Oğlanlar var, şərait yoxdur – Bu gün onların günüdür

Bir çoxları üçün idmandan yazmaq, şərh etmək asan iş kimi görünə bilər. Ancaq əmin olun ki, bu, heç də belə deyil. Bu sahədə çalışan jurnalistlərin idmançılardan daha çox əziyyət çəkdiyini desək, yanılmarıq. Hər halda idmançı apardığı mübarizənin nəticəsində qazandığı medala görə yüksək məbləğdə mükafat alaraq, həyatını müsbətə doğru dəyişə bilir. Amma o zəfəri işıqlandıran jurnalistin medalının əyarı heç “taxta” da deyil. Bu, bir qədər yaxşı səslənməyə bilər, amma təəssüflər olsun ki, reallıqdır.

Bu gün gecəsini gündüzünə qatan idman jurnalistlərinin günüdür. 2 iyul dünyada Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunsa da, bu, Azərbaycanda hiss olunmur. Görəsən, nə gündəyik? Gündəyik, yoxsa kölgədə? Bu suallarla illərini idman mətbuatına həsr edənlərə müraciət etdik.

Elnur Məmmədli, “CBC Sport”un şərhçisi: “Bayram deyəndə, mən heç vaxt bu günün bayram əhval-ruhiyyəsində keçdiyini görməmişəm. En azı bizim üçün. Uzaqbaşı sosial şəbəkələrdə adımızı “tag” edib, təbrik yazırlar, biz də bir “like” qoyub çıxırıq. Təəssüf ki, idman jurnalistikası elə vəziyyətə gəlib ki, 300-400 manata ehtiyacı olanlar adətən bu sahəni seçir. Halbuki, spesifik və çətin sahədir. Yalnız hesabları yazmaqla iş bitmir. Həm də bizim işimizin vaxtı-vədəsi yoxdur. Dünən Xorvatiya – Danimarka oyununa görə, haradasa 01:30-da gəlib evə çıxmışam. Siz mənə yazanda mürgüləyirdim, bir gözüm açıq idi. İndi yenidən iş başına gedirik. Bütün dünyanın normal insanları şənbə, bazar istirahət edirlər. İdman jurnalistlərinin belə komfortu yoxdur. Əsas işlər elə həftəsonu olur. İdman jurnalistləri arasında kifayət qədər savadlı, öz işini əla bilən həmkarlarımız var. Amma hərə çəkilib bir yana, hadisələrin gedişini kənardan izləyir. İdman jurnalistləri günü 9 maya və ya 8 marta təsadüf etsəydi, bəlkə veteranların və ya qadınların hesabına bizi də yada salan olardı (gülür)”.

Elçin Cəlilov, “Futbolpress.az” saytının baş redaktoru: “Nə gündəyik (?!) Nə də kölgədə. Qısılıb qalmışıq bir bölgədə.
Beynəlxalq idman jurnalistləri gününü Azərbaycandakı analoji sahəyə aid etmək olmur. Bu sahədə çatışmazlıqları peşəkarlar görür, hiss edir və bu, ağrılıdır. 2 il əvvəl Türkiyədə oldum, Türk Spor Yazarları Dərnəyi ilə danışıqlarım, müşahidələrim zamanı bu qənaətə gəldim ki, oradakı şərait burada olsaydı, dünyada öz naxışı olan, ciddi uğurlar qazanmış xeyli idman jurnalistimiz olardı. Bizim ölkədə ən potensiallı sahələrdən biri olmasına baxmayaraq, ən az təmin olunan, ən şəraitsiz sahə elə idman jurnalistikasıdır. Özümüzə gün “ağlamalıyıq””.

Vüsal Mahmudov, “Futbolinfo.az” saytının baş redaktoru: “Lap əla gündəyik. Sahə jurnalistikanı təmsil etsək də, çox güclü, peşəkar, bacarıqlıyıq. Bu qədər diqqətsizlik qarşısında əzilmirik. Münasibət pis ola bilər, şəraitsizlik var. Amma mövcud şərtlərlə minimumla maksimuma cəhd göstəririk. Sadəcə, bayramlıq vəziyyətdə deyilik. Zənnimcə, idman jurnalistikası hətta bir addım öndədir”.

Ceyhun Əliyev, “Sport24.az” saytının baş redaktoru: “Mənim üçün adi günlərdən biridir, heç bir fərq hiss etmirəm və gözləmirəm də. Çünki dəyərlər itir(b). Hansısa tədbir təşkil etməklə bayram ab-havası yaratmaq da mümkün deyil, sünilik qaçılmazdı. Bu səbəbdən də kimisə günahlandırmaq, kimdənsə nə(lər)sə ummaq fikrindən xeyli uzağam.

