“Oğlum məni küçələrə saldı” – 71 yaşlı ananın həyat dramı – REPORTAJ

Hava yaman şaxtalı idi. Bir yandan da külək qalxmışdı. O, mənim diqqətimi hələ uzaqdan cəlb etdi. Ayağında ev başmaqları, əynində nazik paltar vardı. Üstdən isə adi bir pencək geyinmişdi. Əlindəki qabda kağız bükülülər vardı: tum satırdı. “Yəni bu havada kimsə tum alarmı?” deyə fikirləşdim. Yaxınlaşıb salamlaşdım. Şaxtadan donan əllərini başındakı yaylığa bürüməyə çalışır, lakin külək imkan vermirdi. “Asta ol ay ana, indi əlindəkiləri də dağıdacaqsan”,- deyə kömək etməyə çalışıram.

Sulanmış, bulanıq gözlərlə mənə baxır: təxminən 70 yaşı olar. “Sağ ol, ay qızım, sən olmasaydın əlimdəkiləri də dağıdacaqdım, qalacaqdım yaman günə”… Sonra da tez əlavə edir: “guya elə ağ gündəyəm axı”…

Bayaqdan bəri əlimdə saxladığım manatı ona uzadıram: “ Tum istəmirəm, amma bu, sənindir”. İstehza ilə üzümə baxır: “Mən də heç tum satmıram”. Biranlıq kağız bükülülərin içinə baxıram: ağappaq qoz ləpələri adamın iştahını açır.

– Neçəyədir?

– 3 manata.

– Heç olmasa aradabir özün yeyirsən?

– Yox a bala, amma elə meylim çəkir… O gün bir oğlan dedi ki, xala, bunun pulunu verirəm, amma mənim əvəzimə sən ye… Yenə qıymadım canıma… Hər halda 2 manat evdəkilər üçün puldur. Bir günümüzü yola verə bilirik.
Sonra sanki birdən ayılır, yanında durduğumu görüb, etiraz edir:

– O tərəfdə dayan a bala, bazarımı öldürmə.

– Buranı külək tutmur, taksi gözləyirəm. Bəlkə taksi gələnə qədər bir az söhbət edək?

– Nə söhbət, a bala? Söhbət vaxtıdır? Acından ölürəm, saat 7-dir. Səhər yediyim 1 parça qara çörəyin üstündəyəm. Bu soyuq da bir yandan əhədimi kəsib.

– Hardansan ay xala?

– Qubadlıdan. Bax söhbətə çəkirsən ha məni… Canım burnumdadı, sən də sorğu-sual edirsən. Heç bilirsən mən kimin qızı olmuşam? Atamı rayonumuzda tanımayan yox idi. Müharibədən sinəsi medallı qayıtmışdı. O, məni naz-nemət içində böyütdü. Sonra da ailə qurdum, Bakıya gəlin köçdüm. 50 ildən çoxdur ki, burdayam. 2 oğlum, 1 qızım var.

– Yoldaşın sağdır?

– Yox, rəhmətə getdi. Sağ olsaydı bəlkə mən bu günlərə qalmazdım, ay bala. Yaxşı-yaman bizi dolandırırdı, balalarına dayaq idi. Onun ölümündən sonra elə bil hamımız pərən-pərən düşdük. Ay qızım, sənin taksin gəlmədi? Nə mənim içimi qurdalayırsan?

– Gələr indi… Bəs sənin bu soyuqda, küləkdə küçədə dayanıb, ləbləbi satdığını qızın bilir?

– Bilir. Bilməyinin nə xeyri? Onun öz ev-eşiyi, balaları, əri… Aradabir hələ burdan keçəndə mənə baxıb, gülümsəyir də… Elə bil daş doğmuşam, qız yox…

– Bəs oğlanların nə deyir?

– Elə oğlum məni bu küçələrə salıb. Onun dərdindən burdayam. Heç kim xoş günündən bu soyuqda künc-bucaqda durub, camaatın əlinə baxmaz. Oğlumun qaraciyəri xəstədir, yorğan-döşəkdən durmur, içki onu dərdə saldı. Balam gözümün qabağında qan qusur. İki uşağı var. Yoldaşı da onun-bunun evini yığışdırır. Güclə dolanırıq. Dedim, evdə oturmaqdan bir şey çıxmaz. Nolsun ki, qocayam, mənim də onlara bir köməyim dəysin.

– Qoca niyə, maşallah, gözəl-göyçək anasan…

Biranlıq gözlərinin içi gülür. Üzündə qəribə bir təbəssüm oynayır.

– Doğru deyirsən? 71 yaşım var ey… İndiyə göyçəklik qaldı? Amma qızım, mənə cavanlıqda “Qubadlı gözəli” deyirdilər. Dərdimdən ölən oğlanlar vardı. Heyif o günlərə… Qocalıq bir şey deyil ay bala, heç kim yaşlı adamı istəmir. Qoca adam cavanlara mane olur. Deyirlər, bircə ölsəydi, canımız dincələrdi. Daha fikirləşmir ki, o da qocalacaq, balaları da onun ölümünü istəyəcək. Həyat belədir bala… zalım dünyadır. Amma vallah biz elə olmamışıq, valideynlərin qədrini bilmişik. İndikilər qudurğandılar, 50 yaşı da olsa, yenə gözü anasının pensiyasındadı.

– Pensiya alırsan, ana?

– Aldığım nədir ki? Dərmanlarıma çatmır heç… Özüm də xəstəyəm bala. Ayaq üstdə güclə dururam, amma nə edim ki, bala sevgisi candan da artıqdır.

Bu məqamda gənc bir qadın yaxınlaşır. Xalaya 1 manat verib gedir.

– Yaxşı qızdır. Aradabir gəlib mənə pul verir, əvəzində heç nə almır. Qurban olum, xalqımın qeyrətli balalarına, mənimkilər naxələf çıxdı.

– Barı burda dayanmağın əziyyətinə dəyir? Nəsə qazana bilirsən?

– Polislər imkan versə, yaxşı olar. Allah var, kobudluq eləmirlər, sakitcə deyirlər ki, “ana, get burdan, rəis xəbər tutar, işimizdən olarıq”. Elə mənim də bayaqdan gözüm gəzir ki, gələn olanda qaçım… Sən mənə yaman çox sual verdin ha… Taksin gəlmədi?

– Gəldi xala… Gedim mən…

– Get bala, get. Suyun şirin gəldi mənə. Balaların var?

– Var, xala.

– Məndən sənə nəsihət qızım: özünü qoru. Baladan adama can olmur, can alır… Mən bunu gec başa düşdüm, çox gec…

Zakirə Zakirqızı

COP29