, bu möcüzədi, sən ayıldın? Sən ölsəydin, bizim hamımızı tutacaqdılar.
- Verilən möhlətdən necə istifadə etdiniz?
- Əsl insan kimi yaşadım. İbadətə başladım. Hamıya əl tutdum. Heç kimin evini yıxmadım. Heç vaxt dünya malında gözüm olmadı. Əsas odu, mən dünənimə baxanda xəcalət çəkmirəm. O qədər varlı adamam ki… Varım bilirsiz nədir? İstər radioda, istərsə televiziyada çoxlu “zapislərim” var. Onlar məni hər an xatırladacaq. Kasıb o adamdır ki, ondan sonra iz qalmır. Amma məndən sonra o qədər iz, varidat qalacaq ki… Demək, bu dəfə Allahın hüzuruna alnıaçıq gedəcəm.
Zakirə Zakirqızı
Yeniçağ.az