Gün yeni başlayıb, bəlkə də hansısa qurum “facebook” səhifəsi vasitəsi ilə peşə bayramı təbriki “guppuldadacaq”. Bəlkə kimlərsə zəng edib təbrik edəcək, versiyadı da… Olan günümüzə şükür. Çünki hansı gündə olmağımız kimdənsə asılı deyil, pisdisə də, yaxşıdısa da, özümüzü bu günə öz əllərimizlə salmışıq.

Bədbin deyiləm. Hər neqativdə pozitiv çalarlar axtarmağın tərəfdarıyam. Məsələn, gündə olmamağımız müsbət haldır. Çünki gün vuranda olduqca əzgin olursan, ürəkbulanması, başgicəllənməsi də bir tərəfdən. Ancaq heç olmasa ən qısa şüaya olsa belə, ehtiyacımız var. Axı, hətta Yan-Mayen sakinləri də ildə 34 gün kölgədən çıxıb günəş istisi görürlər.

Redaksiya heyətinizə də peşə bayramımızı unutmadığına görə, təşəkkürümü bildirirəm”.

Aydın Bağırov, “Qol.az” saytının baş redaktoru:

“İdman jurnalistlərinin günündə mən onların üzləşdiyi problemlər, sıxıntılar barədə danışmaq istəmirəm. Bütün çətinliklərə rəğmən, idman jurnalistlərimizin çoxunun fədakarlığını qeyd etməliyəm. Müşahidə etdiyim bir fakt var – əksəriyyət öz işinə fanatikcəsinə sevgi ilə bağlıdır. Buna görə də hər nə qədər zəifləsə də, idman mediasının gücü qalmaqdadır və əminəm ki, qalacaq da”.

Kənan Məstəliyev, “Rekord.az” saytının baş redaktoru: “İdman jurnalistikasını seçən insanları rahatlıqla fədakarlar adlandırmaq olar. Çünki dolanışığa belə zorla yetən pulla bu həcmdə işin öhdəsindən gəlmək hər adamın işi deyil. Konkret iş qrafiki olmayan, həftəsonları, bayramları stadionlarda keçən, ailəsinə normal vaxt ayıra bilməyən, xüsusilə də futbol jurnalistləri haqda ancaq xoş sözlər işlətmək olar. Bu peşədə 95 faiz insan layiq olduğu dəyəri almır. İstər maddi, istərsə də mənəvi baxımdan. Tərslikdən, gediləsi başqa yer də yoxdur. Biz bir camiə olaraq itkin və bitkin durumdayıq. Bu qədər əziyyətin bəhrəsini görməyə-görməyə hələ də buradayıq. Yəqin ki, bu da bir alın yazısıdır”.

Rəşad Ergün, “Komanda.az” saytının baş redaktoru: “Azərbaycanda idman mətbuatının durumu heç vaxt yaxşı olmayıb. “Heç vaxt” deyərkən, özüm bu sahədə olduğum dövrü nəzərdə tuturam. Bu da daha çox idman mətbuatına sahə jurnalistikası kimi baxıldığı üçündü. Maliyyə durumu ağırdır, rəqabət yox dərəcəsindədir. Şəxsən mən son dövrlərdə fərqlənən və ya fərqli olmaq üçün çaba göstərən jurnalist görməmişəm. Bu gün bizim sayta reportyor lazımdır. Biz işçi elanı veririk və əsas tələb kimi, ana dilini yaxşı bilməyi göstəririk. İngilis dilini, rus dilini yox, sadəcə, ana dilini. Xarici dilləri bilmək bir yana, jurnalist işləmək istəyənlərin, elə hazırda idman jurnalisti kimi çalışanların çoxu da ana dilini bilmir. Bu isə birbaşa təhsilimizin nə gündə olduğunu göstərir. Bir sözlə, idman mətbuatının durumu ağırdır. Və təbii ki, bunun da başında maliyyə dayanır. Yəqin ki, dünyanın heç bir yerində bizdə olduğu kimi, media qurumu ilə futbol klubları arasında adına sözdə “reklam əməkdaşlığı” dediyimiz əməkdaşlıq da yoxdur. Bu, özü də bir biabırçılıqdır. Daha dəqiqi, biabırçılıqlardan biri”.

Emin Səfərov

COP29