Oğlunun ciyəraxşamında qumar təşkil edən kişi yaxalandı

Beyləqanda qumar oynayanlarının təşkilatçısı həbs edilib, oynayan digər şəxslər isə cərimələniblər.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini S.Mehdiyevin evinin qarşısında qumar məclisi təşkil etdiyi müəyyən olunub. S.Mehdiyev və orada olan doqquz nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək məhkəməyə göndərilib.

Qərara əsasən, doqquz nəfərə üç min manat inzibati cərimə, məclisin təşkilatçısına isə beş gün müddətinə inzibati həbs tənbeh tədbirləri tətbiq edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə S.Mehdiyevin övladının kiçik toy mərasimi ilə əlaqədar keçirilən ciyəraxşamı mərasimində baş verib. Həbs edilən S.Mehdiyevin övladının bu gün kiçik toy mərasimidir